29 Oktyabr 2025 10:38
75
ƏDƏBİYYAT

“Dini insanlara sevdirən cəhənnəmin var olması inancıdır”

“Dindən, islamdan yazan kimi insanlar tökülüşür üstümə ki, yazma, yazma, dindən yazma, başqa şeylərdən yaz, islamdan yazma və s. Ortaya belə bir mənzərə çıxır: sanki, mən din düşməniyəm, onlar din aşiqləri. Əslində, nə mən din düşməniyəm, nə onlar din aşiqləri. Bu mənzərə tamamilə psixoanalitikdir, instinktivdir”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O bildirib ki, din bu adamlara arzulayıb yaşamadıqları bir dünya, bir gələcək vəd edir:

“Limitsiz həzlərlə dolu ölümsüz bir ömür sözü verir. Xoşbəxtlik hormonlarını sulandırır. Din bu adamların burası deyil, orasıdır. Dinin cazibədarlığı utopik bir məkan vəd etməsindədir. Həm də yan-yana iki zamansız məkan. Bir məkan cəhənnəmdir, bir məkan cənnət. Cənnəti sevdirən cəhənnəm qorxusudur. Utopik aləm yalnız cənnətdən ibarət olsaydı dünyada din olardı, amma din sevgisi olmazdı. Dini insanlara sevdirən cəhənnəmin var olması inancıdır. Mənə "yazma, yazma, dindən yazma, başqa şeylərdən yaz" deyən də kollektiv təhtəlşüurdur. Bu təhtəlşüur "arzulayıb yaşamadığımız dünyamızı əlimizdən alma" deyir. "Limitsiz həzlərlə dolu ölümsüz gələcəyimizə bizdə şübhə oyatma" deyir. "Xoşbəxtlik hormonlarımızı qurutma" deyir. Yəni dava din davası deyil, islam davası deyil, şəxsi utopik xoşbəxtlik davasıdır. Eyni şeyləri insanlığa, məsələn, Laboçevski həndəsəsi vəd etsəydi, eyni adamlar məni, səni Laboçevski həndəsəsindən yazmamağa çağıracaqdılar”.

Vasif ƏLİHÜSEYN