18 Oktyabr 2025 14:00
83
İQTİSADİYYAT

“Onda dünyasını dəyişmiş insanların da pensiya kapitalı ailələrinə verilə bilərdi...”

“Ölkədə işləyənlərdən toplanan sosial sığorta və digər ödənişlər elə həmin dövrdə pensiyaçılara verilir. Yəni hər il nə qədər vəsait yığılırsa, elə həmin il də xərclənir. Amma əsas problem budur ki, yığılan pul verilməli olan puldan azdır. Ən pisi və qorxulusu da odur ki, bu fərq getdikcə böyüyür. Məsələn, ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmamışdı və bu fərq dövlət büdcəsindən transfer olunmuşdu. Bu il isə bu çatışmayan pul daha 400 milyon manat artaraq 1,6 milyard manata çatıb”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, çünki, 2025-ci ildə fonda 6 milyard  yığılması gözlənildiyi halda fondun verməli oldiuğu pensiya məbləğləri 7,6 milyard manata yüksəlib:

“Göründüyü kimi fərq ildən-ilə böyüyür və bu, prosesin hansı istiqamətə getdiyini çox açıq göstərir. (Hələ Fondunun milyardlarla ölçülən və ildən-ilə artan debitor borclarını demirəm) Ən diqqətçəkən məqam budur ki, 2026-cı ildə dövlət büdcəsinin artım tempi cəmi 0,3 faiz proqnozlaşdırılıb. Yəni büdcə faktiki olaraq yerində qalıb, amma pensiya xərcləri ildən ilə böyüyür. Deməli, qarşıdakı artımı büdcə hesabına qarşılamaqla bağlı çətinliklər qaçılmazdır”. 

İqtisadçının sözlərinə görə, belə vəziyyətdə bu fərqi bağlamaq üçün iki yol qalır: 

“Birinci yol müvəqqəti transferlərdir. Dövlət ehtiyat mənbələrindən, xüsusilə Neft Fondundan vəsait yönləndirilməsi ilə bu fərq bağlana bilər. Amma bu davamlı həll deyil. İstifadə etmək olar, amma müəyyən həddə qədər. Bu ölkənin strateji valyuta ehtiyatıdır və ehtiyatsız xərclənməsi ciddi risklər yaradar. Heç bir ölkə bu modeli uzun müddət davam etdirə bilməz. İkinci yol inkişaf etmiş ölkələrin demək olar ki, 99 faizində tətbiq olunan yoldur. Bu gəlirlərin və şəffaflığın artırılması yoludur. Bu çətin yoldur, amma “ölümsüz” yoldur”. 

E.Əmirov deyib ki, yəni, əgər iqtisadiyyat inkişaf edib əməkhaqları yüksələrsə, sosial sığorta ödənişləri də artacaq:

“Məsələn, bu gün 1000 manat maaş alan şəxsin bu gəlirinə görə fonda təxminən 250 manat toplanır. Əgər həmin şəxs 3000 manat maaş alsaydı, toplanan məbləğ 750 manat olardı. Bu isə Pensiya Fondunun gəlirlərini 3 dəfə artırararaq, 6 milyard deyil, təxminən 17-18 milyarda çatdırardı. O zaman nə pensiya yaşının artırılması bu qədər müzakirə mövzusu olardı, nə də pensiyaların artırılması bu qədər çətin. Hətta dünyasını dəyişmiş insanların da pensiya kapitalı ailələrinə rahat şəkildə verilə bilərdi. Yəni, bu məsələ sadəcə sosial məsələ deyil. Bu, soyuq riyaziyyat və uzunmüddətli iqtisadi baxış tələb edən ciddi bir məsələdir. Əgər bu gün iqtisadi bazanı genişləndirməsək, sabah bu fərqi bağlamaq daha da çətinləşəcək. Dövlət büdcəsi bu yükü sonsuzadək daşıya bilməz. Amma üçüncü bir yol da var. Bu yol nə iqtisadiyyatı böyüdür, nə də gəlirləri artırır. Sadəcə pensiya yaşı artırılaraq, fiskal yükün azaldılması təmin edilir və perspektiv risklər idarəolunan səviyyəyə endirilir”.

Vasif ƏLİHÜSEYN