adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Aprel 2021 12:45
46273
ƏDƏBİYYAT
A- A+

Qələbə müjdəsini çatdıran şeirlər - Zemfira Məhərrəmli yazır

Qələbə müjdəsini çatdıran şeirlər Görkəmli söz ustası, Xalq şairi Fikrət Qoca yüksək sənətkarlıqla qələmə alınan, dərin məzmunlu əsərləri ilə çağdaş ədəbiyyatımızda öncül yerlərdən birini tutur. Ustad şairimiz Rəsul Rzadan sonar Azərbaycan ədəbiyyatında sərbəst şeirin gözəl nümunələrini yaradan, geniş diapazona malik yaradıcılığı ilə fərqlənən şairin acılı-şirinli gerçəkliyə fərqli yanaşması, əsərlərində bədii idrakı həyatın qatlarına enməklə əks etdirməsi həmişə qabarıq görünüb. Fikrət Qoca daim yeniləşən fikir, mövzu dairəsi, forma və məzmun axtarışları ilə, poeziyamıza gətirdiyi töhfələrlə geniş ədəbi nəhrə qovuşub.

Söz sərrafının çağlayan təbi ilə hələ gənclik illərindən üzübəri qələmə aldığı məhəbbət şeirləri Azərbaycan poeziyasını daha da rövnəqləndirib. İctimai-siyasi səciyyəli, mübariz ruhlu, həm bədii cəhətdən, həm də məna tutumuna görə güclü mənzum əsərlər yazmaqla bədii fikrimizdə bir təlatüm yaradıb. Yaradıcılığını bəzəyən, şövqlə, ilhamla hasilə gətirdiyi Vətən şeirləri də Fikrət Qoca poeziyasının təməl daşlarındandır. 

Birinci Qarabağ savaşında itirdiyimiz yurd yerlərimizin ağrı-acısını, həsrət və kədərimizi qələmə alan vətəndaş-şairin ürək çırpıntılarını, onun el-oba dərdini, didərginlik həyatı yaşayan soydaşlarımızın qəmli həyatını əks etdirən misralarında “göyərib”. Bu yazıda həmin şeirlərdən bəhs edəcəyik. İnsanı bəzən kədərləndirən, düşünməyə sövq edən, bəzən isə hər sətrində, qafiyəsində “bitən” gələcək xoş günlərə səsləyən şeirlərdən. 
Fikrət Qocanın illər öncə yazdığı, məzmun və ahəngi həmahəng olan “Qarabağ bayatıları”ndakı Vətən sevgisi və şeiriyyət havasından şairin yaratdığı poetik ovqatın sehrinə düşürsən. Ümidlərimiz dirçəlir, qəlbimiz sevinir, ruhumuz təzələnir. Bu duyğuları oyadan qutsal, gerçək sözdür:

Qarabağ − böyük bağdı,
Dağı da − böyük dağdı.
Qarabağ bizim olub,
Bizim də olacaqdı.
Qarabağ bir cahandı,
Qarabağ canda-candı.
Qarabağın anası
Böyük Azərbaycandı.

Ustad şairin Aprel şəhidlərinə həsr etdiyi şeirləri də onun işğal olunmuş torpaqlarımızın düşməndən tezliklə təmizlənəcəyinə inamının ifadəsidir. Söz adamının fikrincə, “zamandan güclü, dövrandan üstün” Aprel döyüşçüləri öz hünərləri, yağını geri oturdan həmlələri, Lələtəpəyə üçrəngli bayrağımızı sancaraq öz sözlərini deməsi ilə hələ sonralar qazanacağımız böyük qalibiyyətin təməlini qoyanlardır. Həmişə gənc qalacaq Aprel şəhidləri əbədiyaşardır, ölümsüzdür:

Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi...
Əsgər gedən oğullar
Burdan gedər döyüşə...
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!

Doğma torpaqlarımızın itkisini uzun illərdən bəri ürəyində gəzdirən şair mədəniyyət beşiyimiz Şuşaya dair şeirində mərd oğullarımızı yağılardan tezliklə qisas almağa səsləyir:

Gəlin bizi alın! − deyir.
Gəlin zəfər çalın! − deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ Şikəstəsi”nin səsindən
Yadları salın!
Qarabağı alın! − deyir.

Şairə görə, “ordumuz ayağa qalxsa, şimşək kimi çaxsa, əsarətdə olan yurd yerlərimiz azadlığa çıxar, Qarabağ üzüntülərimizə, həsrət və nigilimizə son qoyular. Qalibiyyətli döyüş hər şeyi həll edər:

Ordumuz üçün ən asan iş döyüşdü.
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!

Fikrət Qocanın torpağı titrədən, az qala ərzi göynədən döyüşlərimizə, adı hünərlə, rəşadətlə qoşa çəkilən Cocuq Mərcanlıya və Lələtəpəyə həsr etdiyi şeirləri də bu qəbildəndir:

Körpədən son yaşacan,
Lap ayaqdan-başacan.
Ey böyük Azərbaycan,
Hamımız bir canlıyıq!
Biz Cocuq Mərcanlıyıq.

Yaxud:

Dağam, dağlar balasıyam.
Mərcanlılar qalasıyam
Hələ mənim çox işim var
Çox zəfərlər çalasıyam.

“Qəlbin qəlbimdə vurur, ay Qarabağım mənim” deyən şairin ruhi vəziyyətinin poetik inikası olan misralara diqqət yetirək:

Bülbüllər yetişdirən
Havam, bulağım mənim,
Görürəm rəngin solur.
Səni belə görəndə
Tufan olur, qan olur.
Hirsim qaynayıb daşır,
Səbrim ilə savaşır.

Azğın düşmənə nifrət hissi ilə coşub-daşan, şərəfsiz qonşunun mənfur xislətindən, yaramaz hərəkətlərindən qeyzə gələn, ona artıq “dur!” demək zamanının yetişdiyini, qisas gününün qaçılmaz olduğunu dilə gətirir: 

Bizə döyüş yaraşır,
Bizə zəfər yaraşır.
Hikkəm başımdan aşır
Ruhum dağa dırmaşır,
Varlığım tufan olur.
Xalq bu həddə gələndə
İntiqam yaman olur.

    
Səbri aşıb-daşan, hirsi-hikkəsi vulkantək püskürən şairin bu şeiri yazarkən keçirdiyi halları, hər yeri viran etməyə, uçurub-dağıtmağa qadir olan acı rüzgarla müqayisə etmək olar. Həmin şeirdə yaşantıların bənzərsiz obrazını müəllifin keçirdiyi hisslər, duyğular diktə edib. 
    
Fikrət Qocanın “Qaçqın gəlinə” adlı şeirində ev-eşiyi yağmalanan, yurdu talan edilən, doğma insanlarının itkisindən “qurd olub ulayan” kəndlərimizin faciəsindən, qaçqın-köçkün soydaşlarımızın dəryalara sığmayan dərd-sərindən kövrək, həzin dillə, ürək ağrısıyla danışılır:
Yayda yaylağa gedərlər,

Səni sürdülər arana.
Evi viran qalan bacım,
Gözü-könlü talan bacım.
Siz dərəyə qaçan yerdə,
Hələ də bulaq ağlayır.
Məhlədə qalan yüyrüyü
Hansı xəyal yırğalayır?

    
Bu şeirin nikbin sonluğunda misraların içindən sezilən, boy verən ümid işığı, gözəl günlərin gələcəyinə inam oxucuya xoş ovqat bəxş edir:

Bir gün köçün dönər geri,
Gözündə inam işığı,
Ürəyində yanıq yeri...
Yurd üçün susuz dodağın,
“Oxqay “ − deyib öpər yeri.

Dünya hərb tarixinə yazılan Zəfər savaşımızın −  Vətən müharibəmizin ilk günlərində qələmə aldığı “O torpaq” şeirində isə qalibiyyət gününün çox yaxında olduğunu, qəhrəman oğullarımızın bizə bu sevinci yaşadacağını, erməni canilərin burnunun ovulacağını var gücü ilə hayqırır: 

Torpaq acgözlüyü eyləyənlərin
Ruhunu zülmətlə örtər O Torpaq.
Qonşu torpağını zorla alanı
Kül eylər, üstündə bitər O Torpaq!
Yaşarsan, görərsən gələndə vaxtı...
Hər kəs O Torpaqdı − O Qarabağdı!

    
“44 günlük döyüşlə Yer üzünü çaşdıran müzəffər ordumuz var” deyən şairin Qələbə günlərində yazılmış “Vətən müharibəsi” şeirində şair başımız üstündəki açıq səmanı bəzəyən Zəfər fişənglərini, parlaq ulduzları şəhidlərimizin ruhuna bənzədir:
    
Qışqırırdılar: Ana! Ana! Ana!
Biz intiqam aldıq!
Zəfər çaldıq!
Qəhrəman olduq!
Alqış qazilərin, ordumuzun,
Dağ titrədən gur səsinə…
Bu xalqın Sərkərdəsinə!
    

Zemfira Məhərrəmli,
yazıçı-publisist