adalet.az header logo
  • Bakı -°C
07 Iyun 2026 14:15
68
ELM VƏ TƏHSİL
A- A+

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

DİM-dən Adalet.az-a verilən məlumata görə, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan binası, 3803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673 buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 10 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi-müəllimdə "ağıllı" saat aşkar edildiyi üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır.

İmtahanda 51690 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını yutubda yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.

İyunun 8-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

XXX

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Adalet.az-a verilən məlumata görə, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan binası, 3803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673 buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 33 986, IV ixtisas qrupu üzrə 6 518, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 11 186 nəfər olmaqla, ümumilikdə 51 690 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.