adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: CAN NƏNƏ, BİR NAĞIL DE!

FAİQ QİSMƏTOĞLU
47454 | 2021-03-11 13:08

... Yadıma atam düşmədi, anam düşmədi, qardaşım düşmədi. Və yadıma Telli nənəm düşdü. Onsuz da hər səhər yuxudan qalxanda əl-üzümü yuyuram, “Qurani-Kərim”i oxuyuram, rəhmətə getmiş atamın, anamın, qardaşımın, nənəmin və digər doğmalarımın ruhuna dua eləyirəm. Qalanlara isə ulu Yaradandan can sağlığı, firavanlıq və bir tikə çörək arzulayıram...

Ümumiyyətlə, “Qurani-Kərim” ölülər üçün deyil, Allah-Təala tərəfindən dirilər üçün göndərilmiş müqəddəs kəlamdı. Ordakı 114 surənin 114-ü də insanlara Allahın yoluyla getməyi, düz yol tutmağı, fitnə-fəsad törətməməyi, yetimin-yesirin haqqını yeməməyi, bir sözlə, böyük günahlardan uzaq olmağı tövsiyə edir...

... Axı nənəmdən danışırdım. Elə bil bir az mətləbdən uzaq düşdüm. Martın 7-si idi. 1967-ci  il martın 7-də nənəm axşam saat 6 radələrində Allahın dərgahına qovuşub. Martın 8-də isə onu dəfn eləmişik və torpağa tapşırmışıq. Və onda mən 6-cı sinifdə oxuyurdum. Nənəmi o qədər çox istəyirdim ki, bir saat da ondan uzaq dura bilmirdim...

... Anam səhərin gözü açılanda pambıq tarlasına gedər, alaq eləyər və  pambıq becərərdi. Bizə isə Telli nənəm baxardı. Biz 3 qardaş, 3 bacıydıq. Və altımız da Telli nənəmizin isti nəfəsini, şirin münasibətini görərdik. Altımız da anamızdan çox nənəmizi istəyərdik... altımız də hər gün onun səhər yuxudan oyanmasını, bizə süfrə açmasını, qaymağın üstünə doşab töküb gətirməsini səbirsizliklə gözləyərdik. Nənəm bir dəfə də bezib demədi ki, ay bala, bəsdirin də, məni boğaza yığdınız! Sanki  onda bir fil səbri vardı. Biz yaxşı bilirdik ki, Telli nənəmizi çox incidirik və həddindən artıq onu yoruruq. Nənəmizsə sanki bundan zövq alır, ləzzət hiss eləyir və bizim nazımızı çəkməklə çiynindən ağır bir yük götürülür...

... O rəhmətə gedəndə nəvələrin hamısı ağlayırdı. Amma mən hamıdan çox ağlayırdım. Çünki nənəm məni bütün nəvələrindən daha çox istəyirdi. Bilirsiniz niyə? Dəcəlliyə qalanda mən hamıdan şuluq uşaq idim. Ancaq nənəm mənim bu dəcəlliyimə dözür və bir dəfə də olsun qəlbimə dəymirdi. Az qala yadımdan çıxmışdı. Nənəm məni ona görə çox istəyirdi ki, dərslərimi bütün nəvələrindən yaxşı oxuyurdum. Və bir dəfə də dərsdən qayıdanda nənəm ağır xəstə idi. Yəni həkimə, Bakıya aparmışdılar, atam və qonşumuz Abbasın oğlu Məhəmməd onu professor Emin Əfəndiyevin qəbuluna aparmışdı. Professorun yaşadığı binanın lifti həmin vaxt xarab olub, 8-ci mərtəbəyə qalxmaq isə nənəm üçün çox çətinmiş. Abbasın oğlu Məhəmməd pəhləvan kimi bir adam idi. Nənəmi qucağına alıb düz 8-ci mərtəbəyə qaldırıb. Professor da baxıb deyib ki, bir-iki dərman yazıram, aparın atsın, amma onun işi həkimlik deyil. Hər şey Allahın ixtiyarındadı, yəni bir-iki ay ömrü var...

... Nənəm çarpayıda uzanıqlı halda pəncərədən çölə baxırmış. Mənim dərsdən qayıtdığımı görüb, evdəkilərə deyir ki, Faiqi çağırın bura, ona sözüm var! Getdim nənəmin yatdığı çarpayının yanına. O, gücdən düşmüş əlləriylə saçıma sığal çəkdi və dedi ki, mən adımı sənə verirəm. Haçan evlənərsən, ailə qurarsan, qızın olsa, mənim adımı qoyarsan. Bunu deyəndə onun da gözləri doldu, çarpayının ətrafına yığılan qohum-əqrəbanın da...

... Bu hadisədən bir neçə gün sonra nənəm dünyasını dəyişdi. Düz 7 gün məni kiritmək olmadı. Bibim qızının həyat yoldaşı vardı: rəhmətlik Əli kişi! Dedi, mən də nənəmi çox istəyirdim. Amma sən nənəni məndən də çox istəyirsən. Çox ağlasan, nənənin ruhu narahat olar. Bu söz ağlıma batdı, tay ağlamadım. Əli əmim də cümə axşamı bizə gələndə mənə bir papaq alıb gətirmişdi. Dedi, bu papağı sənə ona görə almışam ki, sən kişisən, mənim sözümə qulaq asıb ağlamadın. Papağı başıma qoydum və dərsə getdim...

... Nənəmi tək mən çox istəmirdim. Anam Mirvari, əmimin həyat yoldaşı Gülü mamam... bütün qohum- əqrəba çox istəyirdi. Hələ mən qaynanasını bu qədər çox istəyən gəlinlər görməmişdim. Çünki onlar da nənəm rəhmətə gedən gündən qırxına qədər kirimədilər. Anama dedim ki, mən ağlamıram, siz niyə ağlayırsınız? Anam da dedi ki, bala, o bizə qaynana deyildi, anaydı, bacıydı, qardaşıydı, ataydı. Ona görə də  onun yaxşılıqları gəlib durur gözümüzün qabağında və yadımızdan çıxmır...

... Atam çox zəhimli kişiydi və rəhmətlik anama da göz verib, işıq verməzdi. Belə baxanda ailəsini çox istəyirdi ha! Amma həddindən çox ağır adamıydı və zəhmliydi. O, nənəmdən başqa heç kəsdən qorxan adam deyildi. Bir dəfə də təndirin başında çörək bişirərkən anama nəsə acı söz deyir. Nənəm də necə hirslənirsə, koğa ilə onun başına vurur və başından qan fışqırır. Atam bir söz demir, əlini qan fışqıran yerə tutub uzaqlaşır. Əmimin arvadı tez qaçıb həmin yerə pambıq və bint qoyur...

...Tut mövsümü gələndə çox sevinərdik. Çünki həyətimizdə iki böyük qollu-budaqlı tut ağacı vardı. Nənəm və anam o tut ağacının altına çadır sərər, bizi ağaca qaldırar, biz də tut ağacına çıxıb budaqları silkələyərdik. Ağacdakı bütün tutlar yağış kimi çadırın üstünə səpələnərdi. Özü də elə çırpardıq ki, yerə düşən ağ tutlar zədələnməzdi. Nənəm ocağı qalayar, tiyanı onun üstünə qoyar və tutu yavaş-yavaş tiyanın içərisinə yığardı. ətrafda isə anam, Gülü mamam, Qaratel mamam, Nübar mamam durub baxar və tiyanda bişən tuta tamaşa eləyərdilər. Artıq tiyanda doşab bişərdi. Bizim ağzımızdan su axar və barmaqlarımızı tutun mətinə batırıb yalıyardıq. Nənəm hirslənməzdi. Ancaq anamla bibilərim əsəbləşərdi. Deyərdilər ki, ay canı yanmamışlar, bir gözləyin bişsin, sonra nə qədər istəyirsiniz yeyrəsiniz! Buna baxan kim idi? On-on beş uşaq yenə barmağını tiyanın ətrafında gəzdirib ağzına dürtərdi. Nənəmin bişirdiyi bütün yeməklər dadlıydı. Doşabınsa özgə bir tamı vardı. Çox doşab yemişəm, amma nənəmin bişirdiyi doşab qədər dadlı doşab yeməmişəm...

Nübar mamamgilin həyətindən çıxanda qışqırırdım ki, ay Telli nənə, qatıq da tök, doşab da səp, doğra da! Doğra o söz idi ki, həmin yeməyin içərisinə çörək də tikə-tikə doğranardı. Mən çatana qədər yemək hazır olmalı idi. Elə bil ki, Allahın bacısı oğluydum. Bir dəfə nənəm demədi ki, ay uşaq, səsini kəs, get o sözləri anan Mirvariyə de! Biz anamız Mirvariyə deyə bilmədiyimiz sözləri Telli nənəmizə deyərdik. Payızda isə camış qaymağının üstünə doşab töküb yeməyin özgə bir ləzzəti vardı. Çünki bizim camışlarımız pambıq sahəsində qoza yeyərdi və qoza yeyən camışın da qaymağını qaşıqla kəsmək mümkün deyildi. Onu anam bıçaqla kəsirdi. Qonum-qonşular da çox vaxt payızda bizdən gəlib camış qaymağı aparardılar və deyərdilər ki, Qismət kişigilin camışının qaymağı hələm-hələm evdə yoxdu...

... Nənəm həmişə bizə nağıllar danışardı. Bu nağıllar indiki nağıllara bənzəmirdi. Və ən çox da babam Kərim kişiylə bağlıydı o nağıllar. Babam Kərim kişi də bəy nəslindən olub, Şura hökuməti gələndən sonra böyük təsərrüfatını, tut bağlarını əlindən alıblar. Yaxın qohumlarından biri “NKV”yə” danos verib. Ki, Kərim kişi çox varlı adamdı, qızılı, gümüşü var. Nəyi varsa, əlindən alıblar, rahat yaşamağa da imkan verməyiblər. O qədər çək-çevir eləyiblər ki, bu stresə dözməyən babam 39 yaşında ürəyindən qəflətən vəfat edib. Nənəmin danışdığı nağıllar hamısı həyatda olan hadisələr idi. Və nənəm heç vaxt dərdini bizə deməzdi. Hər şeyi unudar və çalışardı ki, həyatında olan faciələri, itkiləri heç kimə bildirməsin...

... Onun  tez-tez qonşumuz Abbas kişigilin bağına keçib ağladığını görərdim. O ağlayanda mənim ürəyimə dağ çəkilərdi. Axı nənəm heç vaxt bizim yanımızda ağlamazdı. Bir dəfə atama dedim ki, nənəm Abbasgilin bağına gedib ağlayır. Atam da həmin vaxt gözlədi, nənəmin ora getdiyini görüb arxasınca düşdü və sonra da evimizə gətirdi. Bu hadisədən xeyli vaxt keçsə də, nənəm nə o bağa getdi, nə də ağladı...

... Uşaq idim, çox şeyi bilmirdim. Bunları nənəm dünyasını dəyişəndən sonra öyrəndim. Nənəmin iki oğlu – Əziz və Süleyman əmim İkinci Dünya müharibəsində həlak olmuşdular. Onların özü gəlməmişdi, “qara kağızı” gəlmişdi. Başqa bir əmim, rəhmətlik Nüsrət 18 yaşında sətəlcəmdən dünyasını dəyişib. Bir müddət keçməyib yenicə ailə qurmuş Çiçək bibim də 31 yaşında Allahın dərgahına qovuşub. Bax, bu imiş nənəmin Abbas kişinin bağına keçməyə və orda ağlamağa vadar edən dərd, kədər, qəm...

... Hələ onda fil səbri varmış. Hər adam bu boyda, bu ağırlıqda dərdə tab gətirməzdi. Nənəm tab gətirdi, iki övladını – atamı və əmimi müharibənin aclığından və xəstəliyindən sağ-salamat çıxardı. Onu da elə-belə yox ha, babamdan qızıllar qalmışdı. Nənəmin cəmi-cümlatanı bir qardaşı varmış – İsrafil! O da bir kisə unu bir onluq qızıla nənəmə verirmiş. Hər dəfə bir kisə un gətirəndə nənəm bir onluq qızıldan keçirmiş. Indi görün o iki uşağı aclıqdan çıxarmaq üçün nənəm nə qədər qardaşına onluq qızıl verib...

... Nənəmin siması bu gün də yadımdadı; hündürboy, gözəl, ağbuxaqlı və zəhmli bir Azərbaycan xanımı! Nə qədər zəhmli idisə, bir o qədər də ürəyi yumuşaq idi. Övladlarını, nəvələrini, gəlinlərini çox istəyirdi. Nənəmin vəsiyyətini yerinə yetirdim; qızıma onun adını qoydum – Telli! Torpağı-sanı yaşasın. Elə qızım da nənəmə çəkib. Onun kimi hündürboy, zəhmli və Allahı sevən, oruc tutub namaz qılan bir xanımdı...

... Telli nənəm başqa nəvələrini deyə bilmərəm, həmişə mənim yadımdadı. Xüsusən də martın 7-də dünyasını dəyişməyi və 8-də dəfn edilməyi heç vaxt xatirimdən çıxmır. Və yadımdan çıxmayan həm də nənəmin bişirdiyi  yeməklər, eləcə də doşabdı. Yazımın əvvəlində qeyd elədim, tək onun yeməkləri yox, onun nənə məhəbbətini heç vaxt unudan deyiləm. Çünki o məni nə qədər çox istəyirdi, mən də onu bir o qədər çox istəyirdim. Hətta atamdan, anamdan da çox istəyirdim. Və elə indi də çox istəyirəm. Bəzən elə darıxıram ki, uşaq kimi oturub ağlayıram...

... Dünya heç də əbədi deyil. Bir gün gələn, bir gün də Allahın dərgahına dönüş etməlidi. Mənim nənəm də Allahın dərgahına dönüş edib. Və onunla, eləcə də digər əzizlərimlə Allahın dərgahında görüşəcəyik. O qədər buna inanıram! Çünki mənim nənəm dünyanın ən gözəl, ən yaxşı nənəsiydi...

TƏQVİM / ARXİV