14 Oktyabr 2025 11:47
106
SİYASƏT

“Bu, üç ölkəni Suriyada, İraqda strateji təşəbbüslərin həmmüəllifinə çevirə bilər”

“ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri və vasitəçilik səyləri ilə İsraillə HƏMAS arasında əldə edilən razılıq sülh yox, atəşkəsin çərçivələrini əhatə edir. Vaşinqtonun bu uğuru Trampın fərdi təşəbbüsü ilə bərabər, ABŞ siyasətini formalaşdıran daha geniş strateji subyektlərin koordinasiyalı yanaşmasının nəticəsidir”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. 

O bildirib ki, ABŞ, Türkiyə, Misir və Qətərin imzaladığı atəşkəs planı sülh üçün görkəmli bir vizyon kimi  görünsə də, hazırkı razılıq incə ipdən asılı vəziyyətdədir:

“Hərçənd ki, ABŞ-nin Qəzza Sülh Planı atəşkəs üçün qaydaları və prinsipləri açıqlayır, atəşkəsin həyata keçirilməsi üçün ABŞ, Türkiyə, Misir və Qətərin koordinasiyasını müəyyənləşdirir. Ancaq sənəd əlavə səylərin baş tutacağı təqdirdə növbəti raund üçün həlledici sayılacaq. Bununla belə, o, yekun sülh naminə ilkin mərhələ kimi diqqətəlayiqdir. Bundan sonra HƏMAS-ın tərksilah edilməsi, İsrailin Qəzza zolağından tam çıxarılması və Qəzzada gələcək idarəetmə modeli ilə əlaqədar məsələlərdə güclü fikir ayrılıqları və gərginliklər yaşana bilər. Bu, atəşkəsin nə qədər incə məsələ olduğunu, müharibə üçün qapıların açılacağını kövrəkləşdirir”. 

Politoloq deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycan strategiyasının konstruktiv yanaşmalarda yer tutan əhəmiyyətli mövqeyi ilə izah olunur:

“Bu, Azərbaycan-ABŞ strateji tərəfdaşlığından növbəti səhifələrin açılması fonunda yeni dəyər qazanır və İlham Əliyev bunu Bakının geosiyasət quruculuğundakı rolu ilə möhkəmləndirir. İlham Əliyevin sammitdə iştirakı: - Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin müşayiətində onun ABŞ ilə münasibətlərində dönüş nöqtəsi yarandığı zamana təsadüf edir, - Azərbaycanın Yaxın Şərqdə Türkiyə, ABŞ və onların tərəfdaşları ilə dərinləşən əməkdaşlıq modelini proqnozlaşdırmağa imkan verir. Bu, üç ölkəni Suriyada, İraqda strateji təşəbbüslərin həmmüəllifinə çevirə bilər, - İsraillə Türkiyə arasında gərginliyi yumşaltmaq üçün Azərbaycana yeni vasitəçilik istiqamətləri açır”. 

Aqşin Kərimovun sözlərinə görə, Rusiya, İran kimi aktorlar Yaxın Şərq geosiyasətindəki yenidənqurmada iştirakdan kənarda dayanır:

“Lakin bunu, Yaxın Şərqdə HƏMAS-İsrail müharibəsi başlayanda sülh və təhlükəsizlik gündəminə təsir yaradan Çin haqqında da eyni sözü söyləmək çətindir. Ancaq Rusiya-Ukrayna müharibəsi, ardınca Qəzzadakı eskalasiya Çinin strateji maraqlarını böyütsə də, bu mərhələdə ABŞ diplomatiyası Pekinin çərçivələrini üstələdi. Bu, Pekinin üç etaplı sülh strategyasına meydan oxuyur. Yəni ABŞ Çinin Fələstindaxili barışıq, sonra HƏMAS-İsrail, onun ardınca isə İsrail-Fələstin münaqişəsinin həllindəki təşəbbüs və rollarını azaltdı. Pekinin bundan sonrakı rolu ilkin mərhələdə Donald Trampla Si Cinpinin sammiti ilə müəyyənləşəcək. Sonrakı periodda isə Çinin hansı istiqamətlərdən prosesə daxil olacağını indidən təyin etmək çətin görünür. Rusiyaya münasibətdə isə prosesə Donald Trampla Vladimir Putinin razılıq və sövdələşmə dərəcəsi prinsipindən də yanaşa bilərik. Ehtimalla Tramp Putinə Yaxın Şərqdə Kremlin Ağ Evə güzəşt etməsi üçün zərurətlərin yarandığını bildirib. Bunun müqabilində isə Rusiya ABŞ-nin Ukrayna üzərindən əlini çəkməsi şərtini irəli sürüb, lakin ABŞ diplomatiyası Moskvanı başqa fazalarda tələyə sala bilər”.

Vasif ƏLİHÜSEYN