ANA SƏHİFƏ / YAZARLAR

Məşədi İbadın pulları

Qızın iki adaxlısı, rolun iki ifaçısı

39379    |   2014-10-11 01:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni teatr mövsümünə start verən Dövlət Musiqili Teatrı sənətsevərlərə bir-birindən maraqlı tamaşalar təqdim etməyi planlaşdırır. Bu gün teatrda paralel olaraq bir neçə yeni tamaşa üzərində yaradıcılıq işi aparılır.
Kollektivin yaxın günlərdə tamaşaçılara təqdim edəcəyi səhnə əsərlərindən biri də "O olmasın, bu olsun"du. Həm ekrandan, həm də teatr səhnələrindən dönə-dönə izlədiyimiz "O olmasın, bu olsun"...
"Tarix Nadiri" tən yarıyacan oxumağı ilə fəxr edən, ticarətdən qazandığı pulların hesabına cavan qız almaq sevdasına düşən və bu yolla da keçmiş arvadları ilə birgə yaşadığı günləri unutdurmağa hazırlaşan Məşədi İbad növbəti dəfə Dövlət Musiqili Teatrının səhnəsinə qayıdır. Xalq artisti Cənnət Səlimova "O olmasın, bu olsun"u yeni quruluşda hazırlayır.

"Tarix-Nadir", yox e, "Məşədi İbad"ın tarixi

Daha çox "Məşədi İbad" adı ilə tanınan "O olmasın, bu olsun" əsəri Üzeyir Hacıbəylinin sayca ikinci musiqili komediyasıdı. 1911-ci ildə yazılan operettanın ilk tamaşası elə həmin ili aprelin 25-də Bakıda oynanılıb. Premyerada tamaşaya dirijorluğu elə Üzeyir bəy özü edib. Görkəmli aktyor SSRİ Xalq artisti Mirzə Ağa Əliyev isə tarixə Məşədi İbadın ilk ifaçısı kimi düşüb.
Operetta dahi bəstəkarın digər əsərləri kimi böyük populyarlıq qazanıb, təkcə Azərbaycanda deyil, Gürcüstanda, Türkiyədə, Bolqarıstanda, Yəməndə və s. ölkələrdə səhnəyə qoyulub.
Əsərin ekran həyatı da uğurlu alınıb, 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "O olmasın, bu olsun" milli kinomuzun şedevrlərindən hesab olunur. İstedadlı rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi bədii filmdə baş rola Xalq artisti Əliağa Ağayev çəkilib.
Fəaliyyət göstərdiyi 100 ildən çox bir müddətdə Dövlət Musiqili Teatrı "O olmasın, bu olsun"a dəfələrlə müraciət edib. Xalq artisti Cənnət Səlimova bu teatrın səhnəsində müxtəlif illərdə həmin operettaya quruluş verib. Tanınmış rejissorun ilk quruluşunda baş rolu Xalq artisti Hacıbaba Bağırov oynayıb, 2008-ci ildə tamaşa bərpa edilərkən isə Məşədi İbad obrazı Xalq artisti Ramiz Məmmədova həvalə olunub.

Məşədi İbad hasarı aşmaq üçün Gənc
Tamaşaçılar
Teatrından gəlib

Növbəti dəfə evlənməyə hazırlaşan və buna görə 5 min manatından keçən Məşədi İbad madmazel Gülnaz xanımı görmək üçün adaxlıbazlığa çıxıb. Rüstəm bəyin evini əhatələyən hündür hasarı aşmaq Məşədi İbada pulsuz başa gəlmir. Ona bu işdə yardım edəcək Hambalın da öz xərci var. Hasarı aşmaq üçün Hambalın belinə çıxan Məşədi İbadı nələr gözlədiyini hamı yaxşı bilir. Amma çox az adam bilir ki...
Xalq artisti Cənnət Səlimovanın yeni quruluşunda növbəti dəfə səhnəyə qayıdan Məşədi İbad obrazını bu dəfə əməkdar artist Şövqi Hüseynov yaradacaq. Cənnət xanım bu məsuliyyətli işi keçmiş tələbəsi, Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorlarından birinə etibar edib.
Gənc və istedadlı aktyor Bakı Kamera Teatrındakı fəaliyyəti ilə adından söz etdirməyi bacarıb, teatr Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdikdən sonra yeni kollektivin əsas üzvlərindən birinə çevrilib. Əməkdar artist Şövqi Hüseynov səhnədə Aydın ("Aydın"), Yaqo ("Otello"), Şeyx Sənan ("Şeyx Sənan") kimi çox ciddi obrazlar da yaradıb, Sakapen ("Skapenin kələkləri"), Vəzir ("Sərgüzəşti-vəziri-xani Lənkəran"), Dərviş ("Müsyo Jordan və Dərviş Məstəli şah"), Tanrıverdi ("Hekayəti xırs-quldurbasan") kimi komik rolların da öhdəsindən məharətlə gəlib. Bu dəfə Məşədi İbad rolu ilə tamaşaçıların qarşısına çıxacaq Əməkdar artist Şövqi Hüseynov Dövlət Musiqili Teatrındakı debütünün uğurlu alınacağına əmindir: "Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev hələ bir neçə il öncə məni kollektivlə əməkdaşlığa dəvət etmişdi. Görünür qismət "O olmasın, bu olsun" tamaşasına imiş. Sənət müəllimim, Xalq artisti Cənnət Səlimova növbəti dəfə mənə çox məsuliyyətli bir obraz etibar edib. Bu illər ərzində komik rollar oynamışam, səhnədə mahnı ifa etmişəm, lakin ilk dəfədir ki, partiyaları canlı orkestrlə oxuyacam. Teatrın baş dirijoru Nazim Hacıəlibəyov elə birinci gündən mənə yaxından kömək edir. Fürsətdən istifadə edib maestroya və orkestrin hər bir üzvünə minnətdarlığımı bildirirəm.
Mənə tapşırılan işin məsuliyyətini yaxşı dərk edirəm. Qüdrətli sənətkarlarımız Mirzə Ağa Əiyev və Əliağa Ağayev Məşədi İbad obrazı ilə xalqımızın mədəniyyət tarixinə böyük töhfə veriblər. Bu teatrın səhnəsində tamaşaçılar Xalq artistləri Hacıbaba Bağırovun, Ramiz Məmmədovun yaratdığı Məşədi İbada maraqla tamaşa ediblər. Çalışacam ki, obrazın öhdəsindən yüksək səviyyədə gəlim, teatrın direktoru Əliqismət Lalayevin, tamaşanın quruluşçu rejissoru, sənət müəllimim Cənnət xanımın mənə olan etimadlarını doğruldum".

Babalı
Amilin boynuna...

Sərvər sevgilisi Gülnazın özündən xeyli yaşlı Məşədi İbada məcburən ərə verilməsinə razı deyil. Onun Gülnaz və qulluqçu Sənəmlə qurduğu kələyin nə ilə nəticələnəcəyini tamaşanın sonunda hər kəs görür.
Gənc vokalçı, Prezident təqaüdçüsü Amil Məmmədov tamaşada Sərvəri oynayacaq. Bu, onun səhnədə debütüdür: "Dahi Üzeyir bəyin qəhrəmanları Əsgərin, sərvərin ariyalarını rəsmi konsertlərdə, tədbirlərdə çox ifa etmişəm. Amma ilk dəfədir ki, Sərvər obrazını bir aktyor kimi tamaşada canlandıracam. Təbii ki, ilk günlər çox həyəcan keçirirdim, lakin teatr rəhbərliyinin və kollektivin, xüsusilə Cənnət xanımın yaxından köməyi ilə hər şey yoluna düşdü. Görək tamaşaçılar mənim oynadığım Sərvəri necə qəbul edəcəklər?"

Pul hər şeyi həll etmir!

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova növbəti məşq bitincə fikirlərini "Ədalət"in əməkdaşı ilə bölüşür. Cənnət xanım belə hesab edir ki, Üzeyir bəyin əsəri bu gün üçün də çox aktualdı. "Sevinirəm ki, Dövlət Musiqili Teatrı yenidən bu ölməz əsərə müraciət edib və mən operettaya növbəti dəfə quruluş verirəm. Üzeyir bəyin fikirləri bu gün də aktualdı. Operettanın sonunda pul yox, saf məhəbbət qalib gəlir. Məndə böyük bir əminlik var ki, dahi Üzeyir bəy məhz bu məsələni önə çəkib. Təəssüf ki, pulun hər şeyi həll etdiyini düşünən insanlar bu gün də var. Biz bu tamaşa ilə belələrinə mesaj verəcəyik ki..."
"O olmasın, bu olsun"un yeni quruluşunda tamaşaçılar bir rolu iki aktyorun ifasında görə biləcək. Məşədi İbadı əməkdar artistlər Şövqi Hüseynov və Ələkbər Əliyev oynayacaq. Ələkbər Əliyevi həm də Rüstəm bəy kimi də görmək olacaq. Rüstəm bəyin ikinci ifaçısı isə Möylə Mirzəliyevdi.
Xalq artisti Afaq Bəşirqızı bu tamaşada qulluqçu Sənəm obrazını yaradır. Sənəmin digər ifaçısı Əməkdar artist Nahidə Orucovadı. Yeni quruluşda Sərvər yazıda qeyd etdiyimiz kimi, Amil Məmmədova tapşırılıb, onun dublyoru isə Elvin Əliyevdi. Gülnazı Əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edəcəklər. Tamaşada Əməkdar artistlər Əkbər Əliyevə İntelligent Həsən, Novruz Qartala isə Məşədi Qəzənfər obrazları tapşırılıb. Digər rolları aktyorlardan Hüseyn Əlili və Ağaxan Şərifov (Hambal), Məhərrəm Qurbanov, Əliməmməd Novruzov və Ruslan Mürsəlov (Qəzetçi Rza bəy), Elxan İsmayılov (İntelligent Həsən), Nadir Xasiyev və Səmədzadə Xasiyev (Həsənqulu bəy), Əzizağa Əzizov (Qoçu Əsgər) və Ziyadxan Cəbrayılov (Məşədi Qəzənfər) oynayırlar.
Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyə Sadıxovadı. Elməddin Dadaşov və Anar Sadıqov isə rejissor assistentləridir.
Yeni quruluşda təqdim edilən "O olmasın, bu olsun" operettasının premyerası oktyabrın 25-26-na planlaşdırılıb.




YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK