SON DƏQİQƏ:

"Meyxanaçıların sürdüyü həyat tərzi ordan uzaqlaşmağıma səbəb oldu" - MÜSAHİBƏ

  72284   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz gənc şair Elvin Əlizadədir.

-Əli Kərim adına poeziya evində vəzifən nədir? Ümumiyyətlə, orda nə işlə məşğulsunuz?

-4 ildən çoxdur Sumqayıtda Əli Kərimin adını daşıyan Poeziya Evində çalışıram. Vəzifəm kütləvi tədbirlər üzrə təşkilatçıdır. Ümumiyyətlə, müəssisədə texniki işçilərdən başqa 3 nəfərik və vəzifə bölgüsü etmədən ümumi müəssisə ilə bağlı verilən tapşırıqların öhdəsindən vaxtında və layiqincə gəlməyə çalışırıq. Sumqayıt Poeziya Evi hal hazırda pandemiya ilə bağlı onlayn fəaliyyət göstərsə də zaman-zaman bir sıra beynəlxalq və ölkə miqyaslı tədbirlərə ev sahibliyi edib və məlum qadağalar götürülərsə, necə deyərlər həyat axarına düşərsə bundan sonra da davam etmək fikrində və potensialındadır. Şair İbrahim İlyaslı, yazıçı Almaz Bəyazid və mən öhdəmizə düşən missiyanı həm vəzifə borcu kimi, həm də içdən gələn xüsusi sevgi ilə icra etmişik və edirik. Bizim müəssisənin şəhərimizdəki ədəbi mühitin qaynarlığının qorunub saxlanmasında, bu hərarətin davam etməsində müstəsna rolu var ki, bunu kitab təqdimatlarında, istər yerli, istərsə də tanınmış və sevilən digər yazarlarla görüşdə iştirak edən tamaşaçılar və qələm sahibləri təsdiq edə bilərlər.

-Vaxtilə meyxana deyirdin. Indiki dövrdə meyxana və bunun vasitəsiylə el şənlikləri daha gəlirli sahədir. Hətta hansısa mədəniyyət orqanındakı bir aylıq maaşı hansısa toyda meyxana deməklə 1-2 saata əldə etmək mümkündür. Nə vacib idi bunu hansısa mədəniyyət evində sıravi bir işə dəyişməyə?



-Bəli, mən də bir zamanlar sintetik sənət növü sayılan bədahətən söz sənəti ilə - meyxana yaxud bədihə ( bu adın mübahisəsi hələ də davam edir. Hər iki tərəfin özlərinə məxsus tutarlı faktları var) ilə məşğul olmuşam. Yaşıma görə bəzi uğurlarım da olub. Televiziya yarışmasında da iştirak etmişəm. Necə deyərlər bu sənətlə siz deyən səviyyədə olmasa da pul qazanmışam. Lakin bu sənətin tanınmış və mən deyərdim ki, ən istedadlı bəzi daşıyıcılarının sürdüyü həyat tərzi, cəmiyyət üçün zərərli nümunə sayılacaq addımları bu gözəl sənətin xalqın ziyalı təbəqəsi arasında nüfuzdan düşməyinə ( sözsüz ki, bütün bunlara rəğmən sevənlər və dinləyənlər də var ki, adı gedən sənətin yaşamasına həm birbaşa, həm dolayısıyla təkan olurlar ) və mənim də tədricən uzaqlaşmağıma səbəb oldu. Bütün bunlara baxmayaraq mən bu sənəti sevirəm. Bir neçə ifasını və istedadını bəyəndiyim dostlarım var ki, onların ifalarında bu sənətin maraqlı nümunələrini bu gün də dinləyirəm. Maddiyat məsələsinə gəldikdə isə şablon ifadə olsa da deyim ki, pul hər şey demək deyil. Az da olsa, çox da olsa pulu hər zaman qazanmaq olar, ancaq hər insanın öz məqsədi, öz ideyaları və idealları var ki, onlara çatmaq üçün itib gedən vaxtı sonradan təkrar əsla qazanmaq olmaz. Bu sənətin nomal düşüncəli, sağlam əqidəli, zərərli vərdişlərdən uzaq istedadlı və sevilən daşıyıcıları var ki, onların bu sənəti davam etdirməsini alqışlayıram və əminəm ki,məhz onların sayəsində qədim folklorumuzun əvəzsiz nümunəsi sayılan bu sənət layiqli qiymətini alacaq və yaşayacaq.

-Gəncsən. Nə zaman görüşürük, gəncləri bir yerə yığıb hansısa gənclik platforması yaratmaqdan danışırsan. Amma bu sözlərdən sonra səni ancaq Ehtiram İlham, Əyyub Qiyas, İbrahim İlyaslı və.s ilə görürəm. Gəncləri toplayaq, iş görək deyəndə onları nəzərdə tutursan?

-Bəli, gəncəm. Adı çəkilən insanları da gənc hesab edirəm. Onların ədəbiyyatla, yaradıcılıqla bağlı məsləhətlərini dinləyirəm və faydasını görürəm. Bu ilin əvvəlində böyüklərin xeyir-duası ilə Sumqayıtda yaşayan gənc qələm sahiblərini bir araya yığaraq vaxtilə şəhərimizdə mövcud olan, gənclər təşkilatlarının brendi sayılan "Dəniz” ədəbi birliyini yenidən qurmağa, öncəki ənənəni davam etdirməyə çalışdıq. Toplantı baş tutdu ancaq pandemiya məqsədlərimizlə bizim aramıza girdi. Həmin gənclərlə əlaqə saxlayırıq, sosial şəbəkələr vasitəsi ilə fikir mübadilələrimiz davam edirvə hamılıqla bu bəlanın bitməsini gözləyirik. Qismət olarsa qarşıda çox böyük planlarımız və gözləntilərimiz var.

-Şeirdən əlavə siyasətlə də məşğulsan deyəsən. YAP-da hansısa funksionerliyin var?



-Mən hər zaman dövlətimə və dövlətçiliyimizə sadiq insanam. Mən belə düşünürəm ki bizlər öz kiçik işlərimizlə gələcək nəslin böyük işlərinə nümunə ola bilərik. Funksioner sözü bir neçə mənanı daşıya bilər, ancaq mən özümü siyasətçi hesab etmirəm. Yeni Azərbaycan Partiyasın Sumqayıt şəhər təşkilatından mənə böyük etimad göstərilir. Çoxsaylı sağlam üzvləri olan Gənclər Birliyinin tərkibində komissiyalar təşkil olunmuşdu və mən də Mədəniyyət Komissiyasının sədri idim. Sözsüz ki, bu gün də həmin etimadın fərqindəyəm və tapşırıqların öhdəsindən gəlməyə çalışıram. Partiyanın mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, təşkilatçılıq məsələlərində birlikdə addımlamağa çalışırıq.

Xocalıdan daha betər faciə yaşaya bilərdik.

-Aylardır karantin rejimi olduğundan bir çox dövlət idarələri onlayn işləyir və ya ümumiyyətlə fəaliyyətini məhdudlaşdırıb. Sizdə bu məsələlər necə həll olunur, karantində necə çalışırsınız?

-Bu gün dünyada hökm sürən koronavirus probleminin mənfi təsirləri ölkəmizdən də yan keçməyib. Digər fəaliyyət sahələri kimi mədəniyyət sahəsində çalışanlar da fəaliyyətini sosial şəbəkələr üzərindən onlayn qurmalı oldu. Biz də bir mədəniyyət müəssisəsi olaraq fəaliyyətimizi facebook-da Sumqayıt Poeziya Evinin səhifəsi üzərindən davam etdiririk. İzləyicilərimizə ədəbiyyatla bağlı maraqlı videoçarxlar, onlayn tədbirlər, yazarlarla virtual görüşlər təqdim edirik. Açığını deyim ki, bu işdə təcrübəsiz olsaq da fəaliyyətimiz uğurlu alınır. Bunu həm rəhbərlik həm də izləyici fikirlərinə arxalanıb deyirəm. Demək olar ki, virtual fəaliyyət göstərmək iş həyatımızın ayrılmaz və maraqlı tərkib hissəsinə çevrilib.

-Bu il gənc yazar kimi prezident təqaüdünü aldın.

-Bildiyimiz kimi hər il Azərbayçan Yazıçılar Birliyi üzvlərindən 20 gəncə Prezidentin mükafat fondu tərəfindən müavinat ayrılır. Bu il mənim də adımın həmin siyahıda olmasına sevinməyə bilmərəm. Yeri gəlmişkən layiq görənlərə və bu işdə əziyyəti keçənlərə- hörmətli sədrimiz, Xalq yazıçısı Anar müəllimə, AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcidə, mətbuat katibi Xəyal Rzaya öz təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, gənclərə ayrılan bu mükafat bizə stimul verməklə yanaşı boynumuza ağır və sevdiyimiz bir məsuliyyəti qoyur- yazmaq-yaratmaq, inkişaf etmək.

-Kitab çıxartmağa tələsmirsən. Bu özünə əminsizlikdir, ya ayrı səbəblər var?

-Məktəb illərimdən şeirlər yazmağa başlasam da, elə həmin illərdən müxtəlif qəzetlərdə, jurnallarda, almanaxlarda çap olunsam da hələ ki, öz şeirlər kitabım çap olunmayıb. Əslində 2006-cı ildə həvəskar formada bir kitabçam çap olunmuşdu. Sonralar üzə çıxarmadım. Kitabımın olmamağının səbəbini əvvəl maddi imkansızlıqda görürdümsə sonralar buna imkan da yarandı və düşündüm ki, biraz da məhsuldar ola bilsəm bu yaxınlarda illərdir arzusunda olduğum o kitabı çap etdirə bilərəm. Təqdimatına mütləq sizi də dəvət edəcəyəm.

-Köçkünlük həyatı yaşayıran...

-Mən Zəngilan rayonunda dünyaya gəlmişəm. Zəngilan rayonu erməni işğalçıları tərəfindən sonuncu zəbt olunan inzibati rayonumuzdur və mən o rayonda son göz açmış körpələrdənəm. Bəzən deyirlər ki, "ayağınız düşmədi”. Ancaq hər şey göz qabağında idi. Hər tərəfi düşmənlər tərəfindən zəbt olunan bir rayon özünü müdafiə batalyonunun gücü ilə nə qədər müqavimət göstərsə də süquta məhkum idi. Və beləliklə alnımıza yazılmış məcburi-köçkünlüklə həyatımızı davam etməli olduq. Təəssüf ki, bəzən mənə "qaçqın” deyə kinayə edən insanlarla da rastlaşıram. Onlar bilmirlər ki, qaçmaq nədir, mən heç o vaxt yeriyə bilmirdim. O vaxt hakimiyyətin səyi nəticəsində İran tərəfdən Araz çayının qabağı kəsilib, suyun səviyyəsi aşağı salınmasaydı biz zəngilanlıları yazıq xocalılardan betər aqibət gözləyə bilərdi. Mən bütün bunları tarix kitabından deyil, atamdan dinləmişəm. Atam hadisələrin canlı şahidi və Zəngilandan son çıxan insanlardandır. Bir şahid də atamla 40 ilə yaxındır dostluq edən "qırmızı 06” – dır ki, Zəngilan torpağında gəzib deyə sata bilmirik. O günləri yaşamayan əsla təsəvvür edə bilməz. Cibimizdən 5 manat düşüb itəndə 5 dəfə gedib-gəlirik taparıq deyə. İnsanın sıfırdan başlaması nə deməkdir bunu ancaq məcburi-köçkün ailəsində böyüyənlər bilər. Şükür, bu gün hər şey qaydasındadır. Və mən heç kimə, hətta bizə tənə edənlərə də ailəm yaşayan o günləri arzu etmirəm.

Söhbətləşdi: Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK