adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Oktyabr 2021 13:29
1094
ƏDƏBİYYAT
A- A+

"BARIT QOXULU ÇİÇƏK"

Şuşa səfərindən dönəndən bir neçə gün sonra ünvanıma bir məktub gəldi. Məktubun üzərindəki ünvana baxıb, müəyyən qədər özümü kökləyə bildim. Çünki göndərən şəxs öz ruhu və poetik dünyası ilə mənə doğma idi. Üstəlik həyatda bir dəfə də olsun üz-üzə gəlmədiyim, qarşılaşmadığım bu şəxslə bağlı mənə qələm dostlarım maraqlı fikirlər söyləmişdilər. Xüsusi ilə böyük söz dünyasından vaxtsız köç edən Böyük ürək və böyük qələm sahibi Vəliyulla Novruz hər görüşümüzdə vurğulayırdı ki, bizim bölgənin ədəbi mühitində Əlirza Həsrətin özəl yeri var.

Bax elə bu təqdimat və bir də könül dostum, şair Hacı Əlinin söylədikləri də məni necə deyərlər, könüldən-könülə bağlamışdı Əlirza Həsrət dünyasına. 
Elə buradaca xatırladım ki, mən Əlirza Həsrəti onun çalışdığı telekanalın efirindən də izləyəndə bir telejurnalist kimi mövzu təqdimatına həmişə maraq göstərmişəm. Bax, bütün bu kiçik girişdən sonra xatırlatmaq istəyirəm ki, ünvanıma gələn məktubun içərisində yerləşdirilən «Barıt qoxulu çiçək» kitabı mənə Şuşa səfərindən sonrakı ən böyük hədiyyə oldu. Çünki Şuşanı ziyarət edib gəlmək, xatirələrdən reallığa dönüş məni havalandırdığı bir vaxtda 44 günlük bir Zəfərimizin adına bağlanmış bu barıt qoxulu çiçək dəstəsi həqiqətən maraqlı idi. 
Nəfis şəkildə gənc həmkarımız Tural Adışirinin ön sözü ilə çap olunmuş kitabın redaktoru Bilal Alarlı Hüseynov da bu kitabı həqiqətən ürəklə oxucuya təqdim ediblər. Mən hər iki müəllifin fikirləri ilə tanış olandan sonra kitab barəsində duyğularımı ifadə etməyə çətinlik çəkirəm. Çünki onlar bu kitabın təkcə mövzusunu, qayəsini deyil, həm də lirik-fəlsəfi poema olan əsərin az qala bənd-bənd yozumuna da açıqlayıblar. Ona görə həmin müəlliflərin fikirlərini özünə hopduranda artıq əsərin dadı, tamı da, şirəsi də, ovqatı da sənə hopur, özününküləşir. Bax, bu yerdə də özünün olan barəsində fikir söyləmək çətinliyi yaranır. 


Təbii ki, mən poemanı oxuyub başa çıxandan sonra özümün Qarabağ savaşı meydanlarında yaşadığım duyğuları da içimdə təkrarladım. Həmin müharibənin birinci mərhələsində baş verənlərlə ikinci savaşımızın səhnələri arasında fərqləri, oxşarlıqları paralelləşdirdim. Və mənə bir daha aydın oldu ki, Əlirza Həsrət müharibənin az qala səngərində dayanıb şəhid və qazi oğullarımızla birlikdə o həyatı yaşayıbdır. Ona görə də onun çiçəklərə üz tutub dediyi misralar təkcə könül oxşamır, həm də ürəyi dodaq kimi əsdirir. Məsələn: 

Ürək taxtdır, eşq tacın,
Sil göz yaşını Laçın.
Bitdi həsrətin, acın –
Deyə-deyə gəlirəm.

Bayraq süfrəmdə ruzu,

Bu da ayı, ulduzu.

Şərəfli Ordumuzu –

Öyə-öyə gəlirəm.

Durub üzü sabaha,

Sarılmışıq silaha.

Ürəyim sığmır daha –

Yerə-Göyə, gəlirəm.

Mən bu poemadakı hər bir bəndin fikir yükü ilə yanaşı, onun dilə yatımlığını da özüm üçün bir yenilik yox, sadəcə müəllifin istedadının göstəricisi kimi qəbul etdim. Və içimdə əmin oldum ki, şeirlərin bu diləyatımlığı onun əzbərlənməsi, yaddaşa köçməsi üçün də rahat yol açır. Məsələn:

Bu Vətənin canı Şuşa,

Gur şəfəqli danı Şuşa.

Könüllər sultanı Şuşa,

Nə gözəl bayraq yeridir.

Və yaxud:

Bu pətəyin, bu şanın,

Gəlsin nəğmə qoşanın.

Xan sarayı Şuşanın –

Tacına bax, ilahi.

Ümumiyyətlə, öncədən də vurğuladığım kimi, bu lirik fəlsəfi poema sözə dəyər verən, savaşımızı canından, qanından keçən oxucu üçün yaxşı bir hədiyyədir. Düşünürəm ki, kitabın nəşrində xidməti olan professor, doktor, şair Elçin İsgəndərlinin də haqqını xatırlatmaq bu məqamda yerinə düşər. Və bütövlükdə kitabı təkcə barıt qoxulu çiçək yox, həm də mən Barıtı Çiçəyə Çevirən söz kimi də adlandıra bilərəm. Zənnimcə, mənim bu oxucu fikrim Əlirza Həsrət yaradıcılığına olan münasibətimin göstəricilərindən biri sayıla bilər.

Əbülfət MƏDƏTOĞLU