adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Noyabr 2020 15:35
56357
LAYİHƏ
A- A+

1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!

(Bizim çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)

 

(əvvəli ötən sayımızda)

 

Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi ərazisidir

 

1987-1992-ci illərin hadisələrinə keçməzdən əvvəl bir neçə cümlə ilə türk etnoslarının ən qədim yaşayış məskəninə - tarixin izlərini öz köksündə qoruyub saxlayan Anamız Qarabağa kiçik bir ekskursiya edək. Məlum həqiqətdir ki, Azərbaycan çox qədim tarixə, zəngin sərvətlərə, maddi-mədəniyyət abidələrinə malik bir ölkə kimi, ta qədimdən səyyahların, coğrafiyaşünasların, şairlərin, tarixçilərin, müxtəlif sənət və peşə sahiblərinin diqqətini özünə cəlb etmişdir. Azərbaycan xalqı çox çətin tarixi yol keçərək öz şərəf və ləyaqətini qorumuşdur. Fəxrlə deməliyik ki, Azərbaycan bu gün müstəqil bir dövlət olaraq dünya dövlətləri sırasında öz sözünü deyir. Bayrağımız dünya dövlətlərinin bayraqları sırasında dalğalanır, himnimiz ən mötəbər tədbirlərdə səsləndirilir.

Azərbaycanın Dağlıq Qarabağ adlı ərazisi bütöv bir tamın-tarixi Qarabağın üzvi hissəsidir. Qarabağ həm dağılıq, həm də düzənlik kimi, həmişə bir-biri ilə sıx və qırılmaz şəkildə bağlı olmuş, biri o birisiz yaşaya bilməmişdir. Dədə-babalarımız min illərlə Qarabağda yaşayıblar, kəndlər, şəhərlər salıblar, bu torpağı yadellilərin hücumlarından qoruyublar, Vətənə sonsuz sevgilərindən saysız-hesabsız tarix və memarlıq abidələri: Bayat, Şahbulağı, Şuşa və Əsgəran qalaların, dünyanı heyrətə salan Şuşa adlı bir şəhəri tikiblər, Qarabağ xanlığı adlı dövlət yaradıblar. Bunlar tariximizin qızıl səhifələridir. Bu tarixi həqiqətlər dünya xalqlarına yaxşı məlumdur... Belə sənədlərdən biri də "Soyuz" qəzetində nəşr olunmuş "Qarabağın otlaq təsərrüfatı və biçənəkləri"nə həsr olunmuş yazıdır. Tarixi yazının müəllifi texnika elmləri namizədi Aleksandır Mixayloviç Skibitskidir. O öz atası Mixail Skibitskinin arxiv sənədlərindən istifadə edərək "Qarabağ əyalətinin tarixi-coğrafi təsərrüfat sxemi"ni vermişdir. Çox təəssüf ki, belə bir vacib sənəd mətbuatda ictimaiyyətə az çatdırılmışdır. Olduqca maraqlı olan bu nadir nüsxədə Qarabağın və Dağlıq Qarabağın azərbaycanlılara məxsusluğu tarixi fakt əsasında yazılmışdır. (Bax: Tiflis-1899-cu il). Bu tarixi yazı-vətənsiz ermənilərin Dağlıq Qarabağa köçürülüb gətirildiklərini özündə əks etdirdiyi üçün ermənilər bu diyarşünaslıq sənədlərini məhv etməyə çalışmışdılar, ancaq buna tam nail ola bilməmişdilər.

Qarabağın türk etnoslarına məxsusluğunu Azıx mağarası, Tağlar mağarası, "Şuşa mağarası", Kəlbəcər qayaüstü təsvirləri, Şortəpə, Kültəpə, Uzuntəpə, Üzərliktəpə, Xantəpə, Qaraköpəktəpə, Yedditəpə, Çardaqlı abidələri, Leylatəpə, Xocalı kurqanları (gor evləri. Ə.Ş), Xocalı qəbiristanlığı, Təzəkənd abidələri, Sarıtəpə abidəsi, Örənqala, Üçtəpə, Orta əsr abidələri, Töyrətəpə, Nərgiztəpə, Çələbürd qalası, Govurqala məbədi, Amaras, Ağoğlan, Gəncəsər və s. sübut edir. Qarabağ regionunun çoxsaylı maddi-mədəniyyət abidələrinə Şuşa rayonunun Şırlan kəndindəki "Qara kaha"nı, "Üçağızlı" kahanı, "Ayı mağarası"nı da misal göstərə bilərik. Bu kaha və mağaralardan çoxlu insan və heyvan sümükləri, daşdan hazırlanılmış çıraq və daş alətlər tapılmışdır. Bu kənddə üçmərtəbəli qəbirlər, nəhəng insanın baş və bazu sümüyü, sümük üzərində insan və at şəkli çəkilmiş təsvirlər, gildən hazırlanılmış mıncıqlar və s. vardır. Həmin kənddən 1-2 km aralıda "Arxaş çayı" deyilən yerin sol sahilindəki yamacda basdırılmış nəhəng küp qəbirlər və s. nədənsə arxioloqlar tərəfindən öyrənilməmiş və tədqiq edilməmişdir.

Elə buradaca onu da qeyd edim ki, 1989-cu ildə Şuşanın yaxınlığındakı Şuşakəndlə Qırmızıkənd arasındakı talada qədim türk qəbirlərinin üstündəki nəhəng başdaşları ermənilər tərəfindən sındırılıb dərin xəndəklərə tökülmüşdür. Hadisə yerinə şəxsən özüm gedib baxmışam. Bu başdaşlarının sındırılmasına etiraz edən yaxın dostumuz mərhum İsgəndər Abdullayevin həmin ərazidəki evi və maşını ermənilər tərəfindən yandırılmış, heyvanları və ailəsi girov götürülmüşdür. Mən, qardaşlarım: Yaqub, Şakir və İsgəndərin qardaşı Məhərrəm hadisə yerinə getdik və İsgəndərin ailəsini güclə ermənilərin əlindən xilas edə bildik.

 

Dünyanı heyrətə gətirən şəhər - Şuşa

 

Mən Azərbaycanın Şuşa şəhərinin Şırlan kəndində doğulmuşam. Gözlərimi açanda türk etnoslarının ən qədim yaşayış məskəni sayılan Qarabağı, onun ana bətnindən doğulmuş Dağlıq Qarabağı, 1750-ci ildə Pənahəli xan tərəfindən tikilmiş Bayat, Şuşa, Şahbulaq və Əsgəran qalaların, dünyanı heyrətə salan musiqi və mədəniyyət beşiyi Şuşa şəhərin, onun aşağısında yerləşən vaxtilə Qarabağ xanlığının bağ-bostan yeri, sürülərinin otlaq sahəsi olan, sözün əsl mənasında XX əsrin 50-60-cı illərinədək kiçik bir kəndi xatırladan, Azərbaycanın sərvəti ilə şəhərə çevrilən Xankəndini, sıldırım qayaların üstündə əsrlərlə qərar tutan, Çin səddini xatırladan divarları, qala bürclərini, memarlıq abidələrini öz gözlərimlə görmüşəm, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Artıq mənim 73 yaşım var. Atam danışırdı ki, biz uşaq olanda Xankəndində 5-10 ev vardı. Həmin evlər də azərbaycanlılara məxsus idi. Hətta evlərin sahiblərinin adlarını da deyirdi.

Azərbaycanın tarixi ərazisi sayılan Dağlıq Qarabağın qədim türk etnoslarına məxsusluğunu, burdakı yer-yurd adlarının doğmalığını, gözəlliyini, möhtəşəmliyini, əlçatmazlığını şeir və publisistik, tarixi yazılarla oxuculara tanıtmışam. Bu torpağın havasını udmuşam, suyunu içmişəm, çörəyini yemişəm, xəritəsin gözlərimə köçürmüşəm. Şuşa şəhərində Allaha yaxınlıq rəmzi sayılan minarələrindən göylərə ucalan, insan ruhuna paklıq bəxş edən azan səslərin eşitmişəm, zümrüd meşələrinə, uca dağlarına, qoyunlu-quzulu yaylaqlarına, diş göynədən bulaqlarına, burdakı milli-mənəvi dəyərlərə valeh olmuşam, onlarla əsərlər həsr etmişəm. Dünyaya çatdırmışam ki:

Üç min il yaşayır Sərv ilə Çinar,

Onlar Evkaliptin kölgəsindədir.

Everest zirvələr şahı olsa da,

Şuşa ulduzların çərgəsindədir!!!

 

Sizlərdən nə gizlədim, son 28 ildə həsrətin çəkdiyim el-obalarımıza qovuşacağıma inamımı itirməmişəm! Başımın üstündən uçan durnalara bələdçilik edərək:

 

O dağın o üzü bizim Vətəndir,

Görün o yerlərdə nələr qalıbdır?!

 

sualını verməkdə, həm də bildirmişəm ki, orda:

 

Nuhdan üzübəri daş kitabələr,

Minillik tarixdi ellər qalıbdlr!

 

(Bax: Ə.Ş. "Vətən kişiliyə çağırır bizi" - 2000-ci il). Anam Qarabağa üzümü tutanda isə:

 

Bir qara daşın da əzizdir mənə,

Qarış torpağını yada qıymaram!

Sən ürək yerinə sığdın sinəmə,

Yüz il vəsf eləsəm, yenə doymaram!

 

- demişəm.

 

(ardı növbəti sayımızda)

 

Əyyub Şırlanlı, şair-publisist, əməkdar müəllim,

AYB-nin üzvü, müharibə və əmək veteranı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.