adalet.az header logo
  • Bakı 20°C

Aqil ABBAS:JURNALİST DOSTLAR, BİR AZ TARİX KİTABLARI OXUYUN

AQİL ABBAS
61212 | 2021-04-20 19:00

Deməli, baxıram dünən hörmət etdiyim kanalların birində xanım jurnalist Ağdam şəhərindən reportaj verir.  Çox gözəl. Təbii ki, milyonlarla adam, içlərində bizi sevməyənlərlə bərabər bu reportaja baxır.

Və  çox qəribədir ki, təkcə həmin xanım  jurnalist yox, digər jurnalistlər də, eləcə də xaricdən gələn nümayəndələri Ağdamla tanış edən məmurlar da çox kobud  səhvlərə  yol verirlər.

Yaxşı, min illik  tariximizi bilmirik, 270 illik tarixi niyə öyrənməyək?  Mən özüm Qarabağ xanlığı haqqında roman yazan  bir yazıçı kimi bu xalqın  tarixini  çox ciddi  araşdırmışam. Özü də təkcə «Qarabağnamə»lərdən deyil, onlarla Osmanlı və İran tarixçilərinin yazdıqlarını  oxumuşam, məxəzlərə  baxmışam.

Mən fars dilini  bilmirəm, romanı yazarkən Qarabağ xanlığı ilə bağlı İran mənbələrini  təbii ki, oxuya bilmirdim. Həmin vaxt Əbülfəz Elçibəy  Əlyazmalar  İnstitutunda  ərəbşünaslıq şöbəsinin  müdiri idi. Farsşünaslıqda işləyən  əməkdaşlara tapşırmışdı ki,  fars dilli mənbələrdəki Qarabağ xanlığı ilə  bağlı  materialları  tərcümə edib verin Aqilə.  Və həm də türkşünaslıq şöbəsinə də tapşırmışdı ki, axtarın, tapın Osmanlı  tarixçilərinin də yazdıqlarını  üzə  çıxarın, qoyun oxusun.

Və mənim  özüm də iki dəfə Ağdamda olduğum müddətdə həm xarici  nümayəndələrə, həm də yerli jurnalistlərə İmarət haqqında  dolğun  məlumat vermişəm.

Və Ağdamı  ən  gözəl  tanıyanlardan  biri də vaxtilə bu şəhərin inkişafında xüsusi  xidməti olan Zülfü müəllim  də şəhər haqqında  məlumatlı adam olduğu  üçün qonaqlara  dolğun məlumat verir.

Məsələ nədir? Deməli, İmarətdə bir türbə var. Həmin türbədə  iki ağır seyid  dəfn olunub. Heç  başdaşıları da yoxdu, çünki onların  hər biri türbənin bir  küncündə dəfn olunub və divarlar   elə başdaşına oxşayır.

Sonra Pənah xan həmin türbənin üstündə İmamzadə tikdirib. Yəni belə türbələrə  İmamzadə deyirik. Ona görə ki, orda yatanlar  imam övladlarıdı. Və Pənah xan  vəsiyyət edib ki, mən öləndə həmin  seyidlərin  ayaqları altında  dəfn edərsiniz. Ona görə də İranda rəhmətə gedəndə gətirib həmin seyidlərin ayaqları altında dəfn ediblər. Bu, başqa bir yazının  mövzusudu. 

Və Pənah xandan  sonra bütün Cavanşir nəsli İmarətdə dəfn edilib. Bircə Əhməd bəy Cavanşir və  oğlu  istisna  olmaqla.  Və təbii ki, Əhməd bəyin qızı  Həmidə xanım da.

İndi baxıram həmin türbəni Pənah  xanın  sarayı kimi təqdim edirlər. Ay jurnalist dostlar, orda saraya oxşar bir şey varmı? İki qapısı olan, amma pəncərəsi olmayan türbəyə Pənah xanın  sarayı demək olarmı? Pənah xanın ey, Şimali Azərbaycanda yaşayan xanların  padşahı!

Hətta irəli gedərək seyidlərin uyuduğu otağı da göstərirlər ki, bura da Natəvanın  ev muzeyidi.

Dostlar, Natəvanın Ağdamda  iqamətgahı və evi olmayıb ki, oranı da  ev  muzeyi kimi təqdim edəsiniz.

Ən yaxın tarixi təhrif edirsinizsə, day sizə sözüm yoxdu.

TƏQVİM / ARXİV