adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Oktyabr 2021 11:55
2193
ƏDƏBİYYAT
A- A+

"NİZAMİ LİRİKASI VƏ ..."

Yeni kitablar

 

Dahi şair və mütəfəkkir Nizami Gəncəvi dünya şöhrətli "Xəmsə"si ilə bərabər lirik şerlər divanı ilə də məşhurdur. Şairin lirik şerləri qəsidə, qəzəl, rübai janrlarında yazılmışdır. Nizami Gəncəvi epik şer sahəsində misilsiz olduğu kimi, lirik bir şair kimi də böyük sənətkardır.

AMEA Gəncə Bölməsində nəşr edilən "Nizami lirikası və..." kitabında dahi şairin lirik yaradıcılığından söhbət açılır. Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan kitabın elmi rəhbəri və ön sözün müəllifi professor Xəlil Yusifli, elmi redaktoru Afaq Yusiflidir. Nizami Gəncəvinin lirik şerlərinin tədqiqinə həsr edilmiş "Nizami lirikası və..." adlı monoqrafiya ilk dəfə 1968-ci ildə nəşr edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin "Nizami ili" elan olunması ilə əlaqədar yenidən nəşr edilən kitaba müəllifin müxtəlif dövrlərdə dahi şairin həyatının tədqiqi ilə bağlı yazdığı məqalələri də əlavə edilmişdir.

Nizaminin lirik şeirləri, əlbəttə bütöv bir tarixi dövrün aynası olan "Xəmsə" qədər şöhrət qazanmamış, onun qədər yayılmamış, onun kimi bütövlüklə gəlib bizə çatmamışdır. Lakin hazırda şairin lirikasından əldə olan nümunələr göstərir ki, Nizami bu sahədə də ən qüdrətli şairlərdən biri olmuş, yaradıcılığının əvvəlindən axırına qədər çoxlu miqdarda lirik şeirlər yazıb yaratmışdır.

Əslində böyük şair yaradıcılığa lirika ilə başlamış, öz lirik əsərləri ilə qüdrətli bir sənətkar kimi tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmiş, lirik və epik ünsürlərin sıx vəhdətindən yaranmış olan, həmçinin daəa böyük lövhələr, zəngin fikirlər ifadə etməyə imkan verən poemalarını yazmışdır. Böyük şair poemaları ilə yanaşı bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına Azərbaycan lirik poeziyasının ən gözəl nümunələrindən olan məşhur "Qocalıq" şeiri ilə yekun vurmuşdur.

Nizami lirik şeir sahəsindəki bu fəaliyyətinə "Xəmsə"də dəfələrlə işarə etmişdir. Nizami öz lirik şeirlərini poemaları ilə yanaşı qoyur, onları bir-birindən ayırmır, həm qəzəl, həm qəsidə, həm də "qissə" şəkillərində öz fikir və duyğularını ifadə etmək üçün eyni dərəcədə istifadə etdiyini bildirir və bununla da, onun lirik şeirlərini "Xəmsə"dən zəif hesab edən, yaxud "Xəmsə"yə əlavə hesab edən hər cür fikirləri özü rədd edir.

Kitab Nizami lirikasının ideya-bədii xüsusiyyətləri, "Xəmsə"də lirik ünsürlər və ricətlər, Nizami lirikasının özündən sonrakı yaxın Şərq ədəbiyyatına təsi, yaxıd Nizaminin lirik şerlərinə yazılmış cavablar tədqiq və şərh olunmaqla 4 fəsildən ibarətdir. Bundan başqa kitabda Nizamiyə ünvanlanmış məktublar və Nizami haqqında yazılmış məqalələr də yer alır.

Nizaminin əldə olan lirik əsərləri göstərir ki, o, özündən əvvəl yazıb yaratmış Rudəki, Nasir Xosrov Qubadyani, Sənai, Ənvəri, Qətran Təbrizi, Xaqani kimi şairlərin mütərəqqi ənənələrini davam və inkişaf etdirmiş, poeziyanı həyata, insanın arzu və əməllərinə yaxınlaşdırmışdır.

Nizami lirikasının öyrənilməsi və nəşri sahəsində indiyə qədər bir sıra sovet və xarici ölkə alimlərı tərəfindən xeyli iş görülmüş, lakin böyük şairin lirik əsərləri hələ də geniş elmi təhlildən keçirilməmiş, onun özündən əvvəlki farsdilli şeirlə əlaqəsi, sonrakı dövrlərin lirikasına təsiri layiqincə öyrənilməmişdir.

Nizami lirikasını elmi cəhətdən daha geniş surətdə təhlil etmək Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələrdən biridir. Yeni kitab bu sahədə çox sanballı töhfədir.

 

Vaqif TANRIVERDİYEV

Gəncə