SON DƏQİQƏ:

Seçkilər Ermənistanı xilas edəcəkmi?

  113109   |  
Şriftin ölçüsü  

Ermənistanda seçki marafonu finiş xəttinə yaxınlaşır. Bu gün seçki təşviqatı sona çatır. Noyabrın 19-da təbliğat və təşviqat kampaniyası dayandıpılacaq və əgər hər hansı fors-major hadisə baş verməsə ötən il sentyabrın 27-dən bəri cəmiyyət özünün ən sakit, təlatümsüz bir gününü yaşayacaq. Yalnız bir gün və seçki gününü də bura ələvə eləsək uzağı iki gün. Elə seçkinin səhərisi ölkənin yenidən son aylardakı stixiyasına qayıdacağı şübhə doğurmur. Çünki bu seçkinin Ermənistanı artıq erməni ekspert və siyasətçilərinin özlərinin də dəfələrlə xəbərdarlıq etdikləri, həyacan təbili çaldıqları vətəndaş müharibəsi təhlükəsindən xilas edəcəyi apriori mümkün görünmür. 

İyirmidən çox  siyasi partiyanın və dörd blokun qatıldığı seçkilərdə heç bir siyasi qüvvə səslərin mütləq çoxluğunu, yəni 50+1-ni almaq imkanında deyil. Real favoritlər Paşinyanın “Mənim addımım” və Köçəryanın “Ermənistan” blokları sayılsa da, hər biri 30-35 faiz səsə ümid bəsləyə bilər (hökumət resurslarını işə sala bilsə, “Mənim addımım” blokunun 40 faiz civarında səs toplaması mümkündü). Busa canavar kimi ağız-ağıza yatan və bir-birlərinin qanına yerikləyən siyasi qüvvələrin dayanıqlı koalisiya yaratmaq ehtimalını sıfıra endirir. Odur ki, ölkənin seçkidən sonrakı durumunu təsəvvür eləmək o qədər də çətin deyil. Daim dağılıb yenidən qurulan hökumət koalisiyaları, bitmək bilməyən küçə qarşıdurmaları, 8 aydır davam eləyən siyasi böhranın daha da dətinləşməsi və s.

Prosesin sonu görünməyən dar dalana dirənməsinin başlıca günahkarısa indi ceçkiyə təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Venestyanla bir blokda qatılan, ancaq qələbə çalacağına özü də inanmadığı və sıravi deputat kimi parlamentdə oturmağı “şəninə” sığışdırmadığı üçün adını seçki siyahısına salmayan keçmiş prezident Serj Sərkisyandı. Vaxtilə hakimiyyətinin ömrünü uzatmaq üçün ölkəni parlament idarəçiliyinə sürükləyən bu zat başa düşməliydi ki, belə idarəçilik üsulu patriarxal şüurun hökm sürdüyü ölkələr üçün keçərli deyil.

Bunun ən bariz nümunəsi “demokrat” Paşinyanın hazırkı davranışlarıdı. Cəmi 3il əvvəl küçələrə manqal düzüb mitinqçilərə kabab paylamaqla hakimiyyətə gələn “sorosçu-demokrat” bu gün seçki kampaniyasını başının üstündə oynatdığı toppuzla opponentlərinə hədə-qorxu gələ-gələ aparır. Hamısı “Dəmir yumruğ”un hikmətindəndi. Ancaq unutmaq lazım deyil ki, bu yumruq yalnız düşmənin başına dəyəndə  hikmətli olur. Ermənistanın bugünkü siyasi səhnəsində at oynadanların da bir-birinə siyasi opponentdən çox yağı düşmən olduğunu nəzərə alsaq, Paşinyanın seçki taktikasının düzgünlüyünə şübhə yeri qalmır. Ancaq bir şərtlə ki,  toppuzu simvoldan real “silah”a çevirməyə güc olsun. Belə bir gücsə nə Paşinyanda, nə də onun rəqiblərində var. Odur ki, seçkiöncəsi xaosun seçkisorası da davam edəcəyi və hətta daha da dərinləşəcəyi şübhə doğurmur.

Seçkidə iştirak edən siyasi qüvvələr arasında ən konstruktiv mövqe tutan ölkənin birinci prezidenti Levon Ter-Petrosyandı. Xatırladaq ki, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağın və ətraf rayonların işğalı məhz onun hakimiyyəti dövründə baş vermişdi. İndi Köçəryan, Sərkisyan, Qukasyan, Saakyan, Balasanyan və nə bilim neçə-neçə “filanyanlar” kimi onlarla psevdoqəhrəmanların özləri haqqında quraşdırdığı əfsanələrə rəğmən rus ordusunun sayəsində qazanılmış həmin qələbənin müəllifi məhz Petrosyandı.

Bu gün onun hətta seçki barajını aşacağı, parlamentin sıravi deputatı belə olacağı şübhə altındadı. Ancaq birinci prezidentin son günlər Ermənistan cəmiyyətinin ovqatın tamamilə zidd açıqlamalarla çıxış eləməsi, reallıqlara söykənərək həqiqətləri bütün çılpaqlığıyla söyləməsi heç də bu amillə, yəni onsuz da, itirəcəyi bir şeyin olmamasıyla bağlı deyil. O, qalib olduğu dönəmlərdə də, qələbə eyforiyasından bütün ermənilərin başı gicəlləndiyi vaxtlarda da hadisələrə praqmatik yanaşan yeganə erməni siyasətçisi olub. Kəlbəcərin işğalından sonra BMT qətnaməsini icra eləməyə və qoşunların tezliklə ordan çıxarcağına da razılıq vermişdi. Fəqət, 4 iyun qiyamı bunun gerçəkləşməsinə imkan vermədi.

Təəsüüf ki, onun səsi ömrü boyu miflər və əfsanələlə bəslənmiş erməni cəmiyyətində heç kimin qulağına çatmır. Bu toplumu 44 günlük müharibədə aldığı ağır zərbə də ayıltmadı. Əks təqdirdə indi Paşinyanın ən əsas rəqibi müharibə partiyasının ən odioz nümayəndələrindən biri olan Köçəryan yox, Petrosyan olmalıydı. Yanlış anlaşılmasın deyə onu da vurğulaq ki, heç Petrosyanın özü də sülh göyərçini-zad deyil, sadəcə, iştahı bir az tox olduğu üçün Dağlıq Qarabağın sərhədlərini aşmırdı. İndi bu imkanın da birdəfəlik itirildiyini başa düşdüyünə görə hikkəsini boğa bilmir, içindəkiləri açıb tökməklə yanğısına su səpməyə çalışır.

Ancaq revanş imkanının birdəfəlik itirildiyini, tarixin arxivinə gömüldüyünü nə Köçəryan, nə seçkidə iştirak edən 20-dən çox partiyanın və dörd blokun başbilənləri, nə diaspor qırğıları, nə Eçmiadzin, nə də erməni ziyalıları anlamaq istəmirlər.

Bu gün Ermənistanda 44 günlük müharibənin nəticələrindən məmnun qalan yeganə siyasətçi bəlkə də Köçəryandı. Ağır məğlubiyyət onu həbsxana kamerasından birbaşa meydan tribunalarına gətirdi, ordansa ən azı parlamentə yollanacağı şübhə doğurmur. Yoxsa Paşinyan onu hakimiyyətinin sonuna kimi zindanda saxlayacaqdı. Bu cür sarsıdıcı məğlubiyyətə baxmayaraq reytinq birinciliyini qoruyub saxlayan hazırkı hökumət başçısının dünyanın dinc vaxtında növbəti müddətə də seçiləcəyini nəzərə alanda zindan həyatının onilliyin sonlarına kimi uzanacağıyla bəlkə Köçəryanın özü də barışmışdı. İndisə həyasızcasına Hadrutun, hətta Şuşanın azad edilməsi imkanlarından danışır. Bunu müharibə yoluyla yox, danışıqlar vasitəsilə ediləcəyinə eyham vursa da,  qozbeli qəbir düzəldər.

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, orda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, bayram şənliklərində iştirakı, nəhayət, nəinki iki ölkə arasındakı münasibətlərdə, hətta dünya siyasətində yeni era açan möhtəşəm Şuşa bəyannaməsinin imzalanması zamanı hər iki dövlət başçısı tərəfindən Ermənistana sülh mesajları verildi, gələcək əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi üçün birgə əməkdaşlıq təklif olundu. Yaxın qonşularından başqa məqribdən-məşriqə hamıya ümid bəsləyən və imdad diləyən Ermənistanın bu təklifləri dəyərləndirməkdən və qarşılıqlı addım atmaqdan başqa yolu yoxdu. İllüziyalar dövrü arxada qaldı. Odur ki, bu gün hakimiyyətə istər sülh, istərsə də müharibə partiyasının nümayəndəsinin gəlməsindən asılı olmayaraq heç bir erməni siyasətçisinin sülh və barış younu tutmaqdan başqa alternativi yoxdu.

Hərçənd, yeni bir müharibə variantı Azərbaycan üçün göydəndüşmə olardı.

M. Cavadoğlu  

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK