adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

OVCUMDA YANAN OD

ƏBÜLFƏT MƏDƏTOĞLU
80118 | 2008-08-23 01:18
Qızın əllərini ovcunun içinə almışdı və ona elə gəlirdi ki, ovcunun içindəki təkcə əllər yox, həm də hərarəti ilə bütün dünyanı isidə biləcək bir od parçasıdır. Bu hərarət onun vücudunu da isidirdi. Canından qəribə sızıltılar gəlib keçirdi. Sanki bədəninin hər bir hüceyrəsi danışırdı, pıçıldayırdı. O pıçıltıları isə yalnız o eşidirdi, o duyurdu...
   Onlar üz-üzə oturmuşdular. Qızın əlləri oğlanın ovcunun içində idi. Qızın baxışları çox-çox uzaqlarda, özünün xəyalı isə ondan da bir addım öndə idi. Sanki o baxışlar onun ardınca getmişdilər. Onu uzaqlardan, ötən günlərdən geri qaytarmağa minnətçi düşməyə getmişdilər. Baxışlarda bir iltimas, bir xahiş, bir qəribə çağırış var idi. Onu da yalnız o özü oxuya bilərdi, başqa heç kim. Çünki sirli baxışların sim-simi yalnız ona bəlli idi. Və elə ona bəlli olan bu sim-simin birinci hərfi kifayət edirdi ki, o baxışlara işıq çilənsin, o dodaqlara təbəssüm yayılsın. Çünki birinci hərf həm onun adının ilk işarəsi, həm də "sevirəm" sözünün ilkini idi.
   Qəribədir, nə vaxtdan bəri üz-üzə, göz-gözə otursalar da elə bil heç bu dünyanın adamları deyildilər. Xəyalların, ruhların adamları idilər. Yerdən çox-çox uzaqlarda göy üzünün yeddinci qatına bir pilə qalmış məskən salmışdılar özləri üçün. Seyrangahdan özləri üçün gen-bol istifadə edir və necə deyərlər, bu sevginin ruhən dadını çıxarırdılar.
   - Niyə belə olmuşuq? - deyə oğlan soruşdu.
   - Necə bəyəm? - dedi qız.
   - Bax, elə belə. Danışmasaq da, dinməsək də mən sənin ürəyinin səsini, dediklərini eşidirəm. Hiss edirəm ki, aşkarca məni qınayırsan. Sənin üçün heç nə edə bilmədiyimi, səni bir yolluq öz dünyama qovuşdura bilmədiyimi üzümə çəkirsən. Amma sözsüz, dilsiz, sadəcə baxışlarla, əlin hərarətilə, tellərin tərpənişiylə.
   - Çox da bənd olma. Keçib gedər. Mən sənin vəziyyətini elə sənin kimi də anlayıram. Qayğılarından, çətinliklərindən yaxşı xəbərim var. Bilirəm ki, iynə ucu boyda imkanın olsa, gücün çatsa mənim üçün hər şey edərsən. Hər şey!!!
   Sonuncu söz qızın dodaqlarından qopanda sanki əks-səda verdi. Oğlan bir anlıq nə edəcəyini qərarlaşdıra bilmədi. Düşündü ki, bu səs hər tərəfdən ona hücum çəkir. Sonra gördü yox, bu səsin doğmalığı onu qucaqlayır, onu bağrına basır, ona təsəlli olmağa çağırır. Sən demə, həyatda belə hallar da varmış. Heç ağlına da gətirməmişdi. Amma indi şahidi oldu, daha doğrusu, yaşadı həmin anı.
   - Canım, bizim sevgimiz də, həyatımız da elə özümüzə bənzəyir. Nə qədər cəhd etsək də kədərdən, qəmdən qurtula bilmərik. Çünki biz təkcə özümüzü və öz sevgimizi düşünmürük. Bizim üçün ətrafımızda olan hər kəsin diqqəti, baxışı, işlətdiyi ən adi söz belə önəm kəsb edir, məna daşıyır. Biz onun sonuna gedib çıxmağa çalışırıq ki, görək, bu sözün, bu baxışın arxasında nə dayanır. O, bizi sancan iynədi, yoxsa sığallayan əl...
   Qızın dedikləri oğlanın da ürəyindən gəlib keçənlər idi. Elə bil ürəyini oxuyurdu. Amma yarımçıq saxladı fikirlərini və bu an oğlan yarımçıq qalmış fikirlərin davam etdirilməsinin onun payına düşdüyünü anladı:
   - Doğru deyirsən. Hər addımda səni düşünürəm. Mənə elə gəlir ki, səni düşünməsəm ölə bilərəm. Sən mənim üçün havasan, susan, torpaqsan, bir sözlə, həyatsan. Bəlkə də sözlərim gülməlidi, amma ürəyimdən gələndi. İnansan da, inanmasan da. Ona görə də səni öz həyatım kimi qorumağa çalışıram. İstəmirəm kimsə xətrinə dəysin, kimsə qəlbinə toxunsun. Məndən başqa kimsə adını çəksin, sözünü danışsın. İnan ki, bu həqiqətdi, özü də gülməli bir həqiqət. Yəqin ki, bir az da dəliliyin əlamətidi. Axı deyirlər sevənlər elə həm də dəli olanlardı. Onlar sevdiklərindən dəli olurlar.
   Bu arada bayaqdan bəri əyləşdikləri kafenin xidmətçilərindən biri onlara yaxınlaşdı. Gətirdiyi samovarı stolun yuxarı başında yerləşdirib müxtəlif şirniyyatları və mürəbbələri süfrəyə düzdü. Çay süzmək istədi, oğlan imkan vermədi:
   - Sağ ol, qardaş. Özümüz süzərik - dedi. Və sonra qız üçün çay süzdü. Bilirdi ki, o, tünd çayı xoşlayır. Nəlbəkisinin böyrünə limon dilimi qoyub gözləri ilə soruşdu:
   - Hansı mürəbbədən istəyirsən?
   Qız heç nə demədən özü mürəbbə çəkdi və onu ilk qismət kimi oğlanın qarşısına qoydu. Hər ikisi bir-birinə baxıb gülümsədilər. İndiki anlarda onlardan xoşbəxt və onlar qədər səmimi heç kim ola bilməzdi. Sanki bütün dünyanı unutmuşdular. Bir Allah idi başlarının üstündə, bir də sevgi idi aralarında baş verənlərə şahidlik edən. Elə o sevgi də onların bu görüşünün həm şahidi, həm iştirakçısı, həm də xatirəsi kimi indi hər anlarına müdaxilə edirdi...
   P.S. Çoxdan keçib gedib o günlər. Nə o kafe var, nə də o kafedə xidmət edən həmin oğlan. Hər kəs öz taleyinin ardınca gedib. O kafenin yerində göydələn ucaldılıb. Yanaşı dayanıb həmin yeri seyr edirlər. Qız fəhmlə göydələnin sağ tərəfini göstərir:
   - Deyəsən, bax, burda oturmuşduq.
   Oğlan içində azacıq tərəddüd olsa da qızla razılaşır:
   - Hə, burda oturmuşduq. Heyf, o zamanı saxlaya bilmədik.
   - Çox da heyfsilənmə. Bəlkə bu günlər o günlərdən daha gözəl olacaq - dedi qız.
   
   

TƏQVİM / ARXİV