Ta bizə ölüm yoxdu- Əbülfət Mədətoğlu yazır…

ƏBÜLFƏT MƏDƏTOĞLU
277 | 2025-10-14 11:56

Bu bir həqiqətdir ki, dilimizin açarı, fikrimzin ifadəsi layladır, bayatıdır. Yəni biz ilk eşitdiyimiz layla ilə, bayatı ilə, oxşama ilə bu dünyanın nəbzinə yaxınlaşırıq. Havasına, suyuna alışırıq ... beləcə damarımızdakı qan, varlığımızdakı hüceyrələr qidalanır, toparlanır. Biz ayaqda olduğumuz bütün zamanlarda çox qəribədir ki, yaşımızdan, başımızdan aslı olmadan laylanı, bayatını unutmurq. Şəxsən mən inanmıram ki, bu məmləkətdə kimsə laylanı eşitməmiş olsun, kimsə bayatıdan xəbərsiz olsun. Yəni cinsindən aslı olmadan mütlləq və mütləq hər kəsin yadddaşında iki sözdən ibarət olsa da layla, bayatı var. Bax ,bir anlıq gözünüzün önünə gətirin, yaşlı- basil bir adam son nəfəsindəd də ana layası istəyir… Son nəfəsində də bir bayatı deyir. Deməli harda doğulmağımızdan aslı olmadan  bizi var edən bizim biziliyimizin təsdiqlərindən olan laylanı, bayatını bizə hopdurur.

Mən    də, eləcə də siz yəqin ki, orta məktəb illərindən layla, bayatı barədə oxumuşuq, eşitmişik. Yəni ədəbiyyat dərslərində bunu bizə öyrədiblər. Təbii ki, sonra kimsə elmin bu sahəsini seçəndə o, biraz da artıq öyrənib, biraz da çox bilibdir. Burada onu da vurğulayım ki,xüsusi marağı olanlar, yəni bayatını, laylanı xobbi seçənlər də bu işin qulpundan tutublar. Amma..

Bayatı, layla folkordu, xalq yaradıcılığıdır. Biz də hər birmiz ayrı- ayrılıqda xalqın bir hissəsiyik.  Xalqın bir hissəsi olan biz də  ,  yəni söz sənətinin sahibləri zaman- zaman yaradırlar laylaları, bayatıları. Zamanın axarında bir şairin, bir aşığın yaratdığ bayatı,  layla   sonda olur bütün xalqın. Elə mənim də yazmaq, demək istədiyim bu gün yaranan bayatılarımızla bağlıdır. O bayatıların bir hissəsini də şair İlham Qəhərəman yaradıb.

İndi əlimdə tutduğum bu kitabın adı “Dəyirmanın su dərdi”dir. Üz qabığı da özündə  elə su dəyirmnaını əks etdirir. Və bu  şəkil  də mənim yadıma doğulduğum Qarabağda, dünyaya baxdığım Tuğ kəndindəki su dəyirmanlarını salır. İndi də gözümün önündədir o dəyirmanlar. Bax İlham Qəhrəman o su dəyirmanında nə suyun dərdin çəkir, nə dənin. Çünki üyütməyə dəni də var, dəyirmanın pərlərini işlədəcək suyu da var.O su, yəni dəyirmanın ehtiyac duyduğu su İlham Qəhrəmanın İLAHMdır. O dən isə İlham Qəhrəmanın bayatılarıdır.

Öncədən deyim ki, İlham Qəhrəmanın bu kitabı onun yazdığı bayatılardan ibarətdir. Girişdə də vurğulandığı kimi kitab 275 bayatıdan ibarətdir. Və kitaba da dəyərli ədəbiyyatşünasımız, filologiya elmləri doktoru  İradə   Musayeva həmişəki kimi mükəmməl  Ön söz yazıbdır.

Mən kitabı  “Sevgi bayatıları” fəslindən oxumağa başlayanda elə bildim ki, masamın üzərində heç bir kitab filan yoxdur. Elə İlham Qəhrəman oturub yanımda bayatılarını özü pıçıldayır mənə. Çünki bu bayatıların səmimiyyəti, bunun nazı işvəsi, sürməsi, qaşı- gözü, ədası o qədər yerli yerindədir ki, bunu  ancaq sevgi nəğməsi kimi də təqdim etmək olar. İlham Qəhrəman yazır ki:


Mey məzəyə duranda,
Qız kuzəyə duranda.
Qızıl- gümüş sevinər,
Yar bəzəyə duranda


  Və yaxud:

Yazdan gəlib göy dağa,
Heyran qalıb Göy dağa.
Göründün köks ötürdüm,
Necə boz dağ göy dağa.


 Yəqin ki, birinci bayatıya diqqət yetirdiniz. İlk iki misra səmimi bir vəsfdir.  Üçüncü   dördüncü    misra isə düşündürən,həm də göstərən məntiqdir. Axı adətən qızıl gümüşü üst-başına taxan sevinir. Amma İlham Qəhrəman o qızıl- gümüşün yar bəzəyi kimi sevindiyini dilə gətirir. Daha  dəqiq  açıqlasaq, o qızıl gümüş sevdiyinin bəzəyi olduğu üçün aşıq tərəfindən  də sevilir.  Təbii ki,  bu sevinc qızıl gümüşü də sevinməyə kökləyir. Əşya olsa da o, sevilənin yanında olduğu üçün sevinc yaşayır.

Zənnimcə, bu həm poetik tapıntıdır, həm də bayatı janrının lokanik bir şəkildə özünü oxucuya, dinləyiciyə sevdirməkdir. İkinci bayatıda da yenə İlham Qəhrəman sözlərin cinasından yararlanaraq ilk iki misrada təsviri çatdırır bizə. Son iki misrada isə vəsf etdiyinin şairə- yəni duyğusal bir insana həsrət- ağrı yaşatmaq imkanın sərgiləyir. Boz dağın ümidinə qalan vətəndə vətənsiz bir şair  göy dağın yəni ormanlı- bulaqlı- çeşməli – çaylı- kəklikli- turcalı dağın həsrətin çəkir.  Bu isə artıq düşündürən həm kövrəldən, həm də xatirələri oyadan bir bayatıdır.

Sevginin qısqanc, incik, bəzən küskün notları da olur. Söhbət həqiqi sevgidən gedir. Və bu həqiqi sevginin çalarlarını da həqiqi aşiqlər duyurlar. O duyğunu da İlham Qəhrəman kimi şairlər bayatıya çevirirlər. İnanmırsınız özünüz oxuyun:


Şirin olar yar dadı,
Gözdən salar hər dadı.
Görən heç soruşurmu-
Zəhləm qaçan hardadır?!


  Yaxud da:

Göldən uçan qu dərdi,
Suya söylə, yu dərdi.
Mənim sənsiz qalmağım,
Dəyirmanın su dərdi.


 Yəqin ki, hər iki bayatının ovqatı artıq sizi öz aurasına alıb. Həm “zəhləm gedən”, həm də “su dərdi” əslində  predmet deyil, söz deyil. Hisdir, duyğudur. Özü də su kimi dupduru, halal və içdən gəllən hiss. Sadəcə olaraq birində um-küsü var, o birində də bir mənəvi umacaq- umud, təsəlli. Çünki susuz dəyirman əslində , kobud ifadə etsəm, xaraba dəyirmandır. Sahibsiz, atılmış, unudulmuş dəyirmandır. Amma o dəyirmanın arxına suyun gələcəyini düşünsən, buna umudlu olsan, onda yaşamağa da dəyər, sevməyə də.

İlham Qəhrəmanın 275 bayatısının demək olar ki, hər birini öz baxış bucağımda, öz məntiqimlə şərh etmək, yozmaq gücümə inanıram. Amma indiki məqamda bu kitabdan hamının yararlanması üçün fürsəti oxucuya verirəm. Bir zəhmətə qatlaşsınlar. Bir qom bayatı oxusunlar. Və görsünlər ki, Ilham Qəhrəmana ölüm yoxdur. Çünki :


Yanmışam külüm yoxdu,
Pis işdə əlim yoxdu.
Laçın azad olandan
Ta bizə ölüm yoxdu.


Düşünürəm ki, bu bayatı təkcə Laçına və laçınlılara deyil, bütün Azərbaycana ünvanlanıb. Sadəcə olaraq İlham Qəhrəmanın icazəsi ilə demək istəyirəm ki,

Böyük zəfərdən sonra

Ta bizə ölüm yoxdur!

 

TƏQVİM / ARXİV