Qoy həmişə anam olsun!!!

İltifat HACIXANOĞLU
16600 | 2021-09-28 12:22

Hardasa 15 il əvvəl xalq şairi Sabir Rüstəmxanlının “Atamın ruhu“ kitabını oxuyanda çox sarsılmışdım. Böyük şairimiz rəhmətlik atasının son günlərini elə təsirli təsvir etmişdi ki, o kitabdan sonra nə vaxtsa valideynlərimi itirməyin dəhşətini  necə yaşayacağımı düşünürdüm.  Ola bilər kimlərsə inanmasın, həkim mənə  “bağırsağında şiş metastaz verib” deyəndə öləcəyimi deyil, valideynlərimin buna necə üzüləcəklərini düşündüm. Çünki atam da, anam da çox həssasdırlar.  İllah ki, anam. Birimizə bir şey olanda, necə stress keçirirdisə o saat əl atıb üzünü cırırdı. Mən İrandan əməliyyatdan qayıdanda gördüm ki, anamın üzündə salamat yer yoxdu... Atam rəhmətə gedəndən sonra anamın tez-tez dediyi bir söz var “Ay Allah, mənim ömrümdən kəs balalarıma ver”. İndi də bu sözü nəvələri üçün deyir...

Bəzən toyda “Ana” mahnısı sifariş verənlərə lağ edib, onları ələ salırlar. Niyə də, niyə? Bəlkə anasından doymayıb, yanıqlı qalıb, hansısa şad gündə onu xatırlayır. Burda pis nə var ki?

 Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı...

Atam rəhmətə gedəndən sonra anam birdən-birə dəyişdi. Uşaq vaxtı adi bir şeyin üstündə bizim belimizdə oxlov sındıran anam sanki uşaqlaşdı. Biz onyn yanında uşaqlarımıza “gözün üstə qaşın var” deyə bilmərik. Amma özü  “4” almağın üstündə bizə elə cəzalar verib ki...

Anamın bu gün 70 yaşı tamam olur. Yubileyidi. Bir övlad anasına nə arzu edər ki? Bir övladın ən böyük arzusu odur ki, həmişə anası onun yanında olsun, heç vaxt onu tərk etməsin! Mən anama bundan sonra yalnız uzun ömür və can sağlığı arzulayıram! Yerdə qalanı mənlikdi.

Ana! Ana!. o adın qarşısında bir qul tək,
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.

TƏQVİM / ARXİV