SON DƏQİQƏ:

TAMAŞAÇI SEVGİSİ

  26588   |  
Şriftin ölçüsü  

ƏBÜLFƏT MƏDƏTOĞLU


Gününü, ayını dəqiq xatırlamıram. Amma il yadımdadı. Ona görə ili dəqiq xatırlayıram ki, orta məktəbdə oxuyurdum – 8-ci sinifdə. Və onda da bu gözəlim Azərbaycanda bir telekanal fəaliyyət göstərirdi. Yəni Dövlət Televiziyası mövcud idi. Uşaqlı-böyüklü hamımız onun aurasında idik. Vaxtımız olanda, dərsdən,qoyun-quzu otarmaqdan imkan tapanda ekran başında yığışıb otururduq. Tam səmimiyyətimlə etiraf edim ki, bugünkündən çox-çox dadlı və duzlu, düşündürücü və maarifləndirən verilişlərin tamaşaçısı olurduq. Onu da etiraf edim ki, o verilişlər həm də bizi yönəldirdi, istiqamətləndirirdi. Bax, biz də onun içində böyüyürdük və onu da etiraf edim ki, biz o tək telekanalın hesabına Azərbaycanın, eləcə də  dünyanın ədəbiyyatından və incəsənətindən, idmanından, kinosundan, siyasətindən, bir sözlə, ekologiyasına qədər hər şeydən, hər yerdən xəbər tuturduq…

İndi efir də çoxdu, ekran da çoxdu, hamısının işi avand olsun. Amma topası o vaxtkı bir AzTV-nin gördüyü işi görə bilmir. Bax, həmin o illərdən ölkənin əmək adamları ilə görüşə, kənd zəhmətkeşlərinin qulluğuna sənət adamları gəlirdi. Şairlər şeir oxuyurdu, müğənnilər mahnılarını ifa edirdilər, aktyorlar tamaşa göstərirdilər. Üstəlik, o illərdə AzTV-də proqram da var idi. Adı da indiki kimi yadımdadı – «Komediyalar aləminə səyahət».

Yaşıdlarımın yadında olar. Müxtəlif komediyalardan epizodlar göstərilirdi həmin verilişdə. Özü də elə epizodlar ki, həm bütün əsərin mahiyyətini ifadə edirdi, həm də aktyorun özünü tanıdırdı tamaşaçıya, sevdirirdi onu. Bax, mən ilk dəfə bugünkü dostumu, xalq artisti Yasin Qarayevi həmin «Komediyalar aləminə səyahət» verilişində gördüm. Onun ifa etdiyi qayınata rolu və özünəməxsus şəkildə söylədiyi «apstrax, yapışdırax» sözləri yaddaşıma yazıldı. Onun aktyor jestləri məni həqiqətən içdən güldürdü və gülə-gülə də mən onun söylədiyi bütün sözləri az qala əzbərlədim. Mən uzun müddət o rolun təsiri altından çıxa bilmədim. Hətta yaşadığım kənddə, ətrafımda olan adamlara baxanda da Yasin Qarayevin jestlərini, cizgilərini axtarmağa, tapmağa çalışdım. Birində təbəsümünü gördüm, birində əl hərəkətini, birində səsin tembrini. Topası isə sən demə Yasin Qarayevin özündə imiş. Çox sonralar, yəni, Yasin müəllimin oynadığı rolları səhnədə, özünü isə gözümün önündə, çevrəmdə görəndə aktyorluq sənətinin nə demək olduğunu dərk etməyə, anlamağa başladım. Xüsusilə mənə bəlli oldu ki, hər bir aktyorun, o cümlədən də Yasin Qarayevin daxilində obrazını yaratdığı tiplər, personajlar elə bil ki, bir küncdə oturub növbəsini gözləyir, məqamının həsrətindədi. Elə ki, həmin tipi, həmin personajı yaratmaq aktyora tapşırıldı, onda o gözləyən məqam güdükçüsü olan hərəkətə keçir. Aktyorun içindən tamaşaçı önünə çıxır və…

Və elə aktyorun özünün, həmçinin yaratdığı rolun yeni yolu, yeni missiyası, yeni təqdimatı burdan başlayır. Bir az da sadə söyləsəm, istənilən aktyor, o cümlədən də dəyərli dostum Yasin Qarayev biz tamaşaçılara yaratdığı obrazı göstərdiyi, təqdim etdiyi andan onun qəhrəmanının dünyaya gəlişi, ilk addımı başlayır. Burda bir incəlik də ortaya çıxır. O dünyaya gəliş, o ilk addım necə qarşılanır?.. Qəbul olunurmu? Təqdir edilirmi? Həyata vəsiqə ala bilirmi?

Hə, mən Yasin müəllimlə Bakıda, tələbə olduğum illərdə bir tamaşaçı, bir aktyor münasibətini də yaşamalı, həyatımda hiss etməli oldum. Çünki   «Komediyalar aləminə səyahət»dən iç dünyama yol açan aktyorla Gənc Tamaşaçılar Teatrının səhnəsində görüşlərim mənim bir daxili zərurətim, tələbatım idi. Mən sevdiyim aktyoru canlı şəkildə ekran arxasından yox, nəfəsini duyduğum məsafədən izləməyə başlayanda onun səhnədə bütünlüklə rolun içərisində olduğunu, rolla nəfəs aldığını izləyə-izləyə başa düşdüm ki, nə vaxtsa onunla lap yaxından görüşməliyəm. Çünki bu sənətkar özündə bir müsbət aura daşıyır. Hərəkətində, hətta tamaşa sonu onu alqışlayanlara müraciətində də o qədər təbii olur ki, bəzən iki saatdan artıq çəkən tamaşanın yorğunluğunu sənə unutdurur. Dediklərini, söylədiklərini dinləyib onun içdən gəldiyinə əmin olursan…

Bir müdrik deyim var. Aqillər söyləyib ki, «axtaran tapar». Mən də Yasin müəllimlə şəxsi tanışlıq üçün içimdə bir axtarış aparırdım. Doğrudur, bir qələm adamı, bir mətbuat işçisi kimi ona yanaşmaq, ondan müsahibə götürmək, hətta onunla adi həyat məsələlərindən söhbət etmək o qədər də çətin iş deyildi. Mən isə etiraf edim ki, çox munis bir doğmalığı ifadə edəcək dərəcədə yaxın bir şəraitdə görüşmək, onu təkcə aktyor kimi yox, həm də bir Allah bəndəsi kimi tanımaq məqsədilə içimdə axtarış aparırdım, zaman gözləyirdim. Bax, dediym həmin o zamanı da mənə bizim ortaq dostlarımız yaratdılar. Bu dostların başında Laçın həsrətiylə dünyasını dəyişən böyük xanəndə, əməkdar artist Məhəbbət Kazımov dayanırdı… Bu dostların önündə Cəbrayıl nisgiliylə ömrünün gənc çağlarında dünyasını dəyişən hüquqşünas dostumuz Fikrət Zeynalov dayanırdı… Bu dostların çevrəsində telejurnalist İlham Alışanov, nəşriyyat işçiləri Afiq Vəlimətov, polis əməkdaşı Etibar Hümbətov dayanmışdı. Və biz bax beləcə bir dostluq dairəsində günlərin bir günü bir araya gəldik. Daha doğrusu, həmin dostların dəvətiylə onların görüşünə gedəndə Yasin müəllimi də burda gördüm. O məşhur filmdə deyildiyi kimi, «kimi axtarırdım, kimi tapdım!»...

Bəli, beləcə başladı bizim dostluğumuz. Və ilk çörək kəsdiyimiz gündən keçən 25 ilə yaxın müddət ərzində mən nə qədər diqqət yetirsəm də, hətta bütün fikrimi ona yönəltsəm də, Yasin Qarayevin səmimiyyətində iynə ucu boyda dəyişiklik hiss etmirəm. Yasin Qarayevin söhbətlərində, hərəkətlərində, hətta əlini süfrəyə uzatmağında belə həmişə bir ərkyanalıq, həmişə bir özünəməxsusluq, ən vacibi isə ətrafdakıları o məclisin şirinliyinə bələməyi görürəm. Elə bil ki, bu insan ətrafda cərəyan edən iqtisadi, siyasi problemləri görüşünə gəldiyi dostlarının yanına gətirmir və yaxud da həmin problemləri olduğu yerə buraxmır. Təbii bir şəkildə ağrını, acını, narahatçılığı pərdənin o biri üzündə atıb gəlir. Deməli, hər dəfə xatırladığım bir sözü var Yasin müəllimin:

- Allah Fikrətə rəhmət eləsin! Allah Məhəbbətə rəhmət eləsin! Onlar ailələrindən yox, həm də dostlarından getdilər.

Doğrudan da itirdiyin dostu günün, saatın hər anında xatırlamaq bugünkü durumda hər adama məxsus olan keyfiyyət deyil. Amma Yasin müəllim istər «Azərbaycan» nəşriyyatına gələndə, istər xeyirdə-şərdə, istər adi görüşlərimizdə sözü-söhbəti mütləq fırladıb itirdiyi dostların üzərinə gətirib çıxarır, onların ruhunu sevindirir, onların xatirəsini yaddaşımızda təzələyir. Bax, bu, dünyasını dəyişənlərin ikinci ömrünün fraqmentləridi. O fraqmentlərin müəllifi də Yasin Qarayevdi.

Həyatda özünü təsdiq etmək və həm də özünü sevdirmək hər kəsə nəsib olan iş deyil. Mənim düşüncəmə görə, Yasin Qarayev bir aktyor, bir sənət adamı kimi gəlib bu dünyaya. Onun valideynləri Azərbaycan xalqına Allahın lütfü ilə bir aktyor, bir sənətkar olaraq bağışlayıbdı. Bu fikrimi yəqin ki, səmimi qəbul edərsiniz. Çünki aktyorluq təkcə kimlərisə yamsılamaq, kimlərəsə özünü bənzətmək və yaxud da qrimlənib müəyyən gülüş doğuran hərəkətlər etmək deyil. Aktyorluq həm də Allah vergisidi. Allah sevib-seçdiyinə verir o istedadı, o qabiliyyəti. Bax, bu mənada aktyor doğulmaq artıq təqdim edəcəyin, obrazını yaradacağın tiplərin də dünyaya gəlişi deməkdi. İstedad sahibləri özləri istənilən əsərə diqqət yetirəndə onların özü ilə birlikdə o iç dünyaya gəlib iç dünyalarında məqam gözləyən tiplərin də cizgilərini görürlər. Və ona görə də rol bölgüsündə məhz o tiplərin üzərində dayanırlar. Daha nə gəldi, necə gəldi rol almaq xatirinə özlərini irəli atmırlar, gözə soxmurlar. Doğrudur, hər bir aktyorun, ümumiyyətlə, sənət adamının içində bir arzu doğur. Bu mənada istənilən özünü təsdiq etmiş aktyor dünya səhnəsinin ən şah əsərinin qəhrəmanını da yaratmaq istəyini öz içində yaşadır. Amma onu məhz həmin o arzu edilən səviyyədə ortaya qoymaq, tamaşaçıya sevdirmək artıq istedadın, zəhmətin bəhrəsidi. Bu zəhmət və istedad aktyorun canında varsa, auditoriyada öyrəndiyi işinə yarıyacaq. Yox, bunlardan biri yerində deyilsə, onda o, arzu olaraq da ölüb gedəcək. 


Deməli, dəfələrlə izləmişəm. Xüsusilə Qarabağ mövzusu ilə bağlı səhnəyə qoyulan əsərlərdə Yasin Qarayev hətta ssenari müəllifinin, rejissorun görmədiyi, tutmadığı çalarları da rolun canına hopdurur, qəhrəmanın bir jestində təqdim edir. Məsələn, onun oynadığı rollardan birində hədiyyə olunmuş boyunbağını qoparıb hədiyyə edənin üstünə atması və yaxud son nəfəsini yaşayan ananın öz ocağında tək qalması üçün yalvarışlarına və övladların onun qoyub getməsini israr etməsinə aktyorun həqiqi bir övlad təşnəsi ilə reaksiyası zənnimcə o tamaşanın ən unudulmaz məqamları idi. Ümumiyyətlə, Yasin müəllim mənim bir tamaşaçı nöqteyi nəzərimə görə, övlad və valideyn obrazlarını son dərəcə inandırıcı, real yaradır. Adama elə gəlir ki, səhnədə gördüklərim elə səninlə həyatda qarşılaşan həmin o qəhrəmanın özüdü. Bu, aktyorun inandırmaq qabiliyyətinin, ustalığının bəhrəsidir. Digər tərəfdən onun yaratdığı sürücü obrazlarında da bu sənətin nümayəndələrinin bütün tipik xüsusiyyətləri ən incə nöqtələrinə qədər tamaşaçı önünə çıxarılır. Və…

Bugünlərdə 70 yaşını qeyd edəcək xalq artisti, Prezident təqaüdçüsü, sevilən aktyorumuz və nəhayət mənim dostum Yasin müəllimin yaradıcılığı ilə bağlı bir neçə qəzet səhifəlik yazı yazmaq onun pərəstişkarı kimi mənə heç də çətin deyil. Amma mən özüm duyduğum, özüm bildiyim, özüm hiss etdiyim kimi bir yazı yazmaq istədim. Necə alındı və yaxud alınmaldı bilmirəm. Bircə bildiyim odur ki, Azərbaycan teatrının oturuşmuş, tamaşaçı sevgisi qazanmış dəyərli bir sənət adamı var və o bu gün də xalqının və tamaşaçısnın xidmətindədi, onun adı da, ünvanı da birdi – Xalq artisti Yasin Qarayev!

… Sevinirəm ki, dostum 70 yaşını bizimlə birlikdə qeyd edir.

P.S. Dostum Yasin Qarayev mənə demişdi ki, bütün uğurları may ayı ilə bağlıdır. Bu ayın onun həyatında özəl yeri var və layiq görüldüyü, qazandığı bütün uğurlara görə öncə Allahına, sonra ona bu mükafatları təqdim edənlərə, xüsusilə ölkə rəhbərinə həmişə minnətdardır.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK