SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: AND YERİMİZ

  88118   |  
Şriftin ölçüsü  

“Torpaq haqqı” olsun

 

Son günlər ömür yolum anbaan gözümün önündə canlanır. Bu da təsadüfi deyil. Bütün ölkəni ayağa qaldıran, insanların dumanlanmış ümidini közərdən və alovlandıran odlu döyüş əməliyyatları mənim də içimdə tonqal qalayıb. O tonqalın alovları işığında Bakıdan üzü Qarabağa boylanıram. Və elə boylandığım məqamda da yadıma hələ 1991-ci ilin payızında, daha dəqiq desəm, sentyabr ayında kəndimdən yazdığım sonuncu yazı düşür. O yazının adı da yadımdadı:

- “Bakıdan Xankəndi görünmür”.

İndi isə içimdən də, Bakının hər bir nöqtəsindən də, bütün Azərbaycandan da, lap elə çalışdığım “Ədalət” qəzetindən də Xankəndi də görünür, döyüş gedən bölgələrimiz də, qaçan erməni də, onu qovan əsgərimiz də. Bəli, bu bir gerçəklikdi. Bu, ömrün son 15 gününün real yaşamının diqtəsidi. Əlim ürəyimin üstündə olsa da, gözüm, qulağım xəbər sorağındadı... Bayrağı qaldıracaq əlləri axtarıram... “Muştuluq!” qışqıracaq səsləri dinşəyirəm... Və yenə xəyalnan, duyğularnan qayıdıram ilkimə - kəndimə. Onda hər şey tamam fərqli idi. Və mən bu fəqrli durumda düşünürdüm, yazırdım:

 

Yandı evim, eşiyim

Yandı divarım, daşım...

İsit, qoyma üşüyüm –

İsit məni göz yaşım...

 

Və bunun ardınca da yazırdım ki:

 

Qarşımdakı bu şəklə

Baxa-baxa qalmışam...

Elə bil ki, bu həkklə -

Ağır zərbə almışam...

Qayıtmaq gücüm də yox!

 

Mən bu şeiri ona görə yazmışdım ki,  təsadüfdən əlimə düşən kitablarımın birinin içərisində kəndimizin şəklini gördüm, evimizin şəklini gördüm. Tələbə yoldaşlarımızla birlikdə Azıx mağarasına səyahətə getmişdik. Oradan da Tuğa, kəndimizə gəldik. Və bu təəssüratı potaya köçürdük. İndi qaçqınçılıq dövründə gəlib çıxdı qarşıma bu şəkil. Və mənim nələr yaşadığımı, nələr keçirdiyimi, nələr içimdən sel kimi hayla, harayla axıb getdiyini etiraf edim ki, yaza bilmirəm. Və anlayıram ki, bu zülm, bu əzab içimi qurd kimi gəmirir, tüstümü başımdan çıxarır.

Bəli, mən o şəkillə danışa-danışa özümü unutdum. Və bir də gördüm ki, anam dayanıb gözlərimin qarşısında. Yanaqlarında da yaş damcıları. O damcılar yarama od basdı, dağladı məni. Bir də xatırladım, qaçqınçılığımızın 10 yaşında anama yazmışdım:

 

Ürəyi bir kövrək layla istəyir

Gözlərim yumulu, qulağım səsdə...

Sifətin qırışıb,  əlin titrəyir,

Sən nə həvəsdəsən, mən nə həsədə?

Mənim çadırlarda qocalan anam.  

 

Sözün göz yaşıdı, söhbətin acı

Elə çırpınırsan bu dar qəfəsdə.

On ildi gəzirsən başı aşağı   

Sən nə həvəsdəsən, mən nə həsədə?

Mənim çadırlarda qocalan anam.  

 

Saçın ağarmışdı, indi bozarıb

Nə yeriş həməndi, nə boyun bəstə.

Yuxusuz qalmaqdan gözün qızarıb

Sən nə həvəsdəsən, mən nə həsədə?

Mənim çadırlarda qocalan anam.  

 

Zaman balta çaldı diləklərinə

Qığılcım axtardın ən adi kəsdə.

Dedin insaf gəlsin ürəklərinə

Sən nə həvəsdəsən, mən nə həsədə?

Mənim çadırlarda qocalan anam.  

 

İllər dəyişdirdi bizləri yaman

Yalandı deyilən söz də, nəfəs də.

Laylanı eşidib, bəlkə, o zaman

Yenidən yaşayam mən o həvəslə

Mənim çadırlarda qocalan anam.  

 

İndi bu şeiri içimdə təkrarlayanda Beyləqana atılan düşmən mərmilərinin gurultusunu heç eynimə də almadım. Çünki indi düşmən  son nəfəsini mərmiyə, gülləyə çevirsə də, uduzduğunu anlayır. Bilir ki, saman çöpündən yapışıb... bilir ki, bu torpağın ərənləri oyanıb... anlayır ki, Azərbaycanın Ali Baş Komandanı döyüş əmri verib. Və bu əmr birmənalı şəkildə yerinə yetirlir. Çünki bu xilas, bu, əks-hücum əmridi. Bu həm də Qələbəyə səsləyən bir çağırışdı!..

Mən həmin o illərin ağrısını-acısını yaşadığım illərdə özüm-özümə təsəlli vermək üçün xəyallar qururdum. Hətta Horadiz işğaldan azad ediləndə içimdə baş qaldıran böyük ümidin tonqala çevriləcəyinə dəli kimi inandım da. Şükürlər ki, 25 ildən sonra bu inam təsdiqini tapdı. Və indi bir vaxtlar uşaqlarıma üz tutub dediyim misralar duyğularımın kövrəkliyinə, özümün nə qədər hislərə qapılıb hərdən də ümidsizliyə baş əyməyimə bir nişanədi. Axı, onda yer də, göy də üstümə gəlirdi. Və mən onda əməlli-başlı Vətəndə vətənsiz idim. Bu vətənsizliyin nə demək olduğunu mənim yaşadıqlarımı, mənim çəkdiklərimi bilənlər bilir. Axı, onda dünya namərd idi... onda hər şey, hətta əlimi yandıran köz də mənə yaxşı heç nə demirdi. Amma indi... Onda yazmışdım:

 

Dərdi, qəmi atmaq üçün

Başımızı qatmaq üçün...

Arzumuza çatmaq üçün –

Uydurmuşuq, bu gün, sabah yalanını.

 

Göz yaşıdı yatırımız

Su saxlamır çadırımız.

Görünsə də axırımız –

Uydurmuşuq, bu gün, sabah yalanını.

 

Üstümə kim qarıldadı

Buynuzları qarnındadı.

Damağımda qarın dadı!

Mən aranda uydururam bu təsəlli yalanları!

 

Hə, hamımız bezmişdik təmtəraqlı sağlıqlardan... hamımız diksinmişdik “növbəti ad günü Qarabağda keçirək!” arzusundan... hamımız doymuşduq bəlağətli sözlərdən. Amma indi “İnşallah, Qarabağda!..” deyiləndə artıq heç bir şübhəyə yer qalmır. Çünki  reallıq göz önündədir... çünki Suqovuşan bizdədi... Bunu elə-belə demirəm. Axı su aydınlıqdı. Su qovuşubdusa, deməli, biz də qovuşacağıq. Bizim də alnımızda bir qovuşmaq yazısı varmış. Şükür o  yazıya, şükür o yazını yazana! Görünür, Horadiz işğaldan azad olunanda  və şəhərə rəhmətlik qara polkovnik Fətulla Hüseynovla ilk dəfə daxil olanda gördüyüm mənzərədən sonra yazdığım şeir özü də bir fəhm imiş. Onda yazmışdım ki:

 

O daşa bax

sinəsini güllə deşib.

O ağacı

mərmi yıxıb.

Yaralı daş səngərdədi

şəhid ağac

öz kökünün kölgəsində.

Yaralı daş...

şəhid ağac...

Bizdən kişi

çıxıb, qardaş!

Bəlkə biz də

yola çıxaq,

bu qorxunu

yıxıb, qardaş!

 

Bəli, indi yola çıxdığımız gündü. Ağdama, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Zəngilana, Qubadlıya, Laçına Ağdərəyə, Kəlbəcərə, Xocalıya, Şuşaya çıxdığımız yoldu bu yol! Və biz bu yolu artıq qalib kimi gedirik... torpağın sahibi kimi gedirik. Və hələ neçə illər bundan öncə xalq şairi böyük Bəxtiyar Vahabzadə ilə söhbətlərimizin birində mənə dediyi kimi, “Bu, böyük Qayıdışın yoludu”. Bəxtiyar müəllim mənə ürək-dirək verirmiş kimi onu da dedi ki, “Darıxma, Türkün özünə dönüşü var. Bizim də böyük dönüşümüz olacaq. Bu, böyük Qayıdış kimi düşəcək tariximizə”.

Xalq şairimizin bu fəhmi indi çin olur, indi gerçəkləşir. Və mən bu gerçəkləşən qayıdışın bir sıra nəfəri kimi özümü xoşbəxtlərin sırasında görürəm. Çünki “ölməyə vətən yaxşı” deyənlər elə-belə adamlar olmayıb. Onların istəyinin mahiyyəti indi bəlli olur mənə. Yadıma dünyasını dəyişmək ərəfəsində atamın dediyi söz də düşür. “Allah möhlət verə, gedib kəndimdə öləm!”. Mən bu arzunun fərqinə indi daha çox varıram. İndi anlayıram ki, atam Allahdan elə-belə ömür istəmirmiş, kəndini görmək üçün möhlət istəyirmiş. Təəəssüf ki, bu günü görmək, qələbə xəbərlərini eşitmək dünyasını dəyişən insanlarımıza nəsib olmadı. Amma ruh ki, yaşayır. İnanıram ki, indi o ruhlar Qarabağdadı, səngərləri keçib gediblər. Orda qarşılayırlar əsgərlərimizi... orda qarşılayırlar igidlərimizi.

Bəli, bu gün nə yazdığımı, necə yazdığımı o qədər də ifadə edə bilmirəm. Çünki içimdəki sevinc və qəhər qarışıb bir-birinə. Mən bu qarışıq və bu yozumu hər kəsə bəlli olan durumda ancaq və ancaq bir anı gözləyirəm, bir ana diqqət kəsilmişəm. O da Ali Baş Komandanın elan edəcəyi “QƏLƏBƏ!” sözüdür. İnanın, o sözün işığını, o sözün istisini də artıq hiss edirəm. Yəni artıq Azərbaycan bir müsəlləh əsgərə çevrilib. Hər kəs o qələbəni gözləyir... hər kəs o atəşfəşanlığı gözləyir... hər kəs Bakıda keçiriləcək “QƏLƏBƏ PARADI!”nı gözləyir. Mən elə o sevincin içərisində indidən özüm-özümə deyirəm ki:

 

Bütün ağrı-acını

Canıma köçürmüşəm...

Odunu, alovunu

Qanıma köçürmüşəm –

Vətən!

 

Özüm böyda sipərəm

Döyüşən ər, oğula...

Sərt tikanlı çəpərəm

Düşmən qorxar toxuna –

Vətən!

 

Gözümün ağını da

İşığına qatıram

Bayraqdar qədəminə

Ürəyimə atıram –

Vətən!

 

Yumruq boyda daşınam

Qol  boyda da ağacın...

Vur düşmənin başına

Qoy itsin ağrın-acın –

Vətən!

 

Bu zəfər məqamında

Bir az ruhum yuxadı...

Birnəfəsə gedirəm

İndi yolum Tuğadı –

Vətən!

 

Hə, şükür ki, yolum Tuğadı... Şükür ki, içimdə sıralanan ümidlər əsgərlərimizə qoşulub məndən öndə gedirlər. Və mən də bu cərgəyə qoşulmaq üçün hazıram. Özü də canla-başla. Və bir də mən artıq dəfələrlə yazıb təkrarladığım bir nisgili indi içimdən qovmaq gücündəyəm. Çünki  özümün “Ehtiyacım  elçi daşı” kitabında yazmışdım ki:

 

Ana qucağından

isti yer

körpə qığıltısından

həzin musiqi

varmı dünyada!

Ana – ana torpaq

övlad əsgər.

Başını söykədiyin

sinəyə

sevgini göstər...

Ağrısını

süd kimi əm!

Qəmin kəm,

Ana, qəmin

kəm torpaq,

qəmin kəm...

 

Bu gün torpağımız da, analarımız da, övladlarımız da, özümüz də qəmdən qurtuluruq. Bu gün bir-birimizə gözaydınlığı veririk. Və bu gün biz həm də darıxdığımız torpağı çiynimizə qaldırmışıq. Çünki onun 30 il yad tapdağında qalmasına imkan vermişik. Və bu xəcalətdən çıxmağın qisasını qanımızla alıb onu çiynimizə qaldırmışıq ki, bir daha yad ayaq dəyməsin, yad nəfəs toxunmasın. İnşallah, belə də olacaq! Və biz bir-birimizə bundan sonra bir andla müraciət edəcəyik. Yəni sözümüzü, fikrimizi isbat üçün “TORPAQ HAQQI!” – deyib and içəcəyik. Yəqin siz də mənimlə həmfikir olacaqsınız. Çünki bundan gözəl and yoxdu dünyada. Mən də o andla sizə deyirəm:

- Torpaq haqqı, sizi Tuğda gözləyəcəm, gəlin!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK