Cismlər sözlərdə donanda…- Əntiqə Kərimzadə yazır

Yaxşı ki, yollar var… Yol sevgisi- orda hünərlə addımlamaq eşqi və bu yollarda yıxılmaq var. Ayağa qalxmağı deyə bilmərəm…Çünki o, hünər tələb edir. Bir yolun ortasında yıxılmaq, həmin yolun başlanğıcındakı hansısa səhv addıma işarədir. Bunu anlamaq üçün Xudu Məmmədov qədər böyük düşüncəli olmaq və böyük mütəfəkkirin “məktəb”ini keçmək vacibdir. Tanrı insanı sevgidən yaratsa da, hər kəsə də Xudu Məmmədovun qəlbindəki qədər vətən sevgisi, millət sevgisi bəxş etməmişdi. Vətənə sevgi bu şəxsiyyətdə deyərdim ki, ilahi qüvvə idi. Bilirəm, vəsf şairlərin işidir. Amma mən sözə elə başlamalıydım ki, bu böyük şəxsiyyətin qəlbindəki vətən sevgisinin möhtəşəmliyini izah edə bilməsəm də, heç olmasa ağrısını cıza bilim. Kim deyir ki, Qarabağda Xarı bülbül təkcə gül adıdır? Xudu müəllim də Qarabağın Xarı bülbülü idi. Elə Xarı bülbül kimi də kökü o torpağa bağlı idi. Xalqını sevən bir insanın millətin ona ehtiyacı olan bir vaxtda “gedişi” nə dərəcədə ədalətli idi, Ya Rəbb?!
Deyəsən yaman üsyankar oldum. Lap Xudu müəllim kimi… Bütün çətin məqamlarda, anlaşılmaz anlarda onu axtarırıq. Bəs görəsən ,o, kimi səsləyərdi belə bir gündə…?
Bütün ömrünü elmə sərf edib monoqrafiya yazan alim, hardan biləydi ki, təmənnasız və ilahi sevgi ilə sevdiyi xalqına zamanla tarixlərdən silinməz “monoqrafiya” yazacaqlar… Xudu Məmmədov tarixin və Tanrının millətə bəxş etdiyi nemət idi. Cisimlərdəki boşluq onu o qədər narahat etməzdi ki, millətin “boşluğu” onu çox sızladırdı:
Çiy yumurta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.
Xudu müəllim böyük alim idi. O, bu bayatını niyə yazdığını və bu bayatının bizə necə “lazım olduğunu” çox yaxşı dərk edirdi. Bu bayatının hər misrasında nisgil var. Ən pis nisgil isə “ yaza bilirəm, amma insanları dəyişə bilmirəm” nisgili idi. Özü deyirdi ki, dünya bildikdə bizim olur. Dünya bildiyimizdən artıq bizim ola bilməz. O, özünün təbi ilə desək, nə çiy yumurtanı soya bildi, nə göydə ulduzu saya bildi, nə də …
Həqiqətləri yazmaq daha qorxunc idi. Dahilərin “qorxmağı” o qədər qorxunc hissdir ki, heç kəs onu təsəvvür belə etmək istməzdi.
Onu tanımaq üçün arif olmaq lazım idi. Arif olmaq üçün gərək ki, biraz elm və sözün nazın çəkəydin.
Xudu Məmmədov yollara bənzəyir. Danışdıqca tükənmir, getdikcə bitmir… Biraz da dəryaları xatırladır;- “üzdükcə daha dərinə gedərsən”.
Anlayarsanmı? Bilməzdən, görməzdən gələrsənmi?-Onu özü anlayar, əlbət.
Xalqın ağır günlərinin şahidi olan görkəmli alim susa bilmirdi:
Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur
Əlacsızlığı demək üçün tribunalardan bağırmaq gərək idi? Bu xalq əyilsə də ,sınmamışdı. Amma “qara millətin” rəngini “ ağaran” görən bu vətənpərvər insan yalnız çıxış yolu axtarırdı. Elə bir çıxış yolu ki, sonu qurtuluş olsun, aydınlıq olsun... Bu millətin qurtuluşundan əvvəl Xudu Məmmədov 1988-ci ildə həm ömründən, həm də payızdan “qurtuluş etdi”. Bəli, 15 oktyabr tarixdə “rəngsiz bir gün idi”. Bu rəngsizlik bütövlükdə tarixə, elmə kədər gətirdi. Ürəyində gəzdirdiyi vətən sevgisini özü birlikdə torpağa da hopdurdu. Ağdam təkcə 23.07.1993-cü ildə işğal edilməmişdi. Əslində tale Ağdamın köksünü 1988-ci il oktyabr ayının 15-də “işğal etmişdi”.
Vətən bağı al-əlvandı,
Yox içində Xarı bülbül.
Bu iki misra Ağdamın Xudusuz halının poetik formasıdır.
Özü həmişə deyərdi ki, kimsəyə yük olarsam, ölüm köməyim olsun. Heç kəsə yük olmadığı halda, əksinə millətinə, xalqına kömək olduğu vaxtda, ölüm ona “kömək oldu”!
1988-ci ildə Qarbağda başlanan çəkişmələrə şahid olan görkəmli alim, çox təəssüf ki, cənnət Qarabağın azad günlərini görmədi.
İndi Qarabağ azaddır. O cənnət vətənin çiçəklənən dövrünü yaşayır. Ruhun şad olsun, böyük alim, görkəmli mütəfəkkir Xudu Məmmədov !