SON DƏQİQƏ:

Müxalifət son və qəti döyüşə başlayıb

  92420   |  
Şriftin ölçüsü  

Ağır məğlubiyyətdən sonra Ermənistan cəmiyyətinin yuvarlandığı böhran növbəti mərhələyə qədəm qoyub. Dünəndən ölkədə ümumi tətil elan edilib, paytaxt Yerevanın Teatr meydanında çadırlar qurulub, müddətsiz oturaq aksiyasına start verilib. Aksiyanın nə qədər çəkəcəyi dəqiq bilinməsə də, mücərrəd müddəti var : “ Paşinyanın istefa verənə qədər”.

Paşinyan isə hələ ki istefa verənə oxşamır və bunu təkcə məğlubiyyət sonrakı davranışlarıyla nümayiş etdirməyib, həm də açıq mətnlə dəfələrlə bəyan eləyib. İndiki halda onu yalnız zorakı üsullarla istefaya göndərmək mümkündür ki, birləşmiş müxalifət də bu yöndə son və qəti döyüşə başlayıb.

10 noyabrda imzalanan üçtərəfli sazişdən sonra baş naziri əvvəlcə parlament vasitəsilə vəzifədən atmaq istədilər. Düzdür, Paşinyanın partiyasının parlamentdə mütləq say çoxluğuna malik olması bu məsələni çətinləşdirirdi. Amma Ermənistan da qarışıq bir çox ölkələrin, elə Paşinyanın özünün hakiniyyətə gəlmək taktikası göstərir ki, deputatlar ciddi siyasi böhran şəraitində, məcburiyyət qarşısında qərar qəbul eləmək məcburiyyəti qarşısında qalanda şəxsi istəkləri və yaxud partiya mənsubiyyəti prinsipiylə yox, daha çox küçə və meydanların təzyiqiylə düyməyə basırlar.

Bu üsul Yerevanda keçmədi, bir neçə deputatın dönüklüyü yetərsiz oldu və hakim partiya parlament böhranını ötüşdürə bildi. Hətta Paşinyan bir neçə günlük bunker həyatından qurtulduqdan, kabinetində yağmalanmış əşyalarının, xüsusilə bahalı fransız odekolonunun xiffətindən ayılıb özünə gələndən sonra həmin parlamentə ayaq açmağa, nitq söyləməyə, hətta ölkəni böhrandan çıxarmaq üçün cəmiyyətə qısa müddətli proqram təqdim eləməyə də özündə güc tapdı.

Sonra etirazların ikinci mərhələsi, aramsız küçə yürüşləri və mitinqlər başladı. Baş nazir bu mərhələdən də addamağı bacardı, çünki hüquq-mühafizə orqanlarına, xüsusilə orduya və polisə nəzarəti öz əlində saxlaya bilmişdi. Arada baş qərargah rəsi ordunun lazımi anda lazımi yerdə olmasıyla bağlı yuxarıdan gələn göstərişə müqavimət göstərməyə çalışsa da, müdafiə nazirinin “məsləhət”indən sonra o da öz fikrindən vaz keçmişdi.

İndi müxalifət hakimiyyəti devirməyin üçüncü, son və qəti mərhələsinə qədəm qoyub. Uzunmüddətli tətil elan olunması, oturaq aksiyalara başlanılması göstərir ki, geri durmaq fikrində deyil, başladığı işi sona çatdırmaqda qərarlıdı. Bundan sonra, ola bilsin ki, siyasi mübarizə arenası qanlı savaş meydanına çevriləcək və ölkə 2008-ci ilin 1 mart faciəsini yenidən yaşamalı olacaq. Bu davanın 12 il əvvəldəki kimi hakimiyyətin, yoxsa müxalifətin udacağı isə hələlik heç kimə məlum deyil. Əgər Yerevan polis şöbəsi xüsusi batolyonunun komandir müavini Xaçik Tovmasyanın baş verənlərə etiraz əlaməti olaraq istefa verməsi zəncirvari reaksiyaya çevrilsə, onda Paşinyanın aqibətinin həll olunduğuna şübhə yeri qalmayacaq. Çünki onun indiyə kimi hakimiyyətdə duruş gətirməsinin ən başlıca səbəblərindən biri polisin öz baş nazirliyinə sadiqliyidir.

Ancaq hamısı deyil.

Sorosçu Paşinyan Qərbin layihəsidi və üzləşdiyi ağır məğlubiyyətdən sonra öz əsas himayədarları hələ də ona olan ümidlərini itirməyiblər. Üstəlik, bu məğlubiyyət onu bir vaxtlar təpik atdığı Rusiya ilə də yaxınlaşmağa, Putinin əl buyruqçusuna çevrilməyə məcbur elədi. Putin hər nədirsə böyük praqmatikdi, siyasi maraqları naminə bu cür incikliklərin üstündən keçməyi bacarır. Üstəlik, indiki şəraitdə hakimiyyətə kim gəlsə, Paşinyan qədər Moskvaya yaxın olmayacaq. Qəsdən Rusiyapərəst kim gəlsə demirik, çünki hazırda Yerevanın siyasi səhnəsində cövlan eləyən fiqurların hamısı Kremlin sadiq vassallarıdı.

Amma Paşinyanın avantajı tək bu deyil. İnsafən, onun Ermənistandakı reytinqi hələ də hardasa 60 faiz civarındadı. Bu böyük rəqəmdi, hətta müharibədəki biabırçı məğlubiyyət olmasaydı belə, iki-üç illik hakimiyyətdən sonra bu cür reytinqi qoruyub saxlamağı bacarmaq heç də asan iş deyil.

Müxalifətin iki ay yarımdı ki, bitmək bilməyən bu çabalarının uğursuzluğu daha çox onunla bağlıdı ki, indi ölkədə adamların inandığı bir lider, böhranın qarşısını alacaq konkret bir siyasətçi və ya siyasi təşkilat yoxdu. 17 siyasi partiyanın vahid namizədi kimi təzədən dirilib tribunalarda boy göstərən Vazgen Manukyan isə çarəsizlik sindromunun məhsuludu. İstənilən cəmiyyət siyasi infantillik dövrünü yaşayanda vahid namizədə möhtac olur. Bu gün Paşinyanı yıxmaq istəyən qüvvələrin hamısı mariginal qruplardı, nə indi, nə də uzun illər bundan sonra da onların heç biri təkbaşına ölkəni bu ağır kollapsdan qurtarmağa qadir deyil, məqsəd yalnız öz şəxsi və ya siyasi incikliklərinin hayıfını çıxmaqdı.

Üçtərəfli saziş imzalanandan bir neçə gün sonra Paşinyan rəqiblərinə müraciət edərək ölkənin düşdüyü durumda onun atdığı addımlardan fərqli nə edə biləcəklərini soruşanda daşdan səs çıxdı, onlardan yox. Nə Manukyan, nə də onu taclandırmaq istəyən qüvvələr nə Rusiyadan, nə də Dağlıq Qarabağa artıq “durbin”lə baxan Qərbdən indiki baş nazirdən daha çox nəsə qoparda bilməyəcəklər. Daxili potensialdan isə danışmağa dəyməz. Ordunun 80 faizi məhv edilib, iqtisadiyyat çöküb, cəmiyyət demorolizə olub, siyasətçilər marginallaşıb, diaspor başını itirib, ziyalılar yeni cazibədar miflər quraşdırmaq axtarışına çıxıb, ən başlıcasısa, xalq mənən sarsılıb, on illər boyu içində qovrulub qalacağı ruh düşgünlüyünə qapılıb.

Belə bir acınacaqlı durumda zorən hakimiyyət başına itələnən Vazgen Manukyanın məşum təcrübəsi də heç nəyə yaramayacaq. Neyləyəcək? Yenidən ötən əsrin 80-ci illərinin sonunda yaratdığı məşum “Qarabağ komitəsi”ni dirçəldəcəklər? Yenidən sıfırdan başlayacaqlar? Axı, 30 ildir ölkəni idarə eləyən və hazırkı acınacaqlı duruma salan siyasi partiyaların hamısı bir vaxtlar məhz həmin komitənin şinelindən çıxanlardı.?!

Bir sözlə, dairə daralıb və qapanıb, artıq bu ölkəni nə “məxməri inqilab”, nə hərbi çevriliş, nə də hər hansı silahlı üsyanla həmin dar dairədən çıxartmaq mümkündü. İstənilən siyasi təbəddülat yanan ocağın üstünə tökülən benzin effekti verəcək, ölkəni daha çıxılmaz dalana dirəyəcək. Xilas yolu bu deyil. Ermənistan cəmiyyəti öz siyasətçilərini yox, əsrlər

boyu onu bu cür faciələrlə üzləşdirən streotipləri dəyişməyə, xam xəyallardan birdəfəlik əl çəkməyə, daim kimlərəsə sığınmaq, kimlərdənsə imdad diləməklə xəstə xəyallarını gerçəkləşdirmək arzusundan birdəfəlik vaz keçməli, bu günündən, tarixindən dərs çıxarmalı, Eçmiədzinin min illərdi bitmək bilməyən xəstə ideologiyasından əl çəkməlidi. Erməni xalqının ən böyük problemi siyasətçi, hərbçi, ziyalı problemi deyil, qonşular problemi heç deyil, hətta təmsil elədiyi dinin içində də yalquzaq kimi tək-tənha dolanan kilsə problemidi.

Bu günlərdə sosial şəbəkələrdə bir erməni əsgər anasının tük ürpədən videosu yayılmışdı. Oğlunun nə ölüsünü, nə dirisini tapa bilməyən ana öz ölkəsinə, onun müxalifətinə də, iqtidarına da nifrinlər yağdırır, kömək üçün Azərbaycana, onun prezidentinə müraciət eləyəcəyini deyir və inamla bildirirdi ki, o mənim səsimi eşitsə, kömək edəcək, dərdimə əlac qılacaq. Bu tək bir ananın səsi deyil, bu gün erməni xalqının arasında belə düşünənlər çoxdu, sadəcə, gözünü qan örtmüş “başbilənlərdən” fərqli olaraq çoxları düşündüklərini dilə gətirməyə qorxur.

Yol budu, barışıq və qonşularla dinc yanaşı yaşamaq yolu.

İndi sıravi ermənilərin ürəyindən xəbər verən bu yolu asi düşüb düşmən gözündə gördükləri qonşularının özləri onlara təklif edir. Bakıdakı möhtəşəm Qələbə paradında Türkiyənin Cümhurbaşqanı R.T Ərdoğan da, Azərbaycan Prezidenti İ. Əliyev də erməni xalqına sülh mesajları verdilər, barışıq əli uzatdılar. Qaliblərin məğlublara əl uzatmağı nadir hadisədi, böyük alicənablıqdı. İndi bu mesajları qiymətləndirmək qarşı tərəfdən asılıdı. Ya daşı ətəklərindən atıb düşmənçiliyə və kin-kidurətə birdəfəlik son qoymalı, ya da növbəti ağır məğlubiyyətlərə hazır olmalıdırlar. Üçüncü yol yoxdu, hakimiyyət çalxalanmaları nəticəsində kimin Ermənistanın başına keçəcəyindən asılı olmayaraq, qisas ritorikası daha ağır nəticələrə gətirib çıxardacaq. Heç şübhələri olmasın.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK