adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyun 2021 13:27
22996
MƏMLƏKƏT
A- A+

Azərbaycan tarixinin zəfər salnaməsi: “Qurtuluş”dan “Qələbə”yə gedən yol

Sovet İttifaqı dağıldıqdan sonra bu birliyə daxil olan ölkələrin hər biri öz ayaqları üzərində dayanmağa çalışırdı. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdi. Dövrün ən çətin zamanlarında bu, millət, vətəndaş olaraq, vahidlik və müstəqillik yolundan atılmış böyük addımlardan biri idi.

Amma müstəqil olmağımıza mane olan hadisələr də cərəyan edirdi. Mənfur düşmən Ermənistanın gizli xisləti və işğalçılıq niyyəti güdən təcavüz planları yenicə müstəqil olan ölkədə vəziyyəti gərginləşdirmişdi. Ölkə daxilində olan xaotik vəziyyət, hakimiyyətə qarşı olan itaətsizlik müstəqilliyi uçuruma doğru yuvarlayırdı. 1993-cü ilin iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi birləşmələr hakimiyyətin tələblərinə uyğun hərəkət etmir, verilən tapşırıq və əmrləri icra etməkdən boyun qaçırırdılar. Bununla yanaşı, həmin hərbi birləşmələr Baş nazirin və Prezidentin istefasını tələb etməyə başladılar. Qiyamçı hərbi birləşmələr tələblərini artıraraq tək Gəncə şəhərində deyil, istəkləri ilə bağlı məsələlərdə Bakının da adını hallandırırdılar. Demək olar ki, hakimiyyət onlarla mübarizə apara bilmirdi. Vəziyyət nəzarətdən çıxmışdı. Bu cür çətin və çıxılmaz bir vəziyyətdə qalan ölkəni ancaq müdrik hakimiyyət rəhbəri çıxara bilərdi. Bütün ümidləri üzülən xalqın bu cür taleyüklü bir sınağında xalqın səsinə səs verən müdrik insan, böyük siyasətçi Ulu Öndər Heydər Əliyev oldu. Həmin vaxt ulu öndər paytaxt Bakıya gələrək, ölkədə yaranan vəziyyətlə bağlı anti-böhran fəaliyyəti istiqamətində işlər görməyə başladı. Böyük siyasətçi, müdrik lider məhz həmin zamanlarda heç nədən çəkinmədən bütün baş verə biləcək hadisələri göz önünə alaraq, bir qrup ziyalı ilə Gəncə şəhərinə yola düşüb. Qiyamçıların olduğu yerə gedərək onlarla danışıq aparmaq və ölkəni vətəndaş müharibəsindən xilas etmək əsl liderlik xarakteri idi. Heydər Əliyev bununla da xalqın arxasında olduğunu bir daha sübut etdi. Həmin zaman xalqın çoxsaylı istəyi, eləcə də Milli Məclis üzvlərinin xahişi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bundan sonra Azərbaycan sanki ikinci dəfə müstəqil bir ölkə oldu. 15 iyun tarixi Azərbaycan Respublikasında yeni bir mərhələnin başlanğıcı hesab edilir. Güclü mübarizə, əzm, iradə və dözümlülük naminə əldə edilmiş bu gün Azərbaycan tarixinin qurtuluş salnaməsi sayılır. Milli Məclisdə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Məclis bu təklifi bəyəndi. O vaxtdan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Bu tarixi hadisədən sonra – 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü oldu. Azərbaycan Respublikasının əlamətdar günlərindən biri olan Qurtuluş Günü 1997-ci ilin 15 iyunundan rəsmi olaraq bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.

Müdrik və uzaqgörən siyasətçi olan ümumilli lider Heydər Əliyev Ali Sovetin Sədri seçildikdən sonra demək olar ki, parlament idarəçiliyinə yeni nəfəs gəldi. Milli Məclisdəki diskussiyalar əvvəlki kimi deyil daha sivil formada keçirilməyə başladı. Məclisin iclasları və digər tədbirlər televiziya ekranlarından birbaşa yayımlanmağa başladı. Bir sözlə, demokratik dəyərlər və idarəçilik sistemi yüksək səviyyəyə qaldırıldı. Hər il ölkədə rəsmi bayram kimi qeyd olunan – 15 İyun Qurtuluş Günü vətəndaş olaraq hamı üçün xüsusi bir əhəmiyyətə malikdir.

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin vəfatından sonra İlham Əliyev Prezident seçildi. 2003-cü ildən başlanan bu yol 17 ildən sonra aparılan siyasi kursun nəticəsi olaraq, qələbə ilə yekunlaşdı. Bu illər ərzində Azərbaycan tək Qafqazda deyil, eləcə də dünya ölkələri arasında güclü dövlətə çevrildi. Bununla yanaşı, artıq Azərbaycan da bir neçə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdi. İqtisadiyyatın möhkəmlənməsinə, dayanıqlı olmasına önəm verildi. İdxal edən ölkədən, ixrac edən ölkəyə çevrildi. Respublikada baş verən dəyişiklik Bakı şəhərinin xarici görünüşünə də təsir etdi. Bütün bunlarla yanaşı müdafiə sahəsinə də çox diqqət yetirilirdi. Hər il bu sahəyə ayrılan vəsait daha da artırıldı. Ancaq bütün bu sürətli inkişafa baxmayaraq, ölkənin ürəyində açıq bir yara var idi. Bu Ermənistanın uzun illərdi işğal altında saxladığı – Qarabağ torpaqları idi.

Dövlət başçısı hər dəfə çıxışında bildirirdi ki, “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”. Məhz belə də oldu. Prezident İlham Əliyevin bu illər ərzində əzmkarlığı, qətiyyəti və dönməzliyi, həmçinin müdafiə sahəsinə xüsusi diqqət ayırması 2020-ci ildə həyata keçirilən “Dəmir yumruq” əməliyyatında peşəkar şəkildə özünü nümayiş etdirdi. Haqq öz yerini tapdı. Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ötən illərlə müqayisədə bu il Qurtuluş Günü daha fərqli və qələbə ruhlu keçirilir. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət və “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın erməni faşizmi tərəfindən işğal altında saxlanılan Qarabağ torpaqları azad edildi. Qurtuluşdan başlanan 30 illik yol zəfər salnaməsi ilə davam etdi.

1991-ci ilin oktyabrında müstəqillik əldə edən Azərbaycan, 1993-cü ilin 15 iyununda ikinci dəfə müstəqillik zirvəsinə ucaldı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına Qurtuluş gününü nəsib etdi, onun yolunu, apardığı uğurlu siyasəti müdrikliklə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Orxan Aslan