SON DƏQİQƏ:

Xəzinə axtarışında...

  111238   |  
Şriftin ölçüsü  

Xəzinə axtarışına çıxmış dəstənin son ümid yeri uzaq Filippin adalarının İloilo əyaləti idi. Görəsən, aqibətləri necə olacaqdır? Onlar da mı digər yaponlar kimi qayaların altında qalıb məhv olacaqlar? Yoxsa havasızlıqdan mağaralarda, bataqlıqlarda ömürlərini başa vuracaqlar? Dəstə üzvlərindən biri qəfildən qışqırmağa başladı:

– Ox işarəsi! Tapdım!

İşarənin istiqaməti ilə hərəkət edən adamlar dağ çayının həndəvərinə gəlib çatır. Yenidən ümidlənir, – Yamasita lap yaxındadır, az qalıb, – deyə ətrafı ələk-vələk edir, xəzinəyə qovuşacaqları anı gözləyirlər. Elə bu vaxt qarşılarına daha bir sirli aləm – Yamasitanın gizləndiyi yeraltı yol – tunel çıxır...

Sonradan yeni texnologiyalar vasitəsi ilə aparılan axtarışlar həmin dəstədən yadigar qalan insan sümüklərindən başqa heç nə tapa bilmir. Dünyanın ən böyük xəzinəsi hesab olunan, aşkar edilərsə Yaponiya ilə Filippin arasında qarşıdurmaya belə gətirib çıxara biləcək Yamasita qeybə çəkilmişdi...

Hazırkı yazı ilə sözün birbaşa mənasında Yamasita axtarışına çıxmamışıq. Lakin bəhs edəcəyim şəxs ölkəmizin ədəbi-mədəni sərvətlərinin təbliği, azərbaycanlılarımızın hüquq və mənafelərinin xarici ölkələrdə müdafiəsi üzrə Yamasita qədər əhəmiyyət kəsb edir. Son zamanlar Gürcüstanda baş vermiş iğtişaşlar fonunda isə öz dəyərini birə on artıran həmin xəzinə – Xaqani Qayıblıdır. Gürcüstanın Qaraçöp mahalının Ləmbəli kəndində anadan olan bu saf ürəkli şair, tərcüməçi, publisist, ictimai xadim, professor, bir neçə Estoniya prezidentinin şəxsi tərcüməçisi və yaxın dostu, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim Xaqani Qayıblının titullarını saymaqla qurtarmaq mümkün deyil. 1987-ci ildən bəri Azərbaycan, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edən Xəqani müəllimin adı Türkiyə oxucularına da yad deyil.

Xaqani Qayıblının şeirlərini təxəyyüldə canlandırdıqca, sanki hazırlaşıb ucu-bucağı görünməyən səyahətə çıxırsan. Onun şeirlərini əzbərləyib gözüyumulu xatırlamaq – atlanıb dağı-daşı qalxmaq, uzaq ellərə, obalara səfərə getməyə bənzəyir. Allahın işi belə imiş ki, şair hələ ata yurdunda ikən öz gələcəyini şeirlərində əks etdirir, sanki taleyini öncədən görür. Böyük mütəfəkkir Siseron deyib: “Gələcəyi falçılıq və ya zər atmaqla deyil, müdrikliklə görmək mümkündür”. Xəqani müəllimin müdrikliyi öz gələcəyini şeirləri ilə ifadə etməsində görünür. Ancaq bu süjet, bu yanaşma onun yaradıcılığını heç vaxt tərk etmir. Şair daim intizardadır, daim sevgisinə, yurduna, sirli-sehrli ənginliklərə can atır. Ümumiyyətlə, insanların yazdıqlarını oxuduqca onun daxili aləminə bələd olursan, söz və cümlələr elə bil dil açıb sahibinin xarakterini, istəklərini, daxili dünyasını kəşf edib ortaya qoyur. Biz Xaqani müəllimin şeirləri ilə onun incə qəlbini, intizar çəkən gözlərini, içində əsən bir xəzan yelini duyuruq.

Qoru bu zirvəni, zirvəliyini,

Baxma ki, həsrətin fəryad səsiyəm.

Əllərim vüsala yetişən günü,

Mən səni ömürlük itirəsiyəm!

Xaqani müəllimin şeiri onun özünə söyləyir ki, şair, sən istədiyinə nail olsan belə, həmin qovuşma anı istəyinin dəfni kimi yaddaşda qalacaq və yenə də ruhun rahatlıq tapmayacaqdır. Bununla belə, ürəyə təsəlli verir, yenə də dözüm istəyir.

Dilim sözə yatmır, əlim qələmə

Gözüm ulduzların qarovulçusu.

Ürəyə nə qədər təsəlli verim,

Nə qədər deyim ki, dözümün olsun?!

Bir il öncə xalq yazıçısı, hörmətli Afaq xanım Məsudun rəhbərlik etdiyi Azərbaycan Dövlət Tərcümə Mərkəzində işə düzələrkən, vaxtilə kənardan həsədlə baxdığım böyük yaradıcı insanların əhatəsinə düşəcəyimi, onların yanında ədəbi məktəb keçəcəyimi təsəvvür etmirdim. Xaqani müəllimi yaxından tanıyan Etimad Başkeçid, Rüstəm Kamal, Yaşar Əliyev, Saday Budaqlı, Salam Sarvan, Vilayət Hacıyev kimi dəyərli ziyalılarımız şairimizi təkcə yaradıcı insan kimi deyil, həm də bir dost kimi xoş təəssüratla xatırlayırlar. Etimad müəllim deyir: “Xaqani Qayıblının poeziyasında dastan genişliyi var, duyğular tükənib-bitmək bilmir, vardıqca varırsan, onunla keçirdiyimiz günlər isə xatirəmdə ən maraqlı və yaddaqalan anlardandır”. Rüstəm Kamal isə onun ruhunu belə açır: “Mən həmişə şairləri ömrün mənasına münasibətə görə təsnif etmişəm: yəni ömrün "bu üzü"nü və "o biri üzü"nü görə bilənlər. Xaqani "ömrün o biri üzünü" görənlərdəndir. Bəlkə də ona görə də bu dünyanın parıltısına, var-dövlətinə heç vaxt aldanmadı. Uca könüllü bu şairin bütün sualları və nidaları ömrün "o biri tərəfinə" ünvanlanır. Kövrək xatirələri də, ruhlara müraciətləri də nədənsə "ora" ilə bağlı olur”.

İtən nəyimiz yox, ömürmü, günmü –

Kaş sən olmayasan bircə itənim,

Səndən o tərəfə dünya görünmür,

Dünya gözlərinə sığınıb sənin.

Bir dünyanı sevgisinin iki gözünə sığdıran şair üçün dünya elə onun gözlərindən ibarətdir. Bu sevgi isə bilinmir nədir, torpaqmıdır, vətənin havasımıdır, uşaqlıq illərimidir, yaxud mərhum valideynlərinin həsrətimidir. Valideynin məzarını görmək istəyi ona qovuşanda insanı daha çox yandırır, qaysaq bağlamış yaraların üstü açılır. Bəlkə onun vüsala yetişdiyi günü daha qəmli edən məhz budur? Həmçinin, şeirdəki sevgi həm maddi, həm də mənəvi obrazlarla əhatələnib və onun kimi düşünən bütün insanların həsrətini ifadə edir. Beləliklə, Xaqani Qayıblının yaradıcılığı həm ifadə formasına, həm də poetik yükünə və bədii çəkisinə görə mükəmməl ədəbiyyat nümunəsi hesab olunur.

Xaqani müəllim təkcə şair, yaradıcı insan deyil. O, həm də tərcüməçi və ictimai siyasi xadimdir. Mövlananın belə deyimi var: “Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini anlayar”. Xaqani Qayıblı isə Estoniya ədəbiyyatında yazıçı kimi nüfuza malik Lennart Meri ilə eyni dili danışmaqdan əlavə, həm də eyni duyğuları paylaşmışdır. Elə buna görə də, əvvəlcə aralarında dostluq yaranmış, prezident seçildikdən sonra isə onun ən yaxın çevrəsində yer almışdır. Xaqani müəllim öz biliyi, bacarığı və zəhməti ilə Estoniyanın sonrakı prezidentlərinin də rəğbətini qazanmış, Arnold Rüütel və Toomas Hendrik İlves ilə də birgə çalışmışdır.

Bir neçə həftə bundan öncə Xaqani müəllimə Estoniyanın ədəbi-mədəni qurumları ilə əlaqələrin daha da genişlənməsinə və birgə əməkdaşlığa dair müraciətimə istisnasız dəstək göstərməsi və bu məsələnin həllində bütün imkanlarını ortaya qoymaq həvəsi onu göstərir ki, bu böyük şəxsiyyətin Azərbaycan üçün verəcək töhfələri hələ çoxdur. Qarşıdakı günlərdə müştərək şəkildə ciddi işlər görmək əzmindəyik və həm ona, həm də Azərbaycan Dövlət Tərcümə Mərkəzinə bu yolda uğurlar arzulayıram.

İşğal altında olan torpaqlarımızın azad olunması və hal-hazırda bütün sahələrdə gedən ciddi islahatlar onu tələb edir ki, dünyanın aparıcı universitetlərində çalışan, qanı ilə, canı ilə bu torpağa, bu xalqa bağlı elm adamları ölkəmizə dəvət olunsun və onların xidmətlərindən istifadə edilsin. Bu mənada, Xaqani müəllimin həm mədəniyyət, ədəbiyyat və təhsil istiqamətində uğurları, həm də siyasət meydanında fəaliyyəti ölkəmiz üçün faydalı ola bilər. Yamasitadan fərqli olaraq, daha çox ölkənin – Estoniya, Gürcüstan və Azərbaycanın sərvəti olan Xaqani Qayıblının həmin xəzinədən digər, lakin daha mühüm fərqi odur ki, varlığı ölkələr arasında qarşıdurmanın alovlanmasına deyil, əksinə sülhün, əmin-amanlığın, dostluq və qardaşlığın təntənəsinə gətirib çıxarar və şəxsi nüfuzu sayəsində ara-sıra baş verən münaqişələrin həlli yolunda sülh göyərçini kimi çıxış edə bilər. Xəzinəmizin dəqiq ünvanı da məlumdur: Estoniya Respublikası, Tartu Universiteti!

 

İlqar Qarayev

27.05.2021-ci il

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK