... 14 sentyabr Təbriz üsyanının
qan içində boğulduğu, Şeyx Məhəmməd Xiyabaninin öldürüldüyü gündür. Öldürülüb,
meyiti günlərlə şəhərin küçələrində qalıb. Qorxudan kimsə yaxınlaşa bilməyib...
... 15 sentyabr Türk İslam
Ordusunun Bakıya daxil olduğu gündür. "Nazlı Bakı, o neft qoxan
gül"...
... Bir də 18 sentyabr var
axı... 18 sentyabr...
***
Mən yalançı, hay-küylü vətənpərvərlik
anlayışlarından çox uzaq bir insanam. Mən bu böyük dünyada, bu böyük insan mədəniyyəti
tarixində bizim balaca məmləkətin yerini də şişirtməsiz-filan anlayıram. Mən
anlayıram ki, XX əsrin başlanğıcından ta bu günə qədər bəşəriyyətin böyük
sıçrayışlarına getdiyi yolu biz addım-addım, sürünə-sürünə getmişik. Başqa millətlər
göyə raketlər uçururkən biz hələ motor istehsal etmək durumunda deyilik. Başqa
millətlərin 400 il əvvəl keçirdiyi intibah dövrünü biz XX əsrin başlanğıcında
keçmişik. Amma gec də olsa bu boşluğu doldurmaq üçün bir kəhkəşan dolu parlaq
insanlar gəldi. İndi biz onlara klassiklərimiz deyirik, amma düşünürəm ki,
onlar bu anlayışdan daha yüksəkdə dururdular. Onlar bizə işıq, nur, düşünmək
qabiliyyəti, söz eşitmək qabiliyyəti gətirdilər. Dedim ki, XX əsr bizim intibah
əsri idi. Mürgülü, yuxulu milləti silkələyib oyatmaq və bu milləti realist ədəbiyyat,
teatr, opera, balet, kino yaratmağa məcbur eləmək bir neçə sayılı şəxsin
boynuna düşürdü. Zülmətin içində parlayıb dövranı işıqlandıranlardan biri də o
idi.
O elə bir şəxs idi ki, hər kəs
muzdur olmağı ilə fəxr elədiyi vaxtda ona bəy deyirdilər - Üzeyir bəy. O, elə
bir mürəkkəb və təzadlı dövrdə yaşamışdı ki, bu dövrün dəyirmanından təmiz
vicdanla və sağ-salamat çıxmaq çox çətin idi. O, elə bir mühitdə yetişib
formalaşmışdı ki, cəhalət və nadanlıq, kütləvi korluq bu mühitin dəyişməz
atributları idi. Bu, zaman, məkan və şəxsiyyət rakursundan baxanda onun
böyüklüyünü bütün incəliklə anlamaq olardı.
Şərqdə ilk operanın müəllifi,
professional musiqimizin banisi, felyetonları ilə dövrünün naqisliklərini
qamçılayan jurnalist, neçə-neçə musiqiçi nəslini yetişdirmiş görkəmli pedaqoq.
Bu sözlər dəfələrlə deyilmiş məlum həqiqətlərdi. Dəfələrlə deyilmiş, bildiyimiz
həqiqətlərlə yanaşı, daha artıq bilmədiklərimiz də var. İçində aşıb-daşan, kükrəyən
istedadını boğub gizlətməyə məcbur olduğu dövrlər haqqında. Şərqdə ilk
cümhuriyyətin himnini yazmış bir şəxsin sonra işğal olunmuş yalançı bir dövlətə
himn yazmağa məcbur olması nə deməkdir, anlaya bilərikmi? Uzun illərin
susqunluğundan sonra 37-ci ilin sinfi mübarizə qırğınına opera hədiyyə etmək nə
deməkdir, anlaya bilərikmi? Mövcud olan qaragüruhla mübarizədə əvvəllər cavab
verə bildiyi, sonralar isə susmağa məcbur olduğu dövrlərdə ürəyində nə ağrılar,
nə incikliklər olduğunu anlaya bilərikmi?
Bu günlər onun həyatı və
yaradıcılığı ilə bağlı yazılanları yenidən vərəqləmək istədim. Qulam Məmmədlinin
84-cü ildə çap olunmuş salnaməsinə baxdım. Bununla qeyd etməyi özümə borc bilirəm
ki, Qulam Məmmədli bizim mədəniyyətimizə fədakarcasına xidmət etmiş zəhmətkeş
bir insan idi. Müxtəlif respublikaların arxivlərindən min bir əziyyətlə
topladığı materiallar bu gün də xalqımıza xidmət edir və düşünürəm ki, bu
kitabları latın qrafikası ilə çap eləməyin vaxtı çoxdan çatıb. Həmin salnamədə
1885-ci ildən 1948-ci ilə qədər Üzeyir bəyin həyatına dərin bir nəzər salınıb.
Həmin kitaba istinadən bəzi xatırlatmalar eləmək istəyirəm. Burda onun bəy nəslini
təsdiq edən sənədlərdən tutmuş, Qori seminariyasında təhsil illəri haqqında xoş
və nalayiq məqalələr, xatirələr, özünün məqalələrindən çıxartmalar var. Diqqətimi
cəlb eləyən bəzi məqamları sizə də çatdırmaq istəyirəm.
1909-cu il, "Tərəqqi qəzeti",
Üzeyir bəyin məqaləsindən:
"Mən seminariyanın 2-ci
klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım, yazı imtahanı üzrə -
"Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi altında bir məqalə yazmağı
bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan
ötəri dərs kitabları tərtib edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi.
Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına 3 nömrəsi qoyublar. Amma mən
2 yarım qoyuram. Çünki qanmıram ki, sən nə deyirsən". İkmali-təhsildən
sonra yoldaşlarımızdan, əzz cümlə məndən soruşdular ki, nərədə müəllimlik etmək
istəyirsən? Dedim - Bakıda. Və o qədər safdil idim ki, direktorumuzun bu barədə
təvəssütünü rica etdim. Bir azdan sonra məni bir erməni kəndinə müəllim təyin
etdilər". Qeyd edim ki, həmin erməni kəndi Hadrut rayonunda idi. Və artıq
oralarda erməni-müsəlman davası alovlanmaqda idi. Təbii ki, ana dilində kitab nəşr
elmək fikrində olan bir gənci ruslar azərbaycanlıların oxuduğu məktəbə müəllim
göndərməzdilər. Bu da imperiya siyasətinin tərkib hissələrindən biri idi. Onlar
öz düşüncələrindən, öz prizmalarından baxanda haqlı idilər. İndi oxuyacağım isə
bizim həqiqətlərimizdir.
1909-cu ildə "Zənbur"
jurnalında Üzeyir bəyin əleyhinə silsilə yazılar dərc olunur - yazıların məğzi
bundan ibarətdir ki, bakılılar dura-dura qarabağlı gəlmə opera yazır.
Karikaturasını çəkirlər - ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok
və sol tərəfində bir nəfər zurna tutub çalır. Bu zurnanın içindən isə notlar
çıxır. Karikatura demək istəyirdi ki, kənddən gəlmiş birisi zurnadan not
yaratmaq istəyir. Üzeyir bəy zənburçulara cavab verir: "Millət balalarının
təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetlərdə
yazmaqla əhaliyə xidmət etmək və yaddan çıxmış, ləhvü-ləəb aləti olmuş
musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində
deyil, ev tikdirmək, bankalarda pul saxlamaq, bəlkə öz ailəsini belə bəsləyəcək
qədərində də pulu olmayan bir mükafata razı olmaq zənburçuların nəzərincə pis
şeydirsə, qoy mən pis olum! Madam ki, mən qara qəlbli, kəsif ürəkli zənburçuların
xoşuna gəlmirəm, qoy gəlməyim! Qoy onlar bacarsınlar da min dəfə çalışsınlar.
Lakin əhalini hələ dolayıb da aralığa bakılı-qarabağlı fitnəsi salmasınlar. Hər
nə deyəcəkləri var, mənə desinlər. Bu bir ciddi təklifdir".
Bu söhbətlər elə bir vaxtda
gedirdi ki, Bakıda hər şey erməni, rus və digər millətlərin əlində cəmləşmişdi.
Belə olan halda bəzilərini opera yazanın Azərbaycanın hansı bölgəsindən gəldiyi
qıcıqlandırırsa, bu da bizim həqiqətlərimizdir. O dövrün mətbuatında buna bənzər
yazılar çoxdur. Belə sərsəmləmələr sonralar sovet dönəmlərində də onu müşayiət
edirdi.
1924-cü il "Kommunist"
qəzeti: "Üzeyir Azərbaycan opera və operettalarının yaxşı olmasından bəhs
edir. Bu məncə, artıq bir işdir. Üzeyir Hacıbəylinin öz əsərlərini sevdiyini
hamı bilir. Daha Gürcüstan, Ermənistanda yüzlərcə dəfə
oynanıldıqdan sonra Rusiyayı, Türkiyəyi, İranı, Fransanı, Amerikanı, İspaniya,
İtaliya və Misiri müvəffəqiyyətlə dolanıb gəzən "Arşın mal alan" ilə
xalqı qorxutmağa nə hacət? Ancaq burada yavaşca Üzeyirin qulağına bunu
pıçıldamaq istəyirəm ki, o yerlərdə "Arşın mal alan"ın oynanmağına səbəb
onun yüksək musiqiyə və dərin mənaya malik olması deyil, qeyri-millətlərin Türk
aləmi ilə və ələlxüsus Şərq musiqisiylə maraqlanmasıdır. Qərbdə bizim mədəniyyətimizlə
və ədəbiyyatımızla bizdən artıq maraqlanırlar".
Bunlar da 24-cü ildə yazılanlar.
Ancaq o zamanlar Hacıbəyov artıq bunlara cavab verə bilmirdi. Çünki bəy idi.
Çünki müsavatçı idi. Çünki qardaşı Fransada mühacirətdə idi. Çünki, çünki,
çünki... Amma bir fakt da var. Bu fikirləri yazanı 37-ci ildə bolşeviklər güllələdilər.
Hər şeyə rəğmən O, birinciydi.
Birinci olmağın ağırlığı, məsuliyyəti ilə Şərqdə ilk demokratik respublikanın
himninin müəllifi oldu. Şərqdə ilk Konservatoriyanın qurucusu oldu. Şərqdə ilk
qadın müğənnini səhnəyə çıxartdı. Bu çirkab axıntısının içində, bu vurhavurda
kiminsə yadına düşürsə ki, sentyabr ayında Üzeyir bəyin ad günüdür, buna da çox
şükür!
Hər birimizin içindən keçən bir
yol var - Vətən yolu. Biz bu yolu birincilərin açdığı cığırla gedirik. Yolumuzu
azanda, yolumuzdan çıxanda dönüb arxaya baxsaq, bizə yol açan birinciləri
görürük. Dövrana işıq salan İnsanları...
***
Susuzluqdan dilimiz, dodağımız
çatladı. Yandıq, pörşələndik. Bir leysan yağdır, Allahım! Nuh tufanından betər
olsun! ə