GÜN KEÇDİ... - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
613 | 2025-10-25 12:39

Bəs sevgi?..

Axşam göy üzü elə qarışmışdı ki, hətta ulduzlar da görünmürdü. Elə qatı bir qaranlıq hakim kəsilmişdi ki, sanki yerlə göy birləşmişdi. Çünki yerdə də qatı duman var idi. Mən bu mənzərənin içərisində ürəyimin sıxıldığını bir kənara buraxıb gözümü ayağımın ucuna zilləmişdim. Sanki bütün bu anın günahkarı ayaqlarım idi. Amma...

Belə bir müdrik kəlam var. Aqillər deyib ki, ürək istəyən yerə ayaq yüyrək gedər. Deməli, bu qaranlığın hakim kəsildiyi gecə mənim nə ürəyimin, nə də ayağımın istəyi idi. Bu, sadəcə payız fəslinin bir şıltaqlığı, üzü qışa doğru atdığı bir addım idi. Və mən də payızın yarpaq tökümünün ağrılarını içimdə üyüdə-üyüdə, yaddaşımda yarpaq-yarpaq ovuda-ovuda nə edəcəyimi, nə deyəcəyimi qərarlaşdırmaq istəyirdim. Lakin alınmırdı, gücüm çatmırdı, elə bil ki, əlim-qolum bağlanmışdı, elə bil ki, dünyanın sonu idi. Bir anlıq dünyanın sonunun yaxınlaşdığına inandım. Çünki yaşadığım məhəllədə, hətta avara, sahibsiz küçə itlərinin də səsi gəlmirdi ki, həyat əlaməti hiss edəydim. Sükut və qaranlıqdan başqa bu anıma heç nə hökm edə bilmirdi. Birdən...
Telefonuma zəng gəldi. Sanki qaranlıqda qığılcım çaxdı. Danışdıq, əhvallaşdıq və soruşdum ki, səsin də qəribdi, özün də yad adam kimi danışırsan. Nə olub, nə baş verib? Sual yağışının altında lal olsan da, amma düzünü deyim ki, bu telefon zəngi bir azca ümid oldu, bir azca işıq oldu, bir azca yaşamağım üçün ipucu verdi. Və mənə anlatdı ki, hələ dünyanın sonu deyil. Bax, mən də bu anın ovqatını elə telefona pıçıldadım. 

Bir azca tənhalıq var,
bir azca da inciklik...
Bir az da uzaq durub -
axtardığımız dinclik!

Bu bir azlar məngənə
səssizcə sıxar ruhu...
Ürək keçir cənginə -
həmi də qaçır yuxu...

Bir az fikir dolaşır,
bir az da xəyal küsür...
Nə dinir, nə danışır -
hətta divar da susur...

...Bir azca səsin gələ,
özün də bir az yaxın...
Onda siz pəncərəmdən -
bir azca mənə baxın!..

Bəli, bu misraları yaza-yaza içimdə baş qaldıran bir sual var. Üz-üzə dayanıram. O sual da zamanla bağlıdır. Yəni insan ovqatı zamandan qidalanır. Hadisələrdən bəhrələnir. Bax, bu üzdən də mən bir anın pıçıltısını payızın qış qapısında dayanmasından bir sarı yarpaq kimi dərdim. Və ovcumdan sürüşüb düşən o sarı yarpaq mənə ötən, artıq tarixləşən bir günün mənzərəsi oldu. Deməli, BİR GÜN də keçdi. Elə bu sözün arxa qatında məşhur bir filmimizin adı da yaddaşımda təzələndi. Şəxsən mənim sevə-sevə izlədiyim “Gün keçdi” filmi. O filmin qəhrəmanı Oqtayın (yəni baş rolun ifaçısı Həsən Məmmədov) və bir də Əsmərin (Leyla Şıxlinskaya) yaratdıqları səhnə bir həyat gerçəkliyidir, birpərdəli, hardasa ilğımı xatırladan uzaq bir sevginin əks-sədasıdır. Həmin o günün içində o uzaq sevgi bizə yaxın gəlir, bizimlə təmas qurur və uzaqdan gəldiyi üçün, ilğım olduğu üçün, zamanında qarşılıq almadığı üçün yenə qoşulur keçən günə. Beləcə, BİR GÜN özüylə bir sevgini də aparır. Sizi deyə bilmərəm, mən gün keçdi deyə bilirəm, amma sevgi keçdi deyə bilmirəm. Axı günün keçməsi ayın, həftənin, ilin, konkret ölçülü zaman kəsiyini özüylə aparır, yeniləyir, amma gerçək sevgini zaman alıb apara bilmir. Onu ya nağıla, ya da dastana çevirir. Və beləcə yaşadır. Mən də bu yaşamın içində günün keçməsini istəmirəm. Çünki insan durduğu yerdə, oturduğu yerdə, ümumiyyətlə, olduğu yerdə özünü təsdiqləyə bilirsə, özü olduğuna çevrəni inandıra bilirsə, o yeri, o çevrəni dəyişmək heç vaxt ağlımın ucundan da keçməyib. Bunu ona görə xüsusi vurğulayıram ki, bir bəndə olaraq həmişə olub-keçənləri özümdə, iç dünyamda, yaddaş kartımda saxlamağa, yaşatmağa çalışmışam və hələ də çalışıram. 

Bu günlərdə qəribə bir hadisə yaşadım. Yanından ötüb-keçdiyim məscidin qarşısında bir anlıq dayanıb əlimi Tanrıya açıb dünyasını dəyişən dostlar, doğmalar üçün adbaad dua etdim. Duanı dinləyən ən yaxınım titrək səslə dedi ki, deməli, dostlarının əksəriyyəti artıq köçüb. Özü də o dostlar ki, onlar sənin üçün alınmaz qala idilər. Sözləri söz, şəxsiyyətləri də yerində…

Bu, gerçəkdi. Və mən gerçəyi bir daha etiraf edim ki, hətta o dostlarımın mobil nömrələri də telefonumdan silinməyib. Və hər dəfə həmin nömrələrdən dostlarımın övladlarının hansı biri zəng vuranda mən yenidən dostlarımın səsini yenidən eşitmək ümidi ilə açıram telefonu, qoşuluram xəttə. 

Ağlıma yüz fikir taxdım
Saqqala, həm bığa baxdım...
Baxdıqca əridi vaxtım -
Gün keçdi...
 
Səsləndim, çatmadı səsim
Külək deyildim ki, əsim!..
Ayaq tutanda həvəsim -
Gün keçdi...
 
Xaldı dizimdə döyənək
Sinəmdə yumruq - dəyənək...
Düşündük... bəlkə bəyənək?! -
Gün keçdi...
 
Səndən sevgini umunca
Ömrümün adın duyunca...
Gözümü açıb-yumunca -
Gün keçdi!
 
Çaxmaq gözləyən fitildim,
O qədər zaman itirdim...
Bu şeri yazıb bitirdim-
Gün keçdi!


Bir ömürdü, gecəsi də var, gündüzü də, xeyiri də var, şəri də, sevinci də var, kədəri də, olumu da var, ölümü  də. Amma bu ömürdə mənə görə ən önəmlisi olum və ölümdü. Çünki biri ilə başlayıb o biri ilə də bitirik. Və hər keçən gün də bizi başlanğıcdan bitəcəyimiz yerə yaxınlaşdırır. Düşünməyin ki, mən yenə yazının əvvəlində xatırlatdığım aqillərimizin deyimini yada salmayacam. Yox, deməsəm namərdlik olar. Axı…
Dedim ki, ürək istəyən yerə ayaq yüyrək gedər. 


 

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV