adalet.az header logo
  • Bakı -°C
14 May 2026 09:10
87
ƏDƏBİYYAT
A- A+

Mədəniyyətinizi haradan almısınız? - Pərvanə Bayramqızı yazır

Mətnə "mədəniyyət" sözünün mənasını açıqlamaqla başlasam, yazı giriş hissədəncə vikipediya məlumatı təsiri başlayacaq. Ona görə geniş izaha ehtiyac duymuram, amma bilməyənlər üçün  qeyd edim ki, “mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi olub. İnsanların fəaliyyət dairəsi tədricən genişləndikcə "mədəniyyət" sözü daha geniş məna daşımağa başlayıb. İndi biz bu sözü maarifçilik, savad, tərbiyə anlayışları kimi işlədirik. 

Bəzilərinin mədəniyyət anlayışı yalnız teatrdan, bəzilərininki də ayaqlarını aralamadan oturmaqdan ibarətdir. Mədəniyyətinsə növü çoxdur.

Bizlərdə şuluq uşaqlara acıqlananda: “səni əkənə lənət” deyirlər. Demək, uşaq qazanmağın özü də mədəniyyətin, yəni əkib-becərməyin bir növüdür. 

Adama elə gəlir, hamı hər yerdə mədəniyyəti axtarır, o da borcu olan adamlar kimi adını eşitdikcə qaçıb orda-burda gizlənir, xəlvətcə boylanır ki, görsün adamlar çəkildilərsə gizləndiyi yerdən çıxsın. Özü mədəniyyətsiz olan belə başqasına “mədəniyyətin olsun” deyir. Yaxınlaşıb soruşsan ki, bəy, yaxud ay xanım, mədəniyyət nədir, nəyi nəzərdə tutub o yoldaşa “mədəniyyətin olsun” deyirsən, bəlkə də, cavab verə bilməyəcək.

Nə isə, mədəniyyət hər nədirsə, ondan sarı yaman korluq çəkirik. Aprelin on beşində – Mədəniyyət Günündə sosial şəbəkə hesabımda yarızarafat-yarıciddi soruşmuşdum ki, mədəniyyətiniz var, hardan almısınız? “Mədəniyyətimiz niyə zəifdir” sualı veriləndə birinci kitabdan uzaq düşməyimizi səbəb kimi göstərə bilərik. Bəs “kitabdan niyə uzaq düşmüşük” soruşulanda da telefonu, televiziya proqramlarını əsas şərt kimi götürürük. 

“Kitabxanalara getmək lazımdır” deyəndə kitabların pdf variantını, audiokitabları nümunə göstərirlər. Bəs kitabxana mühitndə formalaşmayan oxucular harda yetişsinlər?

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin saytına baxanda oxuduğumuz xəbərlərdən anlayırıq ki, bu sahədə vəziyyət o qədər də pis deyil. Xarici ölkələrlə mədəni əlaqələr qurulur, bölgələrə qastrol səfərləri təşkil edilir, teatrlarda tamaşalar göstərilir. Azərbaycan Rəssamlar İttifaqının sərgiləri, rəsm müsabiqələri də ürəkaçandır. Kitabxanalar da hər əlamətdar günlərlə, aktual mövzularla bağlı tədbirlər keçirirlər. 

Ədəbiyyat sahəsindəki vəziyyətin də yaxşı və pis tərəfləri var.  Kitab nəşri, oxucuya çatdırılması, müəllifi dünyaya çıxartmaq kimi mövzular daim gündəmdədir. Əksər ədəbiyyat adamı müzakirələrdə ürəklə çıxış edir. Deyə bilərik ki, bu baxımdan qaynar və qaynayan mühit bu sahənin payına düşür. Təbii ki, öz problemləri ilə birgə. 

Kitab təqdimatlarının keçirilməsi, qələm adamlarının tez-tez görüşüb söhbət etməkləri ünsiyyətin sıxlığına, mühiti canlandırmağa yaxşı təsir edir, amma çatışmayan budur ki, təqdimatlar vaxtı ədəbiyyatdan, yaradıcılıqdan çox müəllifin şəxsiyyətindən bəhs edilir. Kitab müzakirələri isə tamamilə unudulub. Yaxşı olar ki, təqdimatında iştirak etdiyimiz kitabları oxuyub bir dəfə də müzakirəsini təşkil edək.

Demək istəyirəm ki, mədəniyyət, ədəbiyyat portallarında maraqlı, vacib, zehnin, dünyagörüşün formalaşmasına müsbət təsir göstərə biləcək mövzular dərc edilir, tədbirlər, müsabiqələr, sərgilər haqqında məlumatlar oxumaq mümkündür. Dövlət müəssisələrində diqqətçəkən işlərin bir növ hesabatı verilir. Demək, durğunluq deyil, fəaliyyət var. Mədəniyyət naziriliyi xəlvət işləmir ki. Yaxşı bəs bu boyda mədəniyyətsiz kütlə harda yetişir? Bəs niyə balaca uşaqlar Kəmalə Günəşlidən mahnı oxuyurlar? Ona görə ki, bu milləti düşündürə biləcək proqramlar, efir təbliğatı yoxdur.

Nəyin yaxşı, nəyin pis olduğunu bilməyənə düzgün istiqamət verən verilişlər hazırlanmır. Efirlər xalqa bacardıqca pislik edib, yanlış istiqamətə yönəldiblər. Bunun əziyyətini çəkirik, çəkəcəyik də. Elə tamaşaçı yetişdiriblər ki, düşünməyi sevmir, hamısı əylənməyə üstünlük verir. Gənclik tiktok videoları ilə formalaşır. Bunlara görə həyəcan təbili çalınmalı, bunlara görə məsuliyyət hiss etməli, Azərbaycan gəncliyinə canıyananlıqla yanaşılmalıdır. Mədəniyyət xəbərlərini izləməyə heç kəsin həvəsi yoxdur, çünki bunun üçün saytlara baxmaq lazımdır, sosial şəbəkələrsə əl altındadır. Asan yolu seçirlər. Bu yolun təhlükəsini isə nəzərə almırlar. Sosial şəbəkədən istifadə etmək nə eyibdir, nə də qadağandır, yanlış formada istifadə etməksə əsl problemdir. Barı ordan faydalı məqsədlə istifadə edələr. 

Niyə “mətbuat” deyiləndə ağla əldə telefon küçədə nə gəldi çəkənlər yada düşür? Niyə efir mədəniyyəti deyəndə tamaşaçı bir-birinin üzünə baxa-baxa qalır?  Avtobusda sərnişinlər seriala baxır, Hacı Şahini dinləyir, səviyyəsiz musiqini qulaqlıq vasitəsilə beyinlərinə ötürürlər. Demək, nəyi istəyirlərsə, ona vaxt ayırırlar. Metroda sanballı mahnıların səsləndirilməsinə acıqlananlardan soruşmaq lazımdır ki, bəs keyfiyyətli musiqiləri harda eşidək? Metroda da avtobusda dinlədiklərimizi dinləyək? 

Gəlin dərk edək; bizə nəyi göstərirlər, biz nəyə baxırıq? Bizə yaxşı mənzərələri kim göstərməlidir, özümüzmü gedib tapmalıyıq, yoxsa rəsm sərgilərini evimizdəmi təşkil etməlidirlər?