ANA SƏHİFƏ / YAZARLAR

AŞIQ ƏLƏSGƏR ZİRVƏSİNƏ LAYİQ

ƏDƏBİ HƏYAT

24179    |   2014-05-31 03:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Aşıq Ələsgər Azərbaycan poeziyasının üfüqündə əzəmətli görünən qarlı-buludlu zirvələrdən biridir. Zamanın ən tutqun havalarında belə parıltısını itirməyən, yol azanlara bələdçilik edən, yar itirmiş didərgin aşiqlərə qoynunda yer verən bu ucalıq timsalının "mütləq hündürlüyünü" təyin eləmək çətindir. İllər ötdükcə el ədəbiyyatının, aşıq sənətinin sənət "süfrəsinə" tökdüyü boyaların saflığını müəyyən etmək üçün Ələsgər müqayisə vahidi və meyar olur. Aşıq Ələsgər Dədə Qorquddan başlayıb gələn ozan-aşıq ədəbiyyatını ustalıqla mənimsəmiş və bu ədəbiyyatın hələlik keçilməsi mümkün olmayan söz köhləninin cilovunu əlində möhkəm saxlamışdır" (Məmməd Araz).
Xalq şairi Məmməd Araz Aşıq Ələsgər sənətini beləcə yüksək qiymətləndirib və ustadlar ustadını aşıq sənətimizin hündürlüyü məlum olmayan bir zirvə adlandırıb.
Bu gün klassiklərə, xüsusilə aşıq sənətinin yaradıcılarına heyranlıq və məhəbbət hissi tükənmir. Çünki ustad aşıqların bizə miras qoyduğu sənət heç vaxt öz bədii təravətini, poetik qüdrətini itirmir. Aşıq Ələsgər XXI əsrdə də sevilir, oxunur, təbliğ edilir.
Aşıq Ələsgərdən nə öyrənirik, niyə onu bu qədər çox sevirik?
Fikrimcə, bunun ən başlıca səbəbi onun şeirlərinin yaratdığı möcüzədədir. İnsanı bu dərəcədə heyrətə salan, onun hisslərini, duyğularını bir andaca ələ alan şeirlər doğrudan da sirli-sehirli bir möcüzədir. İlahinin bəxş etdiyi istedad Ələsgər sözündə öz parlaq təcəssümünü tapmış, bir daha əyan olmuşdur ki, böyük sənətkarlar yaratdıqları ilə İlahi qarşısında peyğəmbərlərdən sonra ən seçimli insanlardır.
Şair-araşdırıcı Hacı Loğman Babacanlının "Vətən" nəşriyyatı tərəfindən çapdan çıxan "Aşıq Ələsgər" kitabını oxuyanda bir daha o poetik möcüzənin şahidi olduq. Hacı Loğman əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır, dediyinə görə Şah İsmayıl Xətainin saray aşığı, övliya, seyid, sufi şair Miskin Abdalın şəcərəsindəndir. Bu nəsildən 50-dən çox tanınmış şair, mütəfəkkir, alim, elm və din xadimləri yetişmişdir. Hacı Loğman özü də şairlik istedadına malik olan Məhəmməd kişinin ailəsində dünyaya gəlmişdir, ixtisası mühəndislik olsa da, şeirlə çoxdan ünsiyyətdədir və artıq bir neçə kitabın da müəllifidir.
"Aşıq Ələsgər" kitabı isə Hacı Loğmanın tədqiqat əsəridir. Bu kitabda müəllif Ələsgəri dərk etməyin yollarını göstərir.
Dahi şairimiz Məhəmməd Füzulinin azərbaycanca divanında olan qəzəllər bir neçə dəfə, istər türk, istərsə də Azərbaycan füzulişünasları tərəfindən şərh olunmuş, geniş oxucu kütlələrinin başa düşəcəyi tərzdə izah edilmişdir. Çünki Füzuli elə bir şairdir ki, onun hər misrası, hər beyti, hər qəzəli obrazlı fikirlə, sözün fəlsəfi yüküylə doludur. Bu qəzəllərdə o qədər dərin mənalar var ki, onları izah etmək üçün özün də gərək "silahlanasan, dini, fəlsəfəni, ürfan elmini biləsən.
Bəs Ələsgərdə necə? İlk baxışda belə görünür ki, Aşıq Ələsgərin şeirləri: qoşmaları, gəraylıları, təcnisləri, divaniləri və s. çox asan başa düşülür və bunları şərh eləmək mənasızdır. Amma belə deyil. Ələsgər şeirlərində də izah olunmalı, oxucu üçün aydınlaşdırılmalı mətləblər az deyil. Çünki Ələsgərin qaynaqlandığı mənbələr çoxdur, Qurani-Kərim, İncil, Tövrat, Zənbur, təsəvvüf, müxtəlif təriqətlər, tarix, astronomiya, fəlsəfə, məntiq... bütün bunlardan təsirlənən Ələsgər şeirlərində arif bir şair kimi nəzərə çarpır. Kitaba ön söz yazan Xalq şairi Zəlimxan Yaqub doğru qeyd edir ki: "Qəvvas gövhəri necə üzə çıxarırsa, alim də Aşıq Ələsgərin elmini və helmini elə üzə çıxarmalıdır. Bu mənada şair-tədqiqatçı Hacı Loğmanın Ələsgər yaradıcılığına yeni baxışı, yeni münasibəti diqqət çəkir".
Kitab Ələsgərin sələfi, aşıq sənətinin ilk ustadlarından olan Miskin Abdal haqqında geniş təsəvvür yaradan bir yazı ilə başlayır. O, Miskin Abdalın həyatı və yaradıcılığı ilə bir çox məlum olmayan faktları nəzərə çarpdırır, onu həm el aşığı, həm də sufi şair kimi təhlil edir. Əlbəttə, Ələsgəri daha yaxşı tanımaq üçün Miskin Abdaldan başlamaq doğru işdir.
"Aşıq Ələsgər" kitabında müəllifin üslubu elmi-publisistik səpkidədir. Yəni müəllif ilk növbədə tədqiqatçı kimi çıxış edir, amma fikirlərini sırf elmi şəkildə deyil, sadə, hamının başa düşəcəyi tərzdə izah edir. Daha doğrusu, onun tədqiqatçılığı ilə publisistliyi bir araya gəlir.
Hacı Loğman əsərin ilk fəslində qeyd edir: "Aşıq Ələsgərin yaradıcılığı bir çox istiqamətlərdə araşdırılmalıdır: 1. Ələsgər yaradıcılığında sufi dünyagörüş, özünüdərk. 2. Elmi mahiyyəti. 3.Sözün dəyəri və keyfiyyəti. 4. Ələsgər yaradıcılığının bəşəri mahiyyəti. 5. Ələsgər yaradıcılığında Sözün çoxçalarlılığı və dilin üslubu. 6. Ələsgər yaradıcılığında məntiq və realizm.
Bu göstərilən məsələlərin heç biri müəyyən bir fəsildə verilməyib, lakin şeirlərin izahında yeri gəldikcə həmin məsələlərə toxunulur.
Qeyd edək ki, Ələsgər yaradıcılığında sufiliklə bağlı məqamları Hacı Loğman doğru-düzgün şərh etməyə çalışır. O, Ələsgərin hərflərlə bağlı bir gəraylısından çıxış edib.

İbtidada "əlif"-Allah,
"Bey"-birliyə dəlalətdir..
"Tə"-təkdi vahidi-yekta,
Arif bu elmə bələddi.

"Se"-şahiddi doğru yola,
"Cim"-ucadı, bax calala.
"He"-mehribandır halala,
Minkir ondan xəcalətdi.

"Xe"-birdi xaliqi-əkbər,
"Dal"-doğru doqquz fələklər,
"Zal"-zikr eylə dildə əzbər,
"Re"-rəsulumuz Əhməddi.

İndi müəllif bu bəndlərlə bağlı şərhlərinə diqqət yetirək: "Ələsgər demək istəmişdir ki, insan Allahdan qopan bir zərrədir ki, əzəli Allahdan başlayır və yenə Allahın zatındakı zərrələrdən özünə vahid bir sistem yaradır. Bu sistemlər ayrı-ayrı mövcud olsa da, vəhdaniyyət-bir sistemi təşkil edir və bütün bu sistemlərdəki cazibəni və əlaqəni Ruh-Allah idarə edir. İnsan bir ata-anadan xəlq olduğu kimi, bütün hərflər də bir a hərfindən törəyib... Allahdan nöqtə, nöqtədən Allaha. Zərrədən doğuluş, doğuluşdan ölüm. Bəşəriyyətin inkişaf prosesi. A-N-A doğuluş, həyat, ölüm, qayıdış. A-Allah, N-nöqtədən doğuluş, xilqət-A-Allah. A-T-A Allah-törədən-Allah".
Kitabda ən maraqlı bölmə təcnislərlə bağlıdır. Məlumdur ki, təcnis qoşmanın ən mürəkkəb bir formasıdır və burada şairdən böyük məharət tələb olunur ki, cinaslı sözlərdən məharətlə istifadə edib şeirdə forma ilə məzmunun gözəl vəhdətini yaratsın.
Hacı Loğman Ələsgərin demək olar ki, bütün təcnislərini, o təcnislərdəki cinaslı sözlərin mənalarını izah etməyə çalışır.
Ümumiyyətlə, təcnisi Ələsgər səviyyəsində yazmaq, poetik kəşfə, hünərə çatmaq deməkdir, eyni səs tərkiğləri gərək forma xatirinə işlənməsin, sətirlər və bəndlər arasında məna əlaqəsi üzülməsin, məntiqi bağlılıq, fikir ardıcllığı pozulmasın. Ələsgərin təcnisləri bu baxımdan ən şah nümunələrdir.
Xudam səni nə xoş gündə yaradıb,
Meylim axır sana sarı, görəndə.
Həsrətindən yüz yara var sinəmdə,
İnsaf eylə, birin sarı, görəndə.

Tifil tək qoynunda nara aşiqəm,
Mürği-Səməndərəm, nara aşiqəm,
Çəkərəm sübhədək nara, aşiqəm,
Tərlan oylağında sarı görəndə.

Ələsgər sızıldar, bala yetişər,
Nardan Səməndərə bala yetişər,
Gözlərindən mana bala yetişər,
Olur gül irəngin sarı, görəndə.

Təcnisin birinci bəndində işlənən cinas sözlərin mənaları məlumdur: Sana sarı-sənə doğru, birin sarı-sarımaq... İkinci bənddə: qoynunda nar deyəndə məmələrə işarədir, Səməndər-od quşuyam, oda aşiqəm, sübhədək nara çəkmək isə ah-nalə çəkmək deməkdir. Üçüncü bənddə-Ələsgər sızıldar, bala yetişər-yəni arı bal çəkəndə sızıldayan kimi, mən də sənin həsrətindən sızıldayıram və şeiriyyətin balına yetişirəm, şerin ən gözəlini yazıram. Nardan Səməndərə bala yetişər-yəni Səməndər od quşudur, onun balası oddan doğular, məni də səndən yazmağa sənin eşqin vadar edib, sənin gözlərin məni bəlaya salacaq, amma görəndə baxmasam dözə bilmirəm, baxışın məni dərd-bəlaya salır, rəngim saralır, halım pozulur. İkinci bənddəki sarı-quş, üçüncüsündəki sarı-rəng adıdır.
Ələsgərin təcnisləri içərisində dodaqdəyməz təcnislər, cığalı təcnis növləri də maraqlı araşdırmalara gətirib çıxarır. Və Hacı Loğman gücü çatdığı qədər o növlərdən olan təcnisləri də oxucular üçün şərh edib. Əlbəttə, bütün bu şərhlərdə olsun ki, bəzi qüsurlar da var, amma niyyət doğru seçilib, Ələsgər şeiriyyətinin görünməz qatlarını da oxucuya bəlli etmək. Çox təəssüf ki, Ələsgərin bağlamaları təhlil olunmayıb, sadəcə təqdim edilib. Kitabda Ələsgərin həcvləri və hərbə-zorbaları, deyişmələri, qəzəlləri, bir mərsiyəsi, dastanları da verilib. Bunlara şərhlər yazılmayıb, ehtiyac olmayıb.
Ümumən, bu kitab Aşıq Ələsgər dünyasına bir daha bələd olmağın yollarını aydınlaşdırır və Hacı Loğmanın bu zəhməti heç də hədər getməyib. Onun Dədə Ələsgərə sonsuz məhəbbətindən yaranıb bu kitab. Qeydlərimizi Hacı Loğmanın öz şeiri ilə bitirək:

O bağlı xəzinən, o nur çeşməsi,
Hələ yayılmamış kündəymiş, Dədə!
Ən dürlü hikmətlər-arif olana,
Mən səndən öyrəndim, dindəymiş, Dədə!

Mücrün açıldıqca, simuzər saçır,
Mənalar içindən mənalar daşır,
Kamal aciz qalır, düşüncə çaşır,
İlahi, nəymişsən, sən nəymiş, Dədə!

Göyçədən ruhuna əsdi Nəsimi,
Titrədi Loğmanın könlünün simi,
Füzuli, Firdovsi, Hafiz, Nəsimi,
Doğrudan doğruya səndəymiş, Dədə!

Vaqif YUSİFLİ


İmza:

YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK