SON DƏQİQƏ:

Görüşdük nə yaxşı...

  42956   |  
Şriftin ölçüsü  
Çoxdan yazmaq istəyirdim, lap çoxdan. Və hər dəfə də əlimə götürüb bir, uzağı iki vərəqini oxuduğum kitabda, daha doğrusu onun təsir dairəsindən çıxa bilmirdim. Düzünü deyim heç çıxmaq da istəmirdim. Ona görə də çoxdan yazmaq istədiyim kitab haqqında yazmırdım da...

Daxilimdə bütün götür-qoylardan sonra bu qərara gəlmişdim ki, bu kitab haqqında tez-tələsik nəsə bir şey yazsam günahkar olacam. Üstəlik, yazsam artıq o kitabı rəfdə yerləşdirəcəm və ona qayıtmaq bəlkə də aylarla, illərlə uzanıb gedəcək. Hər halda mən düşündüklərimi, içimdə olanı redaktəsiz söylədim, daha doğrusu, kağıza yazdım. Əgər müəllif bundan inciyəcəksə, bu onun haqqıdı, heç nə deyə bilmərəm...

Bəli, çoxdan barəsində yazmaq istədiyim kitabla ilin son ayının tən yarısında yenə baş-başa qaldım. Əslində yazıdan öncə stolumun üstündəki kitabı elə-belə, içimin sıxıntısını ovutmaq üçün əl uzadıb götürdüm. Elə bil sinəmdən ürək yox, ağır bir daş asılmışdı. O da məni üzü aşağı çəkib halsızlaşdırırdı. O daşın ağırlığından xilas olmaq üçün götürdüm o kitabı. Götürdüm və fərqinə varmadan da açdım. Gördüm ki, müəllif yazıb:

Bu gün də keçdi beləcə,
Öldürmədi yalqızları
Dedim yerə töküləcək
Bu gecənin ulduzları.

Tutmadılar əlimizdən
Bilmədilər halımızdan
Xoşbəxt qaldı yadımızda
Gözəl günlərin dostları.

Əlini qoynundan götür
Dərddə vaxt kimidir, bitir
Bu ümidi öldür, gətir
Yoldan yığılsın gözlərim.

Hə, həyatın ən sitəmli ağısı, ən sitəmli anları gözü yolda qalmaqdı. İstəyir dənizdə qərq olur... istəyir səhrada... istəyir yel aparsın, istəyir el sevgisi. Fərq etmir. O vaxta qədər ki, səni xəbərsiz aparır və səndən xəbər-ətər də gəlmir. Bax onda gözü yoldan yığmaq mümkünsüzlüyə çevrilir. Yaxşı ki, müəllif deyir:

Huşumda pərən-pərən
Adamlar, xatirələr
Sağ olun, mən gedirəm
Arzularımı yığıb.

Bəli, bu "sağ ol"u məmnuniyyətlə qəbul edirəm. Çünki onu deyən gözünü yoldan yığır, getdiyini bəyan edir. Bir vida nəğməsi kimi, bir ayrılıq notu kimi onu hopdururam canıma və anlayıram ki:

Ömür deyib yaşadım
Bu sınaq-salxaq günləri
Ləçəyi tökülər kimi
Qoxladım xatirələri.

Məncə bu bənddə artıq niyə getməyin zərurət olduğu öz əksini tapır. Təkcə gözü yoldan yığmaq üçün yox, həm də ömrün sınıq-salxaq olması üçün məhz günlərin ömrə naxış yox, isti, hətta adamın tüstüsünü təpəsindən çıxaran bir dərd yağışı yaşatdığı üçün. Mən bu misraların təsiri altında bir məqamı gözümün qabağına gətirməyə çalışıram. O da fərd olaraq payıma düşən günlərin sırası. İlahi, o günlərin az qala yarısından çox sınıq-salxaq, ya ağrı-acı yüklüdü. O günlərin ən azı yarısından çoxu vətənsizlikdi, həsrətdi, qaçqınlıqdı, didərginlikdi, Vətəndə vətənsizlikdi. Deməli, müəllif təkcə öz adından, öz dünyasından çıxış etməyib. Mənim də günlərimdən ruhən xəbər tutur, ruhən məni də öz günlərinin gün yoldaşı kimi görüb. Nə isə...

Bu yerdə çevirdiyim vərəq mənə bu misraları oxudur.

Yoxluğumdan hamıdan tez
Kim xəbər tutacaq görən?!
Kim ilk dəfə zəng edəcək,
Ya mesaj alacaq görən?!

Kimin sıxılacaq canı?!
Deyəcək ki, bu qız hanı?!
Qarışdırıb yuxusunu
Narahat yatacaq görən?!

Qapımı kim sındıracaq?!
İşığı kim yandıracaq?!
Məni kim oyandıracaq?!
Həyata satacaq görən?!

Elə bu yerdə suallardan qaçmaq üçün bir anlıq dayanıram. Çünki haqlı və tutumlu suallar adamı divara dirəyir, cavab tələb edir. Cavab vermək üçün elə-belə, qısa məsələ deyil. Bu cavablarla fürsət qazanmaq olar, qışdan çıxmaq yox. Yəni müəllifin içdən gələn sualları içi içimdən gələn cavablara hesablanır. Onu isə ancaq özü dilə gətirmək gücündədi. Oxucu isə ən yaxşı halda təxmin edə bilər. Zənnimcə, bu misralar mənim nə demək istədiyimi açıqlayacaq.

Sən də öldün axırda
Ölüb düşdün Gözümdən
Qəlbimdən çıxan kimi
Gəlib düşdün gözümdən

Yaram, yoxam bilmirəm
Kimsən daha bilmirəm
Sənə baxa bilmirəm
Yerin boşdu gözümdə.

Hamı ölür, tək qalır
Hamıya ölmək qalır
Gizli bir istək qalır
Bir cüt yaşlı gözümdə.

Müəllifini hələ də sizə təqdim etmədiyim, amma çoxlarınızın təxmin etdiyimiz, barəsində çoxdan yazmaq istədiyim kitabın adını məncə indi deməyin məqamıdı.

Çünki məhz bu misralardan sonra kitabın adı özünü təqdim edir və deyir ki, "Görüşməyənədək". Həqiqətən də mən kitab boyu bütün misraların arxasında bir duyğunun, bir istəyin hakim olduğuna dayanıb növbəsini gözlədiyimi büruzə vermədən, oxucunu nəzarət altında saxladığımı fəhm etdim. Gördüm ki, yəni oxucunu özünəməxsus bir durumda izləyən poetik və həm də canlı, qanlı fikir heç nəyə müdaxilə etməsə də, mənə hər sözü həzm etdirir, hər fikri hopdurur.

Deməli, bu artıq o sözü, o fikri yazan qələmin, onun müəllifinin istedadının gerçək gücüdü. Və o güc sahibi oxucu olan mənlə görüşməyənədək desə də, əslində sözü ilə görüşür, fikri ilə görüşür. Mən də o görüşün təsiri altında demək istəyirəm ki, doymadım kitabı mənə bağışladığı şirinlikdən, ləzzətdən, hətta qəribəliklərdən. Ona görə də mən "görüşənədək" deyirəm və görüşmək arzulu Səhər Əhmədin misralarıyla ifadə etməyə çalışıram.

...Bir səhər də açıldı
Otağıma gün düşür
Bu gecədən də çıxdım
Şükür, yenə min şükür.

Şükürlər olsun ki, bizim böyük sözümüzün, böyük ədəbiyyatımızın çağdaş nümayəndələri arasında Səhər Əhməd də var.

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK