27 Oktyabr 2025 08:42
96
MƏDƏNİYYƏT

Tamaşaçıları düşündürən “Ana”

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında böyük mütəfəkkir, şair- dramaturq Hüseyn Cavidin anadan olmasının 143-cü ildönümü münasibətilə “Ana” mənzum dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.  

Tamaşaçıları düşündürən “Ana” tamaşası uzun müddət sonra teatrsevərlər tərəfindən maraqla qarşılandı. Əsərin böyük ideya-məzmun dəyəri müəllifin diqqət mərkəzinə gətirdiyi problemlərin, təəssüf ki, hələ də aktual olmasıdır.Xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək Cavidin söykəndiyi həqiqətin əsas mənası olub. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb.

Hüseyn Cavid daim həqiqət, cahanda ədalət axtaran romantik şair, dramaturq olub.Onun “Ana” mənzum dramında humanizm, ümumbəşəri dəyərlər təbliğ olunur. Bir dramaturq kimi o dəqiq bilir ki, savaş, qan-qadanın qarşısı qanla deyil, ədalətlə alınmalıdır. O,ətalət yuxusunda olanları mənəvi cəhətdən silkələyir, həm özü, həm də cəmiyyəti düşünməyə vadar edir.

Tamaşa ilk dəfə 1983-cü ildə Naxçıvan teatrının nəzdində fəaliyyət göstərən “Cavid” Poeziya Teatrında teatrsevərlərə təqdim olunub. Bu gün ikinci səhnə həyatı verilən tamaşa Teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda tam fərqli şəkildə hazırlanıb. Rejissorun fikri və ideyası sayəsində H.Cavid əsərlərinin sintezi yaranıb və tamaşanın daha maraqlı və təsirli alınmasını zəruriləşdirib. Fikrət Əmirovun "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi “Kor ərəbin mahnısı” müğənni Seyfəddin Məmmədovun ifasında səslənib:

Tükəndi taqəti-səbrim Ədalət, ah, ədalət!

Nə öncə öylə səadət Nə böylə zillət olaydı!

Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərovdur. Baş rol (Səlma ana) ifaçısı isə xalq artisti Yasəmən Ramazanovadır.

Tamaşada əsərin qələmə alındığı dövrdə cəmiyyət həyatında hökm sürən qanlı çarpışma , ədalət və humanizm prinsipləri ilə oğlunun qatili çərkəz Muradı vicdanı ilə başbaşa buraxan Səlma ana dolğun şəkildə diqqətə çatdırılır.

Məmməd Mehdiyevin Orxanı , İsmayıl Mİrzəcanovun İzzəti,Şölə Alışovanın İsməti, Əlizamin Abbasovun Səlimi,Ələsgər Quliyevin Muradı və Saynur Babayevin Qanpoladı müəllif qayəsinin ustalıqla, məharətlə təqdimatı ilə yadda qaldı. Tamaşaçılar qəhrəmanların düşdüyü vəziyyətlərə həm təsirləndi, həm də təəssüf hissi keçirdilər.

İstənilən səhnə əsərinin müvəffəqiyyət qazanmasında düzgün rol bölgüsü müstəsna əhəmiyyətə malikdir. Bu mənada, “Ana ” tamaşasında da uğurlu aktyor ansamblının formalaşdırılması öz bəhrəsini verdi. Eyni zamanda ,rejissorun aktyor heyəti ilə səmərəli çalışmasının nəticəsi idi ki, tamaşanın dinamizmi sonacan davam etdi. Yəni tamaşaçının diqqəti səhnədə baş verənlərdən yayınmadı...

Təbii ki, tamaşanın təsirli alınmasında uğurlu rəssam işi (Əməkdar rəssam Səyyad Bayramov), maraqlı musiqi tərtibatı (Hüseyn Nəbiyev) də önəmli rol oynadı. Tamaşada qara və qırmızı rəngli geyimlər qaranlıq və qan içində çırpınan dünyanın ədalətsizliyində boğulan, ruhunu şeytana satan insanların aqibətini təsvir edirdi.

Rejissorun ideyası sayəsində xeyirin şər üzərində qələbəsi təqdim olunur. Səlma ana oğlunun qatilini acı göz yaşları içərisində bağışlayır: “Yüzlərcə öylə miskin parçalansa, bir tükünə dəyməz oğlumun əsla!” deyir və bu həqiqət onu daha da müdrikləşdirir. Ana yaxşı bilirdi ki, gərək xainlər həddini bilsin, namərdlərin izi yer üzündən kəsilsin, haqsız yerə tökülən qanların intiqamı alınsın. Çarəsiz Səlma ana ancaq qatil Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə “Nə haqsızlıq etdinsə Allahdan bul! Get, çəkil get! Dinsiz, Allahsız xain! Murdar izin bu topraqdan silinsin! Oğlumu söndürdün, yandırdın bəni, get, kamə irdirməsin Allah səni!” sözlərini deyə bilir. Tamaşaçıların marağı və gur alqışı isə yaradıcı kollektivin məqsədinə çatmasından xəbər verdi.

Adilə Səfərova teatrşünas