“Taksi sürücüsü kimi işləmək istəyən insanların sayı Bakıda limitə uyğun deyil”

“Taksi sürücüsü olmaq istəyən onminlərlə insan gedir "Asan imza" alır, VÖEN açdırır. "Buraxılış" almaq üçün rüsum ödəyir. Serifikat almaq üçün rüsum ödəyir. Vergi hesabatı verir. Posterminal alır yenə də vergi ödəyir. 2024-cü ildə təxminən 34 198 taksi sürücüsü xüsusi təlimlərdən keçib”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Ekspertin sözlərinə görə, 40 min nəfərə yaxın insan taksi sürücüsü olmaq üçün qeyd edilən xərcləri çəkib:
“Və budur son iki ildə Bakıda taksilərin sayı 67 mindən 25 minə qədər azaldılır. Niyə Nazirlər Kabineti AYNA-ya, DİM-ə limit tətbiq etmir? Adamlara desinlər ki, siz iş tapa bilməyəcəksiniz! Boşuna VÖEN, Sertifikat, Buraxılış almayın. Bilirsiniz niyə demirlər? Çünki VÖEN açdırıb aktiv vergi ödəyicisi olan fiziki şəxs işsiz sayılmır. Statistikada da işsiz əhalinin sayını az göstərmək lazımdır. Dünya Bankı və sair qurumlar da məhz bu datalara baxır. Adamlar işləyir. Vergi ödəyicisidir. Bir zamanlar sosial yardım almaq üçün insanlar pay torpaqlarında VÖEN açdırıb ailədən bir nəfəri işləyən, vergi ödəyən kimi göstərirdilər. Eyni situatsiyadır. Heç olmasa DİM, AYNA bu "Sertifikat", "Buraxılış" kampaniyasını dayandırın. İnsanları statistika, "işləyən" kimi göstərmək xatirinə alətə çevirməyin”.
Vasif ƏLİHÜSEYN