SON DƏQİQƏ:

Qafqazın Kabalevskisi Oktay Rəcəbov ilə müsahibə...

  41044   |  
Şriftin ölçüsü  

Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan SSR əməkdar müəllimi Oktay Rəcəbov ADALET.AZ saytına müsahibə verib...

 

- Oktay bəy, 80 yaşınıza bu yaxınlarda qədəm qoydunuz. Təbrik edirik. Necədir, özünüzü necə hiss edirsiniz? İşlərinizi, sənətinizi nəzərə alsaq, deyə bilərik ki, bu yaşa boşuna gəlib çatmamısınız. Amma 80 yaşdan geriyə baxanda sizin üçün həyat necə görsənir?

- Vallah, həyatda o qədər çətinliklər görmüşəm ki, açığı, bu yaşa gəlib çatmaq asan başa gəlməyib. Çalışmışam ki, həmişə xalqım üçün nələrsə edim, yaxşı işlər görüm. Gördüyümü də düşünürəm. Hər şey göz qabağındadır. Amma çətinliklər təbiidir. Problemlər təbii ki, çox olub. Amma hamısının öhtəsindən gəlmişəm, indi də olanda gəlməyə çalışıram. Yəqin ki, yenə gələ biləcəm...

- Çətinliklər deyəndə konkret olaraq nəyi nəzərdə tutursunuz? Sənətlə bağlı, yoxsa ümumi məişət məsələləri?

- Hamısı var. Hərdən düşünürəm ki, axı, belə olmalı deyildi, niyə belə oldu, necə belə oldu? Amma ümumi götürsək, həyatdan narazılığım yoxdur, öz həyatımdan heç yoxdur. Demək olar, hər şeyim var. Prezidentimizdən çox razıyam. O gün baxıram, aldığım titullar, elmi adlar, dərəcələr, ordenlər gəlib çıxıb 11-ə. Bunlar elə belə alınmayıb. Ağır zəhmətin nəticəsidir. Mənə durduq yerdə heç vaxt, heç kim heç nə bağışlamayıb. Nə qazanmışamsa, gördüyüm işlərə görə olub. Bircə Xalq Artisti adı verilməyib ki, kiçik narazılığım bundandır. Mən iki xarici ölkənin akademikiyəm. Məndən başqa belə bir adam yoxdur ölkədə. Tək bəstəkar yox, eyni zamanda elm adamı kimi də fəaliyyət göstərirəm. Bunlarla da fəxr edirəm.

- Dövlət tərəfindən daim dəstəyiniz olub, bəs, xalq tərəfindən necə, o sevgini hiss edirsinizmi həmişə? İncikliyiniz olubmu heç?

- Bəli, hiss edirəm. Bəstələrim dinlənilir, işlərimə baxılır, yazılarım oxunur. Bundan artıq nə olsun ki? Həmişə də işlərimin dəyəri verilib, bu barədə heç narazı deyiləm. Təkcə incikliyim, dediyim kimi xalq artisti məsələsidir. Onun da səbəbi var. Boş yerə incik deyiləm. Layiq olmasam, ümumiyyətlə susardım. Bir neçə dəfə təqdimat yazılıb bu barədə. Bəstəkarlıq İttifaqı, Mədəniyyət Nazirliyi və başqa adamlar, qurumlar təqdimatlar göndərib ki, mənə xalq artisti adı verilsin, amma nədənsə, onlar heç vaxt nə Ümumimilli liderə, nə də İlham Əliyevə çatdırılmayıb. Fəzail İbrahimli Milli Məclisdə danışdı ki, bəzi layiq olmayan, iki adı mahnı oxuyan xanım müğənnilərə belə xalq artisti adı verilir, amma illərin sənətkarı qıraqda qalıb. Bu, bir az toxunur adama. Bu qədər iş görmüşəm, xalqım üçün çox şey etmişəm, amma kimlərsə buna maneəçilik törədir. Bilmirəm niyə, səbəb nədir, niyə belə edirlər? Onsuz da mən öz işimi görürəm. Nə olsa da, Allah verdiyi bu ömürdə görəcəm. Rusiya kimi bir dövlətdə bir başa Akademik seçilmişəm. Adətən, əvvəl belə olmur. Amma məni birbaşa seçiblər. O cümlədən Böyük Britaniya Krallığının Assosiasiyasına(onlar da akademiya yoxdur) elm, təhsil mədəniyyət üzrə seçiblər. Çoxdur. Çox işim var, aşağı-yuxarı hamı bilir, ortadadır.  Bunların qarşılığında törədilən maneəçilik bir az narahat edir. Tofiq Quliyev də təqdimat yazmışdı o vaxt. Bir dəfə yanına çağırıb dedi, ölüm-itim dünyasıdır, mən bunu yazıram ki, sənə bu ad verilsin. Sən lazımlı adamsan. O vaxt demişdim ki, əziyyət çəkirsiniz, amma sonra gördüm ki, bu, nə qədər çətin məsələdir. 1998- ci ildə yazılmışdı həmin təqdimat. Onu da gizlətdilər... Yəqin ki, səbəb nə vaxtsa bilinəcək. Mənə toxunan sadəcə odur ki, bu qədər iş görüm, daim xalqım üçün çalışım, amma sonunda belə bir şey eləsinlər, maneəçilik törətsinlər.

- Oktay bəy, bütün sənətçilərin həyatında ən çox sevdiyi əsəri, yaxud əsərləri mütləq olur. Özünüz özünüzün şah əsəriniz hansını hesab edirsiniz?

- Belə deyim. Mən hansısa işimin unudulduğunu görməmişəm, daim diqqət olub. Cizgi filminə qədər var, çəkilib. Bəstələr, operalar, filmlərə yazdığım musiqilər, elmi yazılarım, kitablarım daha nələr-nələr... Gördüyüm işlərin hamısına şah əsər kimi yanaşmışam, hamısı da sevilib. Ona görə konkret bir ad çəkmək çətindir..

- “Anam Azərbaycan”,  “Nəğmələr”, “Necə unudum səni?” , “Zəfəran”, “Daha nə istəyirsən” kimi mahnılarınız dillər əzbəridir. Yəni, digərlərinə nisbətən. Heç düşünürsünüzmü ki, filan bəstəniz daha yaxşıdır, daha gözəldir, amma o bir qədər məşhur deyil...

- Məsələn, 22 filmə musiqi yazmışam, 400-dən çox bəstə. Ən birinci "Faytonçu" mahnısından tutmuş, ən sonuncuya qədər, bu günə qədər nə yazmışamsa, şükür Allaha, hamısı xalq tərəfindən qəbul olunub, sevilib. Hətta tək Azərbaycanda yox, Türkiyədə, İranda və.s başqa ölkələrdə. Amma görmək istədiyim bəzi işlərdə narazılığım var. Belə deyim. Atatürk haqqında opera yazdım, göndərdim lazımı yerə, onu da göndərdilər Mədəniyyət Nazirliyinə. Mənə cavab gəldi ki, Atatürk aktual mövzu deyil. İndi mənə deyin, həqiqətənmi Atatürk aktual deyil? Yaxşı, Atatürk aktual deyilsə, onda nə aktualdır?! Hələ yaxşı ki, bu aktual məsələsini ensiklopediya çıxanda demədilər. Ötən il mənim haqqımda çıxıb. 680 səhifəlik. Gördüyüm nə qədər işlər, musiqi ilə bağlı və.s çox şey var. Mənim bütün narazılığım işlərimə əl qoymağa çalışan bəzi adamlardandır. Şükür ki, Prezidentimiz ağıllı, savadlı bir insandır. Kaş onda olan xalq sevgisinin, bacarığın heç olmasa, 5 faizi ətrafında olan bəzi adamlarda olardı. O kitabı da az çıxartdıq amma. Cəmi 300 tiraj. Xalqım üçün etmişəm, istəyirəm, qalsın, məndən sonra bu işlər yaşasın.

- İncəsənət Gimnaziyasının yaradıcısısınız. İşlədiyiniz dövrdə ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün opera studiyası və kinostudiya yaradılıb. Orada uşaqlar, məktəblilər opera və operetta janrında olan əsərlərdə aktyor, rejissor və operator kimi çıxış edərək qısametrajlı filmlər çəkilib.
400-dən çox mahnınız müğənnilər və uşaq xor kollektivləri tərəfindən çox maraqla ifa olunur. 20-dək filmə musiqi bəstələmisiniz. Beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazmısınız. Saymaqla bitmir. Bitməsin də. Hazırda necə, yaza, bəsələyə bilirsinizmi? Yeni işlərinizi görəcəyikmi?


- Əlbəttə. Davam edəcəm, edirəm. Allah verdiyi ömür nədirsə, dayanmaq fikrim yoxdur. Mən bununla yaşayıram, elə bu yaşa da bu cür gəlib çatmışam. Allah mənə hər şey verib, çox şükür. 2018-ci il idi, evdə xanımlar mənə dedi ki, bu qədər iş görmüsən, uşaqların, nəvələrin sayı artıb, amma ev balaca, yaşamaq çətinləşir. Oturub, qızımla Prezidentə məktub yazdıq. Cəmi 3 gün keçdi üstündən, gördüm zəng gəldi, təbrik elədilər. Mən də yeni bir iş üzərində işləyirdim, handan hana anladım ki, evə görə zəng ediblər. Bu qədər tez olacağına inanmağım gəlmirdi çünki. Şəhərin mərkəzində 3 otaqlı ev verildi. Bu, Prezidentimizin mənə olan diqqətidir, bir də var müraciət edirsən ki, məsələn, opera yazmışam, səhnəyə qoymaq lazımdır, 50 cür söz deyirlər. Mənim narazılıqlarım belə şeylərədir. Sənət üçün. Yoxsa, özüm barədə hər şey yaxşıdı.

- Adətən müəyyən dövrdən sonra yaradıcı adamlarda tükənmə prosesi gedir. Heç sizdə belə bir şey olubmu? Tükəndiyinizi hiss eləmisinizmi?

- Xeyr. Hiss etməmişəm. Dayanma dövrü olur, amma tükənmək başqa bir şeydir. Mən bu yaşımda da hər gün yazıram. Kitablar müəllifiyəm. Bir iş deyil məndə. Elmi məsələlər, musiqilər, nələr-nələr. Heç nə olmasa da hər gün yazıram, işləyirəm, Allah verdiyi bu ömrü də belə davam edəcəm

- Oktay bəy, gənc bəstəkarla münasibətiniz necədir? Sizi bir ustad kimi qane edirmi?

- Sözsüz ki, yaxşı bəstəkarlar var, istedadlı adamlardır, amma düşünürəm, onlar üçün da tam şərait yaradılmır. Nədənsə, bizdə bəzən lazım olan yerlərə pul tapılmır. O cümlədən də, bu sahədə olur belə şeylər. İndi sözüm ondadır ki, gənc bəstəkarlara şərait yaradılsın, qabağa çəkilsin, çox istedadlı insanlar var axı, bu istedadları məhv etmək olmaz. Bəstəkarlar elə belə yetişmir. Görürəm mən, Bakı Musiqi Akademiyasından gəlirlər, yazırlar, Konservatoriya bitirirlər, amma görürsən ki, qane etmir onları. Qonorarlar yaxşı olmalıdır, işlər görülməlidir onlarla ki, musiqi bəstələməkdən imtina etməsinlər, dolana bilsinlər ki, oturub sənət əsərləri də yaratsınlar.

- Bəs, bayağılıq məsələsi necə? Son dövrlər bayağılıq daha da artıb. Bunun qarşısını necə almaq olar?

- Bayağılıq hər dövrdə olub. Qarşısı alınmazdır, məncə. Almaq mümkün deyil. Dövrdür, zamandır, dəyişir. Amma ümumi bir ciddiyət yaratmaq üçün, ciddi işlər görən adamlara şərait yaradılmalıdır, xalq musiqisi daha çox inkişaf eləməlidir. İnsan kapitalına yatırım daha çox olmalıdır. Neft, qaz çevrilməlidir bax bu kapitala. Mədəniyyətə, incəsənətə daha çox diqqət edilməlidir. Rus psixoloq var, belə bir söz demişdi ki, "Estetik inkişafı olmayan ölkənin iqtisadi inkişafı mümkün deyil" Həqiqətən də belədir. Mədəni sahə xüsusi olaraq inkişaf etməlidir. Yoxsa, bayağılıq daha çox artacaq, xalqın zövqü aşağı düşəcək, burda da inkişafdan heç bir söz gedə bilməz. Bu gün bir az bu var. Telekanallarda səslənən mahnılara baxın, duzsuz, bayağı. Belə olmaz axı.

- Gənc bəstəkarlardan xüsusi ilə bəyəndiyiniz varmı?

- Yenə deyirəm, istedadlı gənclər çoxdur. Bir-iki nəfər olsa, konkret ad çəkərdim, amma çoxdu, istedadlı xalqıq biz, di gəl,  dediyim kimi, diqqət məsələsi lazımdır. Bu adamları küsdürmək olmaz. Sevdiyim bəstəkarlar çoxdur, amma mən istəyərəm ki, onların hamısını görsünlər, itib-batmasin onlar...

- «Qafqazın Kabalevskisi»... Sizi həm də belə adlandırırlar. Bəzən sənət adamlarını başqa bir sənət adamına oxşadılanda xoşları gəlmir. Siz necə, narahat deyilsiz ki?

- Kabalevski mənim sonuncu müəllimim olub. Mənim həyatımda onun xüsusi rolu var. Onunla tanışlığıma çox şadam və belə bir şeydən də qətiyyən narazı olmaram, hətta sevinirəm. O cür bir adama bənzədilmək, müqayisə olunmaq çox xoşdur. Axı, o balaca adam deyil ki. Mən onun gördüyü işləri öz vətənim üçün eləmişəm, o özü də bunları gəlib görüb. Bir dəfə "Komsomol mükafatı laureatı" almışdım. Özü də, Tofiq Quliyevlə birlikdə. Zəng elədim, Kabalevskiyə dedim ki, yaxşı olar ki, sabah Bakıya gələsiniz. İşlər görürük, yanımızda, yanımda bir adam olmağı yaxşıdır. Bu cür bir söhbətimiz oldu. Dedi, mən sabah Astanada olmalıyam. Danışdığımız bitdi, üstündən bir saat keçəndən sonra zəng elədi, dedi, Aktay, mən sabah Bakıda olacam. Aktay deyirdi elə mənə. Astana işini ləğv edib, başqa bir söz deyib ora. Deyəsən, xəstə olduğunu demişdi. Mənə görə gəldi bura. İşlərlə tanış oldu yenidən. O cür böyük adamın belə mənə bu cür diqqəti təbii ki, sevindirici haldır. Həmin vaxtda da orda maraqlı bir şey olmuşdu. Qəzetdə şəklimiz çıxmışdı Kabalevski ilə. Göndəriblər Astanaya, siyasi büroya deyiblər ki, bəs, Kabalevski Bakıdadır, sizi aldadıb. Ondan bunu soruşublar, o da deyib ki, Bakıda çox istedadlı bir gənc böyük işlər görüb, mən onun arxasında dayanmaq istəyirəm, yanında olmaq istəyirəm. Ona görə belə bir qərar aldım ki, Bakıya gedim. Bu sözünə görə ona heç nə deməyiblər... İndi belə fədakar adam tapmaq da çətin məsələdir.

- Oktay bəy, ad gününüzü bir daha təbrik edir, müsahibə üçün də təşəkkür edirik.

- Çox sağ olun, diqqətiniz üçün mən təşəkkür edirəm. 

Söhbətləşdi; Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK