adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Mart 2021 17:36
24594
DÜNYA
A- A+

Pskov desantçılarına hücum edən Şamil Basayev dəstəsinin üzvü saxlanıldı

Moskvada 2000-ci ildə Çeçenistanda Pskov desantlarına hücumda iştirak etmiş keçmiş döyüşçü saxlanılıb.

Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi məlumat yayıb.

Saxlanılan şəxs çeçenlərin səhra komandiri Şamil Basayevin dəstəsinin üzvü German Arbinin olub. Məhkəmədə G.Arbinin barəsində silahlı üsyan və təhlükəsizlik orqanları əməkdaşlarının həyatına təcavüz ittihamı ilə iddia qaldırılacaq.

Rusiyanın təhlükəsizlik orqanları həmçinin hücumun digər iştirakçılarının axtarışının davam etdiyini qeyd edib.

Xatırladaq ki, 29 fevral 2000-ci il tarixdə 76-cı Pskov hava-desant diviziyasının 104-cü alayının 6-cı bölüyünün 90 nəfərlik şəxsi heyəti Şatoy rayonunda Basayev və Əmir Xəttabın 2500 nəfərlik dəstəsi ilə döyüşə girib.

Desantçılar 776 nömrəli yüksəkliyi tutmağa nail olub. Onlar təxminən iki gün müqavimət göstərsələr də, çeçen döyüşçülər onların mövqelərinə soxula bilib və əlbəyaxa döyüş başlayıb. Bunda sonra rusiyalı desantçıların komandiri əlaqəyə çıxaraq artilleriya bölmələrindən onların da olduğu mövqeyə zərbələr endirməsini istəyib. Nəticədə desant qüvvələrindən cəmi altı nəfər sağ qalıb.

Göstərdikləri şücaətə görə, döyüşdən sonra 22 hərbçiyə (21-i ölümündən sonra) Rusiya Qəhrəmanı adı verilib.(oxu.az)