adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 12:50
718
MƏMLƏKƏT
A- A+

Şəhidlərimizi tanıyaq, tanıdaq

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçısı və snayperi Zaur Saleh oğlu Kərimovun şəhadətindən bir il ötür.

 

Kərimov Zaur Saleh oğlu

 

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Kərimov Zaur Saleh oğlu 2 fevral 1996-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. 2002-ci ildə Atakişili kənd tam orta məktəbində 9 illik təhsil aldıqdan sonra, sənədlərini Kürdəmir rayon Peşə liseyinə verib və laborant ixtisası üzrə təhsilini davam etdirib. 2014-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılan Zaur Lerikdə sərhəd qoşunlarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını hərb işinə həsr etməyə qərar verən Zaur əvvəl Müddətdən artıq xidmət edən hərbi qulluqçuların, sonra Xüsusi Təyinatlı Qoşunların Yaşma-052 saylı hərbi hissənin kurslarında hərbin sirlərinə uğurla yiyələnmiş və snayper mütəxəssis kimi Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Laçın, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Zaur oktyabrın 27-də Xocavənddə şəhid olub, Kürdəmir rayon Şəhidlər xiyabanında dəfn olunub. Cəsur Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Zaur həm də peşəkar idmançı idi. O, idmanın kikboksinq, güləş, futbol, velosiped sürmək üzrə növləri ilə məşğul olmuş, dəfələrlə medallara, Fəxri Fərmanlara layiq görülmüşdür.

Məkanın Cənnət, ruhun şad olsun, Şəhidim!

 

***

Dostundan, tanışından, qohumundan, qonşusundan eşitdiyim qədər, Zaur yolun çətininə, şələnin ağırına güc edib həmişə. Macəra axtarıb, qorxu, ağrı bilməyib. Seçilməyi, fərqlənməyi sevirmiş qəhrəmanımız. Seçildi, fərqləndi də... 44 günlük müharibənin 32 gününü nağıl qəhrəmanları kimi vuruşdu, macəra kimi həyat yaşadı, düşmənin başı üzərində tayfun küləyi kimi əsdi, Vətən naminə Kamikadze kimi Şəhid oldu... Çox sevdim bu ailəni. Mənə o qədər məhrəm, o qədər səmimi gəldilər ki, saatlarla oturub söhbətlərinə qulaq asardım... Uca boylu, üz-gözündən halallıq yağan, vaxtilə rayon futbolunu respublikada təmsil edən, oğullarına hər mənada örnək olan atası, şirin, savadlı danışığı, kasıb, köhnə evinə xanım-xatınlığı ilə zinət verən anası, boy-buxunu, yaraşığı, tərbiyəsi ilə ata-anasının surətini cizən oğulları... Gözlərində bulaq kimi qaynayan yaş, “oğlum”, “balam”, “Zaurum” deyərkən yanğıdan, istəkdən cadarlanan dodağında şirin xatirələrdən doğan təbəssüm oynayan ana övlad sevgisini hissləri ilə o qədər gözəl, təbii anlatdı ki, o hisslərin rəsmini çizmək, kağıza köçürmək üçün daha zəngin dil, daha dolğun ifadə axtarası olacağımı düşündüm... Mənəvi zənginlik, xoş aura vardı

bu köhnə, zamanını bitirmiş evdə. Belə gözəl mənəvi mühitdə, belə saf, halal, səmimi, qədir-qiymətli ailədə böyümüşdü Zaur. Bəlkə, elə buna görə də Tanrının seçilmişlərindən oldu Zaur...

 

 

Dilşad Kərimova – Zaurun anası: Zaur üç oğlumun ikincisi idi. Ağıllı, boy-buxunlu, yaraşıqlı, mehriban, anacanlı oğul idi. İdmançı idi balam. Dərsdən sonra idmana, yarışlara gedirdi, yorulurdu deyə, heç bir iş buyurmazdım. Yaxşı qulluq edirdim, yeməyinə, içməyinə diqqət edirdim ki, zəifləməsin. Bizdə uşaqlarımızı döymək, söymək, işə-gücə buyurmaq olmayıb.

- Bircə bizə yalan danışmayın. Nə dərdiniz olsa gizlətməyin, danışın, çarəsini tapaq, – deyirdim.

Uşaqlar da, çox şükür, pis əməl, pis vərdiş sahibi deyildilər. Nə sözləri olsaydı, mənə deyirdilər, mənə məsləhət edirdilər. Özüm yoluna qoyurdum. Əgər lazım olsaydı, atalarına deyərdim. Zaur daha çox bağlı idi mənə. Evə girəndə də öpürdü üzümdən, çölə çıxanda da. Məktəbə, məşqə, yarışa gedəndə çantasını götürüb:

- Hə, maçımı ver, gedim, – deyərdi.

Üzündən, gözündən öpər, ardınca su atar, yaxşı yol! – deyərdim.

Həmişə çantasına quru yemək, şirniyyat qoyurdum. Uşaqların yemək zövqü fərqli idi. Ərinmədən, incimədən istədikləri, xoşladıqları yeməyi bişirirdim. Zaur paxlavanı çox sevərdi, ona görə də tez-tez paxlava bişirirdim. XTQ kursunda oxuyanda 2 günlük evə gəlmişdi. Böyük sini paxlava bişirdim ki, uşaqlarla yesin. Dedi ki, aparmıram. Birdən hamıya çatmaz, pis olaram. Zorla çantasına qoydum:

- Narahat olma, bala, çoxdu, hamıya çatacaq, – dedim.

Axşam zəng vurub dedi ki, ana, paxlavanı çox bəyəndilər, hamıya çatdı.

Zaur dost, yoldaş qədri bilən, paylaşmağı, bölüşməyi, halallığı, düzlüyü sevərdi. Yığımcıl, qənaətcil idi, bədxərclik etməzdi.

Məktəbdə orta səviyyədə oxuyurdu. Ancaq məktəbin ictimai işlərində, idman yarışlarında fəal iştirak edirdi. Ona görə də, müəllimlərin sevimlisi idi. O da müəllimlərini çox sevirdi və hörmət edirdi...

Zaur siqaret çəkməz, içki içməz, yalan danışmazdı. Namaz qılırdı. Balaca vaxtlarında səs-küy salıb, nənə-babalarına narahatçılıq verəndə, bir-iki dəfə cəzalandırmışam. Sonra da çox peşman olmuşam. Həmin gecə başlarının üstündə oturub ağlamışam. Nənə-babası da Zauru çox sevirdilər.

Zaur təmiz, səliqəli, zövqlü idi. Mən də çox xoşlayırdım ki, uşaqlar gözəl, zövqlü geyinsinlər, baxıb fərəhlənirdim. Sonuncu dəfə avqustun 30-da bir günlük qardaşının ad gününə evə gələndə də təzə şalvar, köynək geyinmişdi. Çox sevdiyimi bildiyi üçün əllərini açıb:

- Hə, necədi, ana, yaraşır? – soruşdu.

- Əlbəttə, sənə hər şey yaraşır, çünki özün çox yaraşıqlısan.

Onu qucaqlayaraq, başdan-ayağa öpdüm. Sanki bir daha balamı görməyəcəyimi, öpüb qoxlaya bilməyəcəyimi hiss edirəmmiş (ağlayır)...

Getdi. Dedi ki, bir həftədən sonra məzuniyyət götürüb gələcəyəm. Çox sevindim. Hazırlaşır, xəyallar qurur, gözləyirdim... Hələ də gözləyirəm. Yoxluğu ilə barışa bilmirəm. Elə bir həsrət, elə bir istək var ki, içimdə, balamı bağrıma

basım, doyunca öpüm, oxşayım. Bu hisləri heç kəsə anlada bilmirəm... Mən balamdan ötrü şişmişəm (hönkürür)...

Dəfnindən sonra xeyli müddət yuxuma girmədi. Axır vaxtlar tez-tez gəlir yuxuma. Heç nə danışmır, səsin eşitmirəm. Ancaq məni qucaqlayır, öpür, öpür, gedir. Çağırıram, səsim çıxmır, qaçıb tutmaq, yolun kəsmək istəyirəm, ayağım yer tutmur... O, şəhid olandan mən üşüyürəm, heç canım qızmır. Paltarların gətirmişdilər dostları. Bir zərif, yun jaketin götürdüm əlimə, Zaurun iyi gəlirdi. O jaketi bağrıma basanda, bir az canıma istilik gəlir, yuxuya gedirəm. Yoxsa canım qızmaz, gözümə yuxu getməz. Düşünürəm ki, balam əlçatmaz, qarlı dağlarda çox üşüyüb yəqin (ağlayır)...

Müharibə başlayandan Zaur döyüşürmüş, məndən gizlədiblər. Gündə bir dəfə zəng edirdi. Tələsik danışırdı, sanki verəcəyim suallardan, qəfil atışma səsindən döyüşdə olduğunu anlayacağımdan qorxurmuş. Sonuncu dəfə səsini oktyabrın 25-də eşitdim. Səhər çağı zəng elədi. Ondan əvvəl 3 gün zəng eləməmişdi, canımı qoymağa yer tapmırdım. Qəfil zəng edəndə ağlaya-ağlaya:

- Səsinə qurban olum, ay Zaur! Başına dönüm, ay Zaur! Dərdin mənə gəlsin, ay Zaur!... Ay Zaur!... Bəlkə müharibədəsən, mənə demirsən?

Gülümsündü, zarafatyana:

- Ay ana, sənə qurban olum, başına dönüm, qadanı alım, ay ana! Elə bil ki, zəngli saatsan. Camaatın balası bala deyil, bəyəm? Müharibədəkilərin anası ana deyil? Niyə narahat olursan? Mən hələ öz yerimdəyəm, lazım olarsa, mən də gedəcəyəm. Hələ ki, yerimdəyəm. Sən yaxşı ol ki, mən də işimin başında yaxşı olum! – dedi.

Zaur məni ovuda-ovuda danladı, sakitləşdirdi...

Oktyabrın 27-də axşamüstü televizora baxırdıq. Hamı kimi biz də həyəcanla cəbhə xəbərlərini izləyirdik. Kiçik oğlum Ruslan qaça-qaça evə gəldi, titrəyə-titrəyə peçin yanında oturdu.

- Nə olub? – soruşdum.

- Heç nə, üşüyürəm, – dedi.

Gördüm uşaq halbahaldı, əli, ayağı buz kimidi, isti çay verdim, isti corab geydirdim. Həmin gün günortadan rayonda çox adam eşidibmiş Zaurun şəhid olmağını. Gəlib həyətə baxıb, qayıdırmışlar. Heç kəs xəbəri soruşmağa ürək etməyib. Ruslana da dostları zəng edib üstüörtülü deyiblər ki, deyəsən Zaur yaralanıb, get evinizə, anan narahat olar. Müharibə başlayandan mənim qan təziqim yüksəlmişdi, qolum tutulmuşdu. Xeyli müalicədən sonra bir az açılmışdı. Ruslan qaça-qaça evə gəlib ki, birdən mən eşidib pis olaram...

Sonra qardaşım zəng elədi ki, deyirlər xəstəxanada bizim qohum yatır, gəlin siz də bizimlə gedək, baxaq görək kimdi? Heç nə başa düşmədim. Ürəyimə gəldi ki, bacım xəstə idi, bəlkə ona nəsə olub, məni qorxutmaq istəmirlər. Hamımız getdik xəstəxanaya. Ora çatar-çatmaz gördük ki, millət burdadı. Kənd-kəsək, qohum-qonşu, tanış-biliş hamısı burdadı. Hamıdan soruşuram, heç kəs söz demir. Çaş-baş mən camaata baxıram, camaat da mənə. Qonşumuz məni qucaqlayıb maşına tərəf apardı.

- Gəl, gəl gedək, Dilşad. Heç nə olmayıb. Dedilər ki, Zaur yaralanıb, bura gətiriblər. O, deyilmiş, özüm baxdım, gedək evə. Şokda idim, donub qalmışdım. Son saatda baş verənləri, gördüklərimi təhlil etməyə, nəticə çıxarmağa beynimin, ağlımın gücü çatmırdı sanki. Nə Salehi, nə də oğlanlarımı görə bilmədim. Heç

soruşmağa da imkanım, amanım olmadı... Maşın məhəlləmizə çatanda daha böyük izdihamı küçəmizdə, həyətimizdə gördüm (ağlayır)...

Çox yalvardım, yaxardım ki, bircə gecəni balamı versinlər, qucaqlayım, yatım səhərəcən. Vallah qucağımdan buraxmazdım, balamın soyuq cəsədin qızıdırardım. Bəlkə səhərəcən qucağıma alsaydım, doyardım balamdan... Axı, neçə ay idi məzuniyyətini gözləyirdim onun...

Zaur əsgərlikdən gələndən sonra hər gün mənə yalvarırdı ki, icazə verin hərbiyə işləməyə gedim. Razılıq vermirdim. O, gələndən sonra da Ruslan hərbi xidmətdə idi. Ruslan da aprel döyüşlərində iştirak etmişdi. Hər dəfə söz salanda deyirdim ki, Zaur, gözümün işığı, bilirsiz ki, mən sizsiz dözə bilmirəm, gözümün qabağında olun! Zaur çox kövrək idi. Ürəyi yuxa kimi nazik idi. Şəhidlər haqqında verlişlərə baxanda kövrəlirdi. Şəhidlər xiyabanını tez-tez ziyarət edirdi. Erməni əsirliyində olan Şahbazla, Dilqəmi televizorda görəndə, çox pis olurdu, yerə-göyə sığmırdı uşaq. Elə hey deyirdi ki, elə bir qüdrətim olaydı, gedib onları ordan xilas edə biləydim. Görün onlar orda necə əzab, əziyyət çəkirlər...

Dayısı – qardaşım da şəhid olmuşdu. Zaur yardımsevər idi, ehtiyacı olana əl tutardı. Hərbidə işləyəndə, hər dəfə evə gələndə qardaşlarına, atasına xərclik üçün pul verir, mənim üçün mütləq hədiyyə alır, evə də pul qoyub gedirdi ki, pul yığıb həyətimizdə təzə ev tikdirəcəkdik. Məscidə də gedirmiş, xeyriyyə məqsədilə yardım edirmiş. Bir dəfə dedi ki, az geyilmiş pal-paltar, ayaqqabı yığ, bir yetim uşaq var, ona verəcəyəm. Yığdım, hazır qoydum ki, gəlib aparsın. Sonra gəlib dedi ki, təzə gödəkcə, ayaqqabı alıb verdim. Qoy sevinsin! Dostlarının ehtiyacı olanda, onlara da əl tutar, borc istəyənə borc verərdi. Olanda qaytararsan, - deyərdi (ağlayır)...

 

 

 

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli

həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından bir parça.)

 

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru