“Müharibədən sağ çıxmaq olsa da salamat qalmaq olmur...”

“Mən 5 il öncədən ad günümü qeyd etmirəm. İllər öncə hələ orta məktəb vaxtından müəyyən sosial durumla bağlı ad günlərini qeyd etməzdik. Bizlər üçün ən xoş gün bayram günləri olardı. Elə onda da həm ad günümüzü, həm də şad günümüzü qeyd edərdik. Düzdü, uşaq vaxtları bunları bilməsəm də, mövcud şərait mənə reallığı göstərib, qəbul etdirmişdi və mənim üçün bu da kifayət idi”.
Adalet.az xəbər verir ki, bunu Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev deyib.
“Xatrlayıram ilk dəfə evə elektirik xəttinin çəkilməsi və işıq lampasının yanmasını. Bəlkə də o gün ən xoşbəxt günüm idi. Bəlkə də ən gözəl ad günüm idi. İllər çox tez keçdi. Orta məktəb, ali hərbi məktəb və şərəfli, çətin, zəhmətli iş həyatı. Əslində bu iş deyildi bu yaşam idi. Xidmət illərimdə də hansısa dağda, hansısa dərsdə, hansısa təlimlərdə olduğuma görə uşaqlıqdan adət etdiyim ad günü qeydinə əməl edirdim. Lakin ara-sıra yoldaşlarla bu günləri bəhanə edərək biryerə yığılardıq. O günlər üçün adam darıxır.
27 sentyabr 2020-ci il tarixində düşmən hücumuna qarşı əks-hücum əməliyyatı ilə Vətən müharibəsi başlamışdı. Bu şanlı tarixin necə başladığını hansı günlərdən keçdiyini hər bir azərbaycanlı öz hüceyrəsinə qədər bilir və yaşayıb. Tapşırıqların əvvəlində mən gənc, döyüş təcrübəsi olmayan bir zabit-komandir idim. Tabeliyimdə olan hərbi qulluqçular hansı ki, onlar təkcə hərbi qulluqçu deyil, eyni zamanda ən yaxın sirdaş, dara düşəndə qardaş, yola çıxanda yol yoldaşı idilər. İndi də elədir! Bölmənin bir çoxlarının müəyyən təcrübələri olsa da əsasən gənc heyətdən ibarət idilər. Aşağı-yuxarı həmyaşıd idik tabelikdə olan heyətlə və demək olar ki, şəxsi həyatla bağlı problem kimi görünən məsələlərimiz eynilik təşkil edirdi. Qayğılarımız, sosiallaşmağımız ümumilikdə eyniydi.
Fərqli bölgələrdə eyni ruhda yetişən, fərqli ailələrdə eyni məqsəd üçün ölümü gözə alan gənclər. Müharibənin 1-2 həftəsindən etibarən bölmədə tək zabit mən qalmışdım və mənsub olduğum bölmənin digər bölmənin bütün heyyətini həm tanıyır, həm də etibar edirdim, çünki onların həyata keçirdiyi əməliyyatları görmüşdüm. İlk əvvəllərdə 2 bölmə ayrı-ayrılıqda qarşıya qoyulan tapşırıqları icra etsə də, müharibənin ortalarına yaxın vaxtlarda şəxsi heyyətdən olan şəhidlərimizin və yaralılarımızın olması ilə bağlı birgə fəaliyyət yerinə yetirirdik.
O fəaliyyətlər zamanı öz fikrimdə yanılmadığımı gördüm və bu çox qürurlu hissdir. Bizlər azərbaycanlılar, vətən keşikçiləri həm yanımızda, həm də digər istiqamətdə döyüşən döyüşçülərimizlə fəxr edirdik. Fərqli istiqamətlərdə eyni müqəddəs amal uğrunda ölümün gözünə dik baxanlar. 27 sentyabr tarixindən başlayaraq bugünki gün-13 oktyabrda daxil olmaqla hər gün yaralılarımız, şəhidlərimiz oldu.
5 il öncə bu günlərdə 2 bölmənin məhdud sayda şəxsi heyəti “alınmaz qala” adlanan “Ağdərənin açarı” olan yüksəklikdə öz iradəsini, biliyini, əzmini, ruhunu, həyatını qoyurdu. Bu igidlər düşmən minaatanı, snayperi və texnikalarının açdığı atəşlər altında düşmənin elitası sayılan onların xüsusi təyinatlıları ilə ölüm-dirim mübarizəsindəydi. Burada bir çox mövzulara toxuna bilər və hətta dərinliyinə getmək olar. O susuzluqla, aclıqla, yorğun, stresli olan vaxtlarımı xatrlayıram və həmin vaxtlarda sıralarımızdan cismən ayrılanları. O gündən özümə aid şad günü qeyd etmirəm.
Düzdü, şəhidlərimizin qisasını aldıq, onların şəhid olduğu müqəddəs amal artıq həyata keçib və buna görə ruhları şaddır, cənnətdədirlər, amma içmdə olan o qüssə mənə imkan vermir ki, ad günü qeyd edəm. Bu gün cismən aramızda olmayanlara-şəhidlərimizə Allah rəhmət etsin, xidmətdə olanlara güc-qüvvət versin. Müharibə insanlığın öldüyü yerdir və o yerdən sağ çıxmaq olsa da salamat qalmaq olmur. Bu gün aramızda sağ olan, lakin salamat olmayan adsız qəhrəmanlarımız var. Gəlin Vətən müharibəsində bir olub tarix yazdığımız kimi, onlara-adsız qəhrəmanlara sahib çıxaq”, - deyə döyüşçümüz bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Motosiklet və moped sürücülərinin NƏZƏRİNƏ!

Komitə sədri: Yeni bilik və vərdişlər qazanılmasa müasir dünyanın inkişaf tempinə uyğunlaşa bilmərik

Azərbaycan Ordusu payız-qış mövsümünə keçir - VİDEO

Ramin Məmmədov: İşğal dövründə viran qoyulan torpaqlar indi...

Azərbaycanlılar artıq Türkiyədə xarici vətəndaş sayılmayacaq

İlham Əliyev bir qrup dəmiryolçunu təltif etdi - SİYAHI

“Bəlkə ölülərimizi dəfn etdiyimiz yerlərdən çıxarıb azad edilmiş torpaqlarımıza aparaq?
