adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 May 2022 11:31
823
ƏDƏBİYYAT

Haqqın var, Aqil Abbas! - Salman Alıoğlu yazır

Nə deyim vallah, hər şey yuxu kimi oldu. İmarətdə oxunan "Qarabağ şikəstəsi" də daha qeybdən gəlmirdi, qardaşım Aqil, sənin oynamağın da heç röya deyildi. Qollarını qaldırıb, Ağdamda, illər uzunu həsrətini çəkdiyimiz torpağın üstündə oynayırdın?! Çoxlarına elə gələ bilər.

Oynamaq elə olmur, qadan alım, bilənlər bilir ki, o şikəstə əsl Qarabağ  şikəstəsiydi, ancaq o oynamaq o deyildi. Bəs nə idi?!  Mənim üçün, Aqil Abbasın qol qaldırıb işğaldan azad edilən İmarətdə oynamağı göz yaşlarımızın yanaqlarımızda şırım açdığı bir an idi. Sevincimizin bir dünya boyda təcəssümü idi, 27 il yanımıza saldığımız qollarımızı qaldırıb qurub yaradacağımız Ağdama  şükranlığıydı, Allahın dərgahına  razılığımız idi.

Qardaş, sən həmin an  nakam şəhid ruhlarının əvəzinə oynadın, o yurda bir daha qayıda bilməyən insanların nisgillərinin, daşa dəyən arzularının, itkin düşənlərin faciəsinin və bir də işğaldan azad edilən torpaqlara qayıdacaq ağdamlıların sevincinin yerinə oynadın. Şəhid qardaşı kimi mənim əvəzimə, Ağdam dərdiylə çatlayıb ölənlərin əvəzinə qol qaldırdın, qolların, ürəyin, yaş axan gözlərin var olsun! Həmin an Aqil Abbas oyunçu deyildi,  minlərlə insanın yerinə  sevincdən qol qaldıran bir dərviş idi, minlərlə insanın ürəyində himn kimi səslənən Qələbəyə oynayan  bir Allah vergisiydi...

Bir haşiyə çıxım. Aqil Abbasın toyu yaxşı yadımdadır. Məhəmməd əminin məhləsində böyük bir toy mağarı qurulmuşdu, möhtəşəm bir toy idi. Toyda araq verilmirdi. Bakıdan gələn qonaqların araq, çaxır içmələri üçün bir otaq ayrılmışdı. Ağdam toylarında, o cümlədən, Aqilin toyunda bişirilən yeməklərin dadı, tamı, vallan dünyanın heç harasında yoxdur.

Aqil öz toyunda heç belə oynamayıb...

Həmin tarixi səfərdən sonra sosial şəbəkələrdə (belə deyəndə bir az təmtəraqlı çıxır), əslində bizim kənddə hələ sovet dönəmində belə şeylərə qiybət deyirdilər, nə isə, özləri bilər, Aqil Abbasın işğaldan azad edilən Ağdamda, İmarətdə qol qaldırıb oynamağına dodaq büzənlər oldu, başından yekə danışanlar oldu, bəziləri hətta ittihama cəhd etdilər, bir sözlə, qiybətçilər "at oynatmaq” istədilər.

Təbii ki, belələrinin dediyi söz deyil, zəhər tuluğudur, həm də boş dağarcığın dumbultusudur.  Bunlarda üz var e, ancaq üz ağlığı bilinmir, yaxınlığı, uzaqlığı bilinmir. Kimdir, nədir, nədən ötrü yaranıb? Nə varlığı, nə yoxluğu bilinir, ya gedə, ya gələ, ya qala, ya ölə, belələri, vallah qəpiyə dəyməz.

Aqil Abbasın ölkə üçün, cəmiyyət üçün, məcburi köçkünlər üçün, şəhid ailələri üçün, darda qalanlar üçün, tanıdı-tanımadı qapısını açanlar üçün elədiklərinin mində birini eləməmisiniz, Vətənimiz darda olanda qaçıb gizlənmisiniz, qəpiyiniz çıxanda, elə bil, canınız çıxıb. Vətən müharibəsinin ilk günlərində həniriniz belə eşidilmirdi, fəqət, həmin vaxt Aqil Abbas torpaq uğrunda döyüşənlərin yanındaydı, səngərdəydi.

Ağdamlıların xeyirində, şərində başda olub, gücü çatanı təmənnasız edib, imkansız tələbələrin cibinə xərclik qoyub, qapısına gələnləri əliboş qaytarmayıb. Mənim də boynumda Aqilin haqq-sayı var, ən çətin anımda da, fərəhli günlərimdə də arxamda, köməyimdə dayanıb. Eləcə də mənim kimi yüzlərlə ağdamlının, qarabağlının.

Millət vəkili kimi yox, bir ağdamlı kimi, bir qarabağlı kimi, bir azərbaycanlı kimi, bir türk oğlu kimi, şəhid qardaşlarının  qardaşı  kimi.

Yaxşı bilirsiniz ki, bir çox dövlətlər girəvə vermirdilər ki, əsir qalan yurd yerlərimizi  Vətən eləyək. Təəssüflə deyirdik ki, neynəmək olar, qisas qiyamətə qaldı, ay fələk! Hamımız eyni sualların məngənəsində qalmışdıq. Axı, o yurdda hər şeyimiz qalmışdı! Orada uşaqlığımız qalmışdı, o yurdda gəncliyimiz qalmışdı, torpağının üstündə izimiz qalmışdı, duyğularımız, ilk məhəbbətimiz qalmışdı. O yurdda həyatımız qalmışdı, xoşbəxtliyimiz, sevincimiz qalmışdı, evimiz, bağımız, baxçamız qalmışdı, tariximiz, qədimliyimiz, gələcəyimiz qalmışdı. Kədərimiz qalmışdı...

Ora gedə bilmirdik. Yurd yerlərimizə uzaqdan da baxa bilmirdik. Tüstüsü göylərə bülənd olan evlərimizi görə bilmirdik.

Ağdam öz tarixi boyunca həm də görkəmli ziyalılar, alimlər yurdu kimi tanınıb, qorxmaz, igid və cəsur oğullarının sorağı nəinki respublikaya, eyni zamanda, keçmiş sovet respublikalarına yayılmışdı. Bu ənənə uzun illər boyu davam edərək Birinci Qarabağ müharibəsində də özünü qabarıq şəkildə büruzə verdi. Ağdam Ermənistana və onun havadarlarına qarşı 1988-1993-cü ilin iyul ayına kimi mərdliklə, böyük igidliklə döyüşdü. 6 min nəfərə yaxın şəhid verdi, 15 Milli Qəhramanın adını tarixin səhifələrinə şərəflə yazdı. Ağdam öz döyüşkən övladları ilə birlikdə şəhid oldu. Düşmənlər ən qədim bir şəhəri yer üzündən silsələr də, ağdamlıların ruhunu işğal edə bilmədilər.

Aqil Abbas Ağdamın dəyərlərindən biri, simvoludur. Həmişə Aqil deyəndə Ağdam, Ağdam deyəndə Aqil yada düşür.

İmarətdə, xarabalıqlarından  ruhlar boylanan yurdda, bu Allah bəndəsi  Aqil Abbas oynamadı, o, səssiz bir harayın, indi bizi qanadları üstündə saxlayan sevincin, Tarixi Qələbənin gözlə görünməsiydi, sadəcə, onu dərk etmək lazım idi, o harayı duymaq hər bəndənin işi deyil axı?!.

27 il ərzində yuxuda gördüklərimizi, dərd kotanı da bildi nə çəkdiklərimizi, sanki çöp düşmüş gözümüzü, əyilən qamətimizi, şərəfimizi işğaldan azad edən rəşadətli Ordumuz, Qalib Sərkərdəmiz  tarix yazaraq başımızı uca etdilər.

Aqil Abbas, oynamağın mübarək, Ağdamda, Məhəmməd əminin yurdunda nəvə toyunda oynayasan!..