adalet.az header logo
  • Bakı 17°C
11 Oktyabr 2021 16:05
1572
ANALİZ
A- A+

İranın ikibaşlı oyunu: Bir yandan Azərbaycana hava məkanını açır, digər  tərəfdən isə...


Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb. Yadınızdadırsa, sentyabrın əvvəllərində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinin epizodlarından biri Xəzər dənizi akvatoriyasında keçirilmişdi.
 Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə eyni bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Bunu sübut edən görüntülər sosial mediada yayılıb. 

  Xəzərdə təlim?

 

Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib.
İnqilab Keşikçiləri Korpusunun media resurslarından götürülmüş videokadrlardan da aydın olur ki, katerlərin hamısı iriçaplı pulemyotla təchiz edilib. İram mənbələrinə görə, onların sayının 4 mindən çox olduğu bildirilir. O da qeyd olunur ki, sayın çox olması silah və döyüş texnikalarının zəifliyini kompensasiya etmək məqsədi daşıyır. Mənbələrdə qeyd olunur ki, Azərbaycanla münasibətlərin kəskinləşəcəyi təqdirdə, İran komandanlığı Bakı üçün xüsusi əhəmiyyətə sahib Xəzərdəki neft infrastrukturu obyektlərini "Moskit (ağcaqanad) donanması"ndan asanlıqla istifadə edərək hədəf ala biləcək.
İran əvvəllər də bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib. İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz. Lakin nəzərə almaq lazımdır ki, onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür.

İran nə etmək istəyir?

 

 Xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı tanınmış ekspert Qriqori Trofimçukun fikrincə, Regionda nə baş verirsə, Tehran bunu özünə qarşı pis addım kimi görür. Qlobal dünyadan İran özünü təcrid edilmiş hiss edir. Artıq problemlər İranın qapısını sındırır. Tehranın əsəbləri püskürmək üzrə olan vulkana bənzəyir.
Tehran baş verənləri avtomatik olaraq şər qüvvələr və xüsusilə “sionist” iddiaları ilə əlaqələndirir. İranın Moskvaya “sionistlər”lə bağlı müraciət etməsi boyük bir səhvdir. Tehran Rusiya ilə SSRİ-ni bir tutur, amma belə deyil. “Antisionist” hərəkatına başçılıq edən Sovet İttifaqından fərqli olaraq, Rusiyanın mövqeyi tam fərqlidir. Rusiyadan bununla bağlı dəstək gözləmək avamlıqdır. Moskvanın özünə dəstək edən lazımdır.
Hadisələrin sonrakı inkişafı həm Cənubi Qafqazda, həm onunla həmsərhəd regionlarda, həm də İranın daxilində vəziyyətin dəyişməsi ilə nəticələnə bilər. Vaşinqton baş verənləri diqqətlə izləyir. İranın blokadası ABŞ-ın əsas istəklərindən biridir. Hazırda İran elə bir nöqtəyə gəlib çıxıb ki, hətta bundan sonra hərbi təlimləri ümümiyyətlə dayandırılsa belə, geriyə addım ata bilməyəcək. Çünki region ölkələri artıq İranı təhlükə kimi səciyyələndirəcək. Artıq müharibə olacağı təqdirdə İrana qarşı çıxış edəcək ölkələrin müttəfiqliyi də göz önündədir. ABŞ Xəzərə çoxdan girmək istəyirdi, amma indi bu plan üçün yeni imkanlar yaranır.


 Hava məkanını Azərbaycan təyyarələrinə açan İran

Yəqin ki. İran öz hərəkətlərinə yenidən baxmaq məcburiyyətində qaldığının fərqindədir. Belə olmasaydı İranın hava məkanı Azərbaycan təyyarələri üçün açıqdır” deməzdi.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
O, İranın bəzi məsələlərlə bağlı narahatlığını Azərbaycana çatdırdığını və Bakının bunları həll edəcəyini vəd verdiyini bildirib.
Xətibzadə İranın Azərbaycanla münasibətlərdə əsas prinsipinin qardaş davranışı olduğunu söyləyib.
Qeyd edək ki, bir neçə gün öncə İran Bakıdan Naxçıvana uçan hərbi təyinatlı nəqliyyat təyyarələri üçün hava məkanını bağlamışdı. AZAL isə buna cavab olaraq mülki uçuşlarda da İran hava məkanından imtina edərək, Ermənistan hava məkanından istifadə etmişdi.
Məqaləmizi Trofimçukun fikirləri ilə bitiririk: İndi Bakının əlində bütün kartlar var - onlardan düzgün istifadə etmək və düşünülməmiş hərəkətlər etməmək vacibdir. Görürük ki, Ermənistan “Qarabağ röyası” ilə hələ də çabalamağa davam edir. İranın “partlaması” da bunun bariz nümunəsidir. Hazırda İranı ən çox qızışdıran da məhz elə İrəvandır.

 Trofimçukun  dediyi kimi Tehranın əsəbləri püskürmək üzrə olan vulkana bənzəyir. Gözləyək görək püskürəcəkmi, yaxud   səsini içinə salıb oturacaqmı?


Əntiqə Rəşid
 

Digər Xəbərlər