adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2020 09:10
102396
MÜSAHİBƏ
A- A+

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

"Kənd müəllimi”nin növbəti qonağı Xızı rayonu Türkoba kənd ümumi orta məktəbinin biologiya müəllimi Şaiq Quliyevdir.

-Öz təhsilinizdən, Xızı məktəbinə necə gəlməyinizdən danışardınız.

-Orta məktəbə 2000-ci ildə doğulduğum kənddə - İmişli rayonu Muradalılı kənd tam orta məktəbində başlamışam. 2007-ci ildən Bakıda yerləşən Kimya-Biologiya Təmayüllü Respublika Liseyində orta məktəbi davam etdirib, 2011-ci ildə məzun olmuşam. Elə həmin il Lənkəran Dövlət Universitetində "Təbiyyat” fakültəsinə – "Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olmuşam. 2015-ci ildə məzun olduğum il magistratura pilləsinə qəbul olsam da, bu təhsilin arxasınca getmədim və hərbi xidmətə yollandım. Hərbi xidmətdən qayıtdıqdan sonra 2017-ci ildə həm magistratura, həm də müəllimlərin işə qəbulu imtahanına daxil oldum və hər ikisindən uğurla keçdim. Odlar Yurdu Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” fakultəsində "İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə axşam növbəsində təhsil aldığım üçün bu mənim işləməyim üçün maneə yaratmadı. 2019-cu ildə məzun oldum. Yuxarıda da qeyd etdiyim kimi 2017-ci ildə müəllimlərin işə qəbul imtahanından da uğurla keçdim və o vaxtdan Xızı rayonu Türkoba kənd ümumi orta məktəbində işləyirəm.

-Məktəbinizin infrastrukturu sizi qane edir?

-Bizim məktəb çox böyük olmasa da sevimli şagirdləri və kollektivi ilə seçilən bir məktəbdir. Düzdür əzəmətli binası, yüksək infrastrukturu, möhtəşəm yolları yoxdur. Amma böyük hissəsi gənc kadrlardan ibarət çox mehriban bir kollektiv, yüksək uğurlarımız bütün rayonda "Türkoba məktəbi”ndən danışmağa bəs edir.



Avtobusun arxa qapısı kişilər, qabağı xanımlarçündü

-İmişli ilə işlədiyin kəndin oxşar və fərqlilikləri olmamış olmaz.

-Əslində müxtəlif mühitlərdə, fərqli yaşayış tərzlərində böyümüş fərqli düşüncəli insanları çox görmüşəm. Çünki lisey vaxtı yataqxanada qalırdım və mənimlə bərabər respublikamızın bütün rayonlarından şagirdlər var idi. Həmçinin universitet Lənkəranda, hərbi xidmət Naxçıvanda olmağı da bu qəbildən olan məsələlərdəndir. Elə ona görə də Xızı rayonunun insanlarına uyğunlaşmaq çətin olmadı. Amma əlbəttə ki, düşüncələrdə bəzi fərqlər var. Məsələn, avtobusun arxa qapısı yalnız kişilərin minib-düşməsi, ön qapısı isə yalnız xanımların minib-düşməsi üçündür.

Koronavirusa görə məktəblər bağlıdır. İmişlidən Xızıya, kəndən-kəndə onlayn dərs keçmək elə də asan olmaz. Bura internet problemini də əlavə etsək.

-Online dərs keçmək üz-üzə keçməkdən qat-qat çətindir. Qarşındakına virtual yolla enerjini ötürə bilmək çox çətin məsələdir. Şagirdlərin ev tapşırığına nəzarət məsələsi də virtual olaraq çətinləşir. İnternet, kompyuter, smartfon və s. bu kimi problemlərin nə dərəcədə olduğunu isə hamı çox gözəl bilir. Mən təkcə onu əlavə edəcəm ki, heç bir sinifdə şagirdlərin 100%-i eyni zamanda dərslərə qoşula bilmir. Hər dəfə hansısa şagirddə bu və ya digər problem yaranır. Hətta, bu 2 ay ərzində heç bir dərsə qoşulmayan şagirdlər də var. Provayderlərin və mobil operatorların internet şəbəkələrindən isə qətiyyən razı deyiləm.

-Şagirdlərin çox sevir sizi.

-Elə mən də şagirdlərimi çox sevirəm. (gülümsəyir). Düşünürəm ki, olduğum sosial ortamlarda yaxşı münasibət qurmağı bacarıram. Hər nə qədər açıq sözlü olsam da, insanların xətrinə dəyməyi heç sevmirəm. Məktəbdə həm şagirdlər, həm müəllimlərlə yaxşı münasibətim var. Məktəbin həyətinə çatanda uşaqların "Şaiq müəllim gəldi” qışqırıb sevinmələri qürurvericidir.


-Əlavə repetitorluqla məşğulsunuz, kurslarda çalışırsınız.

-Hər kəs yaxşı bilir ki, məktəbdə müəllimlərə verilən əməkhaqqı o qədər də bu günkü dövrün xərclərini ödəməyə kifayət etmir. Həm də çox dərs saatım olmadığına görə özəl kurslarda da fəaliyyət göstərirəm. Amma bunu tək maddi ehtiyacla da bağlamaq olmaz. Həm də çox marağında olduğum "məntiq” fənninin məktəbdə tədrisi nəzərdə tutulmadığı üçün bu mənəvi ehtiyacımı kurslarda ödəyirəm. Onu də qeyd edim ki, məntiq öyrənmək istəyənlərin əksəriyyəti magistraturaya və müəyyən iş yerlərinə qəbul olmaq istəyənlərdir. Ona görə də kurslardakı tələbələrin yaşı 20-dən yuxarı olur.

-Sizdən böyük tələbələriniz var?

-Bəli. Hər il məndən böyük tələbələrim olur. Amma bu mənim üçün o qədər də fərqli olmur. Eyni qaydada dərsimi keçirəm və lazım olanda tənbeh də edirəm. Onlar da müəllim-tələbə münasibətlərini heç vaxt pozmayıblar. Hər şey tədris çərçivəsində davam edir.

-Bu kənd məktəbində başına maraqlı hadisələr də gələr.

-İlk iş ilim idi. Həftədə bir dəfə dərsdənkənar məşğələ keçirdim. Məktəbə yaxın ərazidə kəndin kənarında quşçuluq fabriki yerləşir. Bir gün bu fabrikin müdirü ilə telefon vasitəsilə əlaqə yaradıb uşaqları bu fabrikdə gəzdirmək üçün icazə aldım. Məqsədim uşaqları infrastrukturla və iş mühiti ilə tanış etməkdi. Fabrikin qapısına çatdıqda biz mühafizəçi qarşıladı. "Sizə nəzarət edən bir müəllim gəlməyib?” – deyə soruşdu. Cavab verdim: "Mən gəlmişəm”. Sən demə bu məni şagirdlərdən biri kimi bilib. Gənc müəllim olunca belə şeylər də olur.

-Məktəbiniz müasir təhsil sistemini tədris etməyə imkan verir?

-Əslində məktəbimizin çox kiçik bir binası var. Hər sinfi bir otağa yerləşdirdikdə müəllimlər otağı qalmadığı üçün dərsi olmayan müəllimlər mülayim hava olduqda həyətdə, soyuq və yağışlı havalarda isə koridorlarda ayaq üstündə qalırlar. Amma uşaqların oxumaq eşqi müəllimləri dərs keçməyə həvəsləndirir.

Kurikulum sözü gündəmə gələn gündən daim müzakirələrə səbəb olub və həm təhsil işçilərinin, həm də ictimayətin bu sistemlə bağlı fikirləri müxtəlifdir. Kurikulum bir növ oyun tipli təhsil sistemi olduğundan ənənəvi sistemlə müqayisədə şagirdlərə daha cəlbedici gəlir. Şəhər məktəbləri ilə müqayisədə infrastruktur zəif olsa da, sinifdəki şagirdlərin az olması daha yüksək uğurlar əldə etməyə imkan verir.

Söhbətləşdi: Emin Piri