SON DƏQİQƏ:

Məhəbbət çiçəyi

  48870   |  
Şriftin ölçüsü  

Əbülfət MƏDƏTOĞLU


Bu günlərdə Azərbaycan oxucusunun şeir dünyasına əl boyda bir kitab daxil olub. Və tam səmimiyyətimlə deyim ki, bu kitabın üz qabığı dərhal diqqəti çəkir. Yəni  kitabın tərtibçisi, eləcə də ön sözünün müəllifi çox hörmətli naşir-publisist Vasif Quliyev peşəkarlığını bir daha nümayiş etdirib:

- Kitabın üz qabığında Xarı bülbül, ikinci planda isə Cıdır düzündən boylanan bir mənzərə…

Bəli, bu tərtibat az-çox duyğusu olan hər kəsi dərhal kitaba tərəf çəkir. Bir yurdsuz-yuvasız Qarabağ köçkünü kimi mən də bu kitabdan yan keçə bilmədim. Çünki həyatımın, yaşadığım illərin, Qarabağlı günlərimin canlı şahidi olan Xarı bülbülün yanından sakitcə ötüb keçmək ümkün deyil. Götürdüm kitabı əlimə və ilk səhifəsindən sonuncu səhifəsinə qədər az qala birnəfəsə oxudum. Əslində burdakı şeirlərin bir çoxunu öncədən oxumuşdum. Amma toplu halında hamısı bir yerdə ilk dəfə görürdüm və oxuduqca da kitabın çapına maddi və mənəvi yardım göstərmiş Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova ürəyimdə bir minnətdarlıq qanadlandı. Həmin minnətdarlıq hissini bir daha təkrar edirəm və vurğulayıram ki, son vaxtlar hörmətli Bayram müəllimin dəstəyi ilə Şuşayla, Qarabağla bağlı bir xeyli kitab işıq üzü görüb və bu da təqdirəlayiqdir ki, həmin kitabların əksəriyyətinin redaktoru Vüsalə Fətəliyeva, araya-ərsəyə gətirəni isə Vasif Quliyevdi. Bu insanlar təkcə vətəndaş, ziyalı kimi deyil, həm də bir Qarabağlı kimi doğma regionun hər daşı, hər abidəsi, hər incisi üçün can yandırır. Elə bu kitab da onlardan biridir.

Bəli, sizə təqdim etdiyim bu kitab bir məhəbbət çiçəyinin, yəni xarı bülbülün şəninə yazılmış şeirlərin toplusudur.  Ön sözün müəllifi vurğulayıb ki, «… Əlinizdə tutduğunuz bu kitab Şuşa təbiətinin simvoluna, Şuşamızın xarı bülbülünə hörülmüş bir poeziya çələngidir.» Həqiqətən də bu belədir. Və bunu görmək üçün sadəcə kitabı oxumaq lazımdır. Öncə də  Ağabəyim ağa Ağabacının.

 

Vətən bağı al-əlvandır,

Yox içində Xarı bülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı bülbül?!

 

Səhərin gülşən çağında,

Nə gəzirsən bağı, bülbül?!

Oxudun, ağlım apardın,
Oldun mənə yağı, bülbül!

 

Bu topluda xalq şairləri Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, eləcə də Azərbaycanın bir çox söz adamlarının şeirləri toplanıb. Həmin şeirlər içərisində Abbas Abdullanın:

 

Gəzib, gəzib yorulub,

Öz gülünü Şuşada.

Bülbül dönüb gül olub,

Bir yaz günü Şuşada.

 

Və yaxud Fəridə Hacıyevanın:

 

Xarı bülbül, elim, obam viranə,

Üzüm də yox şəninə söz söyləyim.

Görən harda baş qaldırdın, divanə,

Qərib canım köməksizdi, neyləyim.

 

Nüsrət Kəsəmənlinin:

 

Qarabağda bağım qaldı,

Neçə şirin çağım qaldı.

Sinəm üstə bağım qaldı,

Necə çalım tarım, bülbül?

 

Qırov qara telə düşüb,

Sona özgə gölə düşüb.

Bəxtimizə belə düşüb,

Mənlə burda qarı, bülbül.

 

Eləcə də digər şairlərimizin misraları vətən bağında yolumuzu gözləyən xarı bülbülün təkcə gözəlliyini, sədaqətini deyil, həm də onun bizim üçün bir simvol olduğunu ifadə edir.

"Məhəbbət çiçəyi” almanaxında yer alan şeirlər arasında bu yazının müəllifinin də payı var.  Həmin şeirlərin birində vurğulanır ki:

 

Mənə doğma, sənə tanış,

Şuşa adlı dərddən danış…

Qələbəsiz yoxdur barış!

Ərit buzu, qarı, bülbül,

Xarı bülbül, Xarı bülbül!

 

Və yaxud:

 

Bir yaralı sinənin

«Ah»ına bax, «ah»ına.

Bütün dünya batıbdı,

Bir gülün günahına!..

 

Hörmətli oxucular! Birnəfəsə, isti-isti barəsində  ürək sözlərimi yazdığım bu almanaxı oxumağa tələsin. Onda siz Xarı bülbülü bir az da yaxından tanıyıb, bir az da çox sevəcəksiniz.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK