SON DƏQİQƏ:

PALÇIQ VANNASI

  21818   |  
Şriftin ölçüsü  
Qəbul etmək istəyən Xırdalana gəlsin...

Bu yaxınlarda kənddə olarkən tez-tez: "Artıq bura da şəhərdən geri qalmır, asfalt yolları, mədəni-məişət obyektləri, müasir evləri..." kimi ifadələri eşidirdim.
Aprel döyüşləri nə qədər qürurverici olsa da, torpaqlarımız erməni tapdağındaykən bir iynə ucu qabağa getməni bu qədər böyütmənin mahiyyəti mənə tam olaraq çatmasa da, buna da şükür deməkdən başqa əlacım qalmır.
Aprel qələbəsindən sonra sevincəyə düşüb, Cocuq Mərcanlı kəndinə, çoxu da rəhbərliyin gözünə girmək üçün, edilən yardımlar hesabına kənd demək olar ki, inkişafın pik həddini yaşayır. Hətta zavod tikmək planı da işə düşmək üzrədir. Böyük park salınacağı, içində isə uşaqlar üçün əyləncə, qocalaq üçün istirahət yerləri açılacağı da planlaşdırıldığı deyilir. Bu, həm də yüzlərlə insanın iş yeri deməkdir.
Yeri gəlmişkən, Horadiz əməliyyatından sonra geri dönən Mirzənağlı kəndi ilə Cocuq Mərcanlını bir kiçik arx ayırsa da və hər iki kəndin sakinlərinin qaçqınlığın əzabını çəkmiş olduğu halda, niyə məhz birinə yardım edilməsi də müəmma olaraq qalır. Kənd əhalisindən bəziləri bunu, "qəzet əhli" olaraq məndən soruşduğu üçün mən də bu sorğunu ictimaiyyətə ünvanladım...
Yəni, sözümün canı odur ki, ay "yardımsevər" QHT-lər, ayrı-ayrı iş adamları, dövlət təşkilatlarının nümayəndələri, əgər doğrudan içinizdə vətənpərvərlik, humanizm, xeyirsevərlik varsa, ehtiyacı olanların hamısını görün, küyə gedərək kiminsə gözünə girmək, yadda qalmaq, gələcək "kürsü"yə ip atmaq üçün deyil!
Nəysə, mətləbdən çox uzaqlaşdım, o kənddə asfalt yolla yeriyərkən ayaqlarım çaşdı. Doğrudan ha! Xırdalanda o qədər yayda yolun tozundan, qışda palçığından, külək əsəndə ağzıma dolan qumun xırçıltısından... orda əsər-əlamət yox idi. Yeridikcə ilk addımlarda ayağımı Xırdalandakı kimi yerə bərk basırdım çala-çuxurda büdrəməyim deyə. Sonra yeridikcə açılışdım, rahat addım atmağa başladım və içimdə qalan bir acığı da çıxmış kimi oldum şəhərlilərdən - baxın, sizdə yollar bir ildən çoxdu palçıq, kələ-kötür, toz-dumandı, amma bizim - Arazın sahilində, İran İslam Respublikasıyla sərhəd olan ucqar kənddə asfalt var!!! Çəkin, görün kəndçilər nə çəkirmiş! Amma onu da deyim ki, mən də bu əziyyəti çəkirəm illərdi. Otuz il əvvəl Xırdalana gələndə vəziyyət eynilə indiki kimi idi.
Sonradan inkişaf elədi, gözəlləşdi, şəhər statusu aldı və nə qədər narazı olanlar olsa da, Zakir Fərəcovun rəhbərliyi zamanında demək olar ki, Xırdalan intibah dövrünü yaşadı. İndi yenə keçmiş dövrə qayıdırıq. Bir il əvvəl yollar söküləndə kimsə dedi ki, bu yolların düzəlməsi illər çəkəcək. O deyən adamı lağa qoydular: Yox əşşi, illər!
Hə, indi o adamı axtarıram, soruşum ki, hələ nə qədər qalıb bu işlərin bitməsinə? Axı camaat olmazın əziyyəti çəkirlər. Yayı pəncərəni aça bilmədik, kondisioner də külli miqdarda enerji israf edir. Göydən bir damcı yağış düşdümü ayaqlardakı selofon torbaları görsəniz, çox gülməli görünür. Hər kəs ayaqqabısının üstündən o torbaları geyinir ki, şəhərə palçıqlı ayaqla gəlməsin. Sonra kimi inandıra bilərsən ki, şəhərin bir addımlığındakı Xırdalanda palçıqdan çıxıb gəlirəm...
Axşamdan yağan yağışın səsi içimdə romantik duyğular oyatsa da, səhər açılandan binanın qapısından beş metr məsafəni avtobusa necə gedəcəyi fikirləşirdim. Binanın fasadının dibi ilə qoyulmuş kubik daşların üstü ilə atlana-atlana gedərdim də, artıq yaş o yaş deyil, kənardan baxana bu yaşda qadının hərəkətləri normal görünməz. Selofon torbanı da avtobusa minəndə yerə tullayıb getməm də yaxşı deyil. Onda nə edim ki, beş metr məsafəni keçim, xeyli fikirləşdim. Qarşıdakı qurşağa qədər palçıq çalalarından keçmənin yollarını fikirləşərkən bir yeniyetmə gəncin sürətlə keçdiyini gördüm. Elə onun dalınca, ayağını qoyduğu izlərlə getməyə hazırlaşırdım ki, gəncin ayağı sürüşüb, çalaya düşdüyünü gördüm. Çapaladıqca palçıq vannası qəbul edənlər sayağı hər tərəfi palçığa bulaşan gənc kimlərinsə qarasına deyinə-deyinə evinə geri döndü...
Mən halıma şükür edib ayaqqabımın yarısına qədər palçığa bata-bata avtobusa yetişdim. Utanaraq minsəm də hər kəsin mənim günümdə olduğunu görəndən rahatladım. Axı Xırdalanın hər yolu, hər küçəsi, tini, döngə-dalanı sökülüb, təmir üçün hazırlanıb bir il əvvəldən! Düşünün hazırlığı iki ildirsə, görün tikilməsi nə qədər çəkəcək! Heç olmasa əvvəlki yolumuz bundan yaxşı idi. İki ildən sonra tikəcəkdinizsə, iki ildən sonra - tikmədən az əvvəl sökəydiniz də! Allah ulu Sabirə rəhmət eləsin: "Çirmənirik keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa, yay gəlməmiş"...
Hə, yəqin təcili pul lazımmış!!! Sənədlər üzərində bəlkə də Xırdalanda yollar tikilib. Sadə camaatdı da, danışıb-danışıb susacaqlar. Yol kəsmirlər, etiraz eləmirlər, hirslərini, acıqlarını bir-birlərindən çıxaraq avtobusda savaşırlar. Ən pis halda sürücünü acılayır, döyürlər...
Ümid sonda ölür deyirlər, amma bu yol məsələsinin həllinə olan ümid xəstə ümiddi. Uzun sürən xəstəlikdən sonra öldü bugün - o gənc palçıq vannası qəbul edəndə - kimsənin umrunda deyil Xırdalan yolları!!!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK