SON DƏQİQƏ:

Sonuna çatdığım il

  32266   |  
Şriftin ölçüsü  
Bu gün saatların əqrəbi daha sürətlə fırlanmaqdadı. Bunu mən sözgəlişi demirəm. Yaşadığım hər gün, şahidi olduğum hər bir hadisə, eləcə də həmsöhbət olduğum dostlar, doğmalar, o cümlədən də həmkarlarım mənimlə bir fikirdə razılaşıblar ki, vaxt yaman sürətlə gedir. Gözümüzü açıb yummamış 2009-cu il vida əhval-ruhiyəsi ilə kəsb qapının ağzını. Hətta Babək Yusifoğlu söhbətlərin birində vurğuladı ki, sən 2009-u deyirsən. Bu sürətlə bir də görərəcəksən ki, 2010 da gəlib gedib. Təbii ki, bu həqiqətin içərisində zamana bir ironiya da var idi. Və mən də onu göydə tutdum.
   
   Bəli, 2009 qapının ağzındadı, çevrilib üzü geri baxır... Onun baxışlarından hər şeyi oxumaq mümkündü. Bizə verdiyi zülümlərin ləzzətini də bizdən qoparıb apardığı bir illik ömür payının nəşəsini də və bir də içində qalan niskili... o niskili ki, sürət imkan vermədi ki, 2009 bizim axırımıza çıxsın. Necə deyərlər biz onun axırına gücümüzü bir yerə cəmləyib çıxa bildik. Bütün bunlar artıq bir xatirədi və bu xatirənin içərisində var-gəl edəndə istər-istəməz bir il boyu olub keçənlər göz önünə gəlir. Təsəvvür elə ki, dayanmısan dəmiryolunun kənarında və bir-birinə bağlanmış qatarlar sıra ilə ötür gözlərinin önündən. O qatarlarda yük də gedir, insan da gedir, təsərrüfat, sənaye malları da gedir, bir sözlə nəyi apara bilirsə hamısı var o qatarlarda. Biz o qatarın 2009-cu il dayanacağında düşənlərik. Qatarı tərk etdik ki, arxadan gələn bizi mənzilə aparacaq 2010-nu gözləyək. Bax elə o gözləmə anında da xatırladım ki, 2009-un əvvəlinci günündə dostlarla, iş yoldaşlarımla birgə qarlı-çovğunlu yanvar şaxtasında doğum günümü qeyd elədik. Zarafat deyil, 50 yaş idi. Həmin vaxt ağlıma belə bir şeir gəlmişdi:
   
   Məni qınamayın yaxın adamlar
   
   Sizinlə görüşə qışda gəlmişəm
   
   Elə tələsmişəm görüm hər kəsi -
   
   İlin ilk günündə - başda gəlmişəm.
   
   
   
   Yolum dağ keçidi, dərə yamacı
   
   O qədər dadmışam - acıdan-acı
   
   Çarpışmaq olubdu ömrün amacı -
   
   Bilmirəm heç hansı yaşda gəlmişəm.
   
   
   
   Ömrü boyu qəmə boyadım,
   
   Özüm oyun qurdum, özüm oynadım
   
   Sənə heç kim olan - ismim, soyadım -
   
   İndi də yazılıb - daşda gəlmişəm.
   
   
   
   Bəli, bu il hələ ki, qar yoxdu. İşdi olsa hamının yəqin ki, könlü xoş olar. Təkcə sürücülərin, bir də gündəlik çörək ardınca düşənlərdən başqa. Onların sırasında çoxlarımız var.
   
   
   
   ***
   
   İlin başa çatan ərəfəsində Qayıdış qəsəbəsinə getdim. Vahid Əlifoğlunun görüşünə. Özünün də dediyi kimi, bu görüşün bəhanəsi yenə hüzür mərasimi idi. Neynəmək olar, bizim də bəxtimizə yasdan-yasa görüşmək düşüb. Allah sonunu xeyirə calasın...
   
   Hə, Vahidin yaşadığı evin həyət qapısından içəri girəndə bir xeyli sayda gümrah, yeyib yatmış pişik çıxdı qarşıma. Məni qarşılayan şairi salamlayıb, zarafatla dedim:
   
   - Maşallah, yaxşı təsərrüfatın var. Belə davam eləsə qışdan da yaxşı çıxarlar...
   
   Vahid Əlifoğlu sözü göydə tutdu və heç halını pozmadan dedi:
   
   - Qağa, bunlar boğazımın şərikləridi. Qazandığım nədisə qızlar birinci pişiklərə yedizdirir, sonra qalanını özümüz bölüşdürürük. Özün bilirsən də mən qızların xətrinə dəyə bilmirəm. Odur ki, yeməyin yağlısın, yavanın da pişiklərlə bölürəm.
   
   Bir xeyli söhbət etdik. Apardığım bir topa qəzeti və son kitabımı bağışladım Vahidə. Elə ayaqüstü də gündəlik qayğıları unudub, qəzetdən, yazı-pozudan danışdıq. Yeni il üçün hazırladığı yazılar barəsində bir balaca sirr verdi. Sonra da dedi ki, bəribaşdan danışmayım, oxumaq maraqsız olar. Razılaşdım və ayrılanda ilin son yazısını redaksiyaya çatdırmağı xahiş etdi. Təbii ki, mən də məmuniyyətlə o yazını redaksiyaya çatdırdım. Amma yol boyu fikirləşdim ki, bütün qayğılarına, problemlərinə baxmayaraq, Vahid Əlifoğlu qələmsiz, dəftərsiz dura bilmir. Hər dəfə mənə desə də ki, "qağa, deysən tay yazmayacam, çünki yazmaqla ürəyimi boşaltmaqdan başqa heç nəyi dəyişə bilmirəm. Ondandırsa üzümü gecələr aya tutub və yaxud da gözümü tavana zilləyib yazmaq istədiklərimi danışsam bəs eləyər. Heç siz də əziyyət çəkib yazını çapa hazırlamazsız...".
   
   Hə, Vahidin bu sözlərini hər dəfə müxtəlif təsir vasitələri ilə ağlından çıxartmağa çalışmışam. Amma ondan ayrılanda da görmüşəm ki, dediklərində böyük həqiqətlər var. Çünki bu günün yazısı nə mənəviyyatda çevriliş edə bilir, nə də bir qarın çörəyi əvəz edə bilir. İndi qələm adamı yazı yazanda sadəcə ürəyini söküb tökür ortaya. Bu da olsa-olsa onun özünə təsəllisidi və bu təsəlli göy üzünə açılmış əllər kimidi. O əllərə baxan olacaqmı? Tanrı duaları eşidəcəkmi?..
   
   
   
   bir topa bulud sayağı
   
   mən keçdim külək əlinə
   
   bilmədən ömrün ipini
   
   verdim mən fələk əlinə...
   
   
   
   yüz cürə oyunlar qurdu
   
   qarışıq ilmələr vurdu
   
   axırda da gendə durdu -
   
   mən düşdüm kələk əlinə
   
   
   
   ruhun damarları sıxıb
   
   çəkib şirəsini yığıb
   
   gör necə də sahib də çıxıb -
   
   bu qol, bu bilək əlinə.
   
   
   
   dünyadan ötüb-keçimdə
   
   yanılmadım bir seçimdə
   
   canım ovcumun içində -
   
   aç, bax, mələk əlinə...
   
   
   
   ***
   
   İlin sonu gələndə bütün kollektivlər müəyyən hazırlıq işləri görürlər. Kimi hesabatlarını hazırlayır, kimi edəcəyi səfərlərin proqramını, kimi də iştirak edəcəyi tədbirlərin gündəliyini tutur. Bizdə demək olar ki, bu məsələlər artıq arxivə verilib. Redaksiyada "köhnə"lərdən qalan cəmi barmaq hesabı məlum əməkdaşlardı. Onların da qayğıları başdan aşdığından demək olar ki, ilin sonu məsələsini ya unudublar, ya da özlərini görməməzliyə vururlar. Cavanların da ki, sirrini, sözünü bilmək indi bir az çətin məsələdi, Allah işlərini avand eləsin, bayramları xoş ovqatla keçsin. Necə deyərlər nigarançılıqları, problemləri unudulsun, gələn ilə ən gözəl ovqatla qədəm qoysunlar. O ki, qaldı bizlərə...
   
   Biz artıq çox illərin necə qutarıb, necə başladığını müşahidə etmişik. Və hər dəfə də özümüzə təsəlli vermişik ki, günü necə başlasan, ili necə başlasan o cür də başa vurarsan, amma günün yarısında, ilin ortasında görmüşük ki, o deyilənlər sadəcə təsəlli imiş. Çünki bizim ovqatımız zamanın ovqatı ilə heç cürə düz gəlmir. Ya biz çox qabağa gedirik, ya da ki, zaman və yaxud da əksinə. Ona görə də gülməyi də yadırğayıq, hətta gülənə də bir az qəribə baxırıq ki, nəyə gülür, niyə gülür. Belə olandan məni qınayırlar ki, çox pessimistsən, hər şeydən qayğılanırsan, amma neyləyim, məndən asılı deyil. Yaşadığım həyat, cəmiyyət, daşıdığım yük, bir sözlə oxuduqlarımla gördüklərim bütün tarazlığımı pozur. Heç biri bir-biri ilə düz gəlmir. Ona görə də mənə irad tutanları nə qədər anlamağa çalışam da bir nəticə hasil olmur. Özüm-özümə deyirəm ki, belə gəlib, belə də gedəcək.
   
   Bu gəlib gedən dünyada, bu sürətini ölçə bilmədiyimiz zamanda bir az ağıllı, bir az laqeyd, bir az dəlisov olmaq daha yaxşı imiş. Çünki gülməklə ağlamağı mütləq bacarmaq lazımdı. Təkcə ətrafındakılara gülüb ağlamaq yox ha, həm də özün-özünə. Onda ürəyin yükü bir az yüngülləşir. Çünki gülməklə ağlamaq bir növü qoşaqanaddı:
   
   
   
   adamın
   
   gülməyi gəlir
   
   hərdən özünün-özünə...
   
   və belə olanda
   
   hardansa
   
   astaca
   
   ölməyi gəlib
   
   görünür gözünə...
   
   qəribədi -
   
   gülməklə ölmək
   
   sən demə
   
   hərdən
   
   görüşürmüş
   
   adamın içində...
   
   bu həm də
   
   məşq imiş
   
   gələcək
   
   yerdəyişmələr üçün də!..
   
   
   
   ilin sonunda arxada qalanlara ağlamağı unudaq. Hər şeyi ifadə edə biləcək təbəssüm bəxş eləyək. Sadəcə, bir anlıq qapıdan çıxanda geriyə boylanıb baxdığımız kimi...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02
2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK