Bu ömrün payızı tez gəldi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
51900 | 2021-08-04 10:15

Alim, publisist, müəllim və dost olan Məhəmmədəli Mustafanın xatirəsinə

 

İnsan ömrünün eni, boyu özünə heç vaxt bəlli olmur. Sadəcə bir insan başqa bir insanın hansı zaman kəsiyi yaşadığını izləyə bilir. Yəni, yaşayanlar köçüb gedənlərin doğum və ölüm tarixindən xəbərdar olur. Burada bir haşiyə çıxım. Söhbət rəqəmlərdə ifadə olunan doğum və ölümdən gedir, gerçək yaşanan ömürdən getmir. Çünki biz bəzən bir anın içində bir ömür yaşayırıq. Bəzən də əksinə...bir ömrün içərisində yaşamağa payımıza bir an düşür. Deyə bilmərək ki, kimin həqiqi ömrü nə qədərdi və bundan sonra nə qədər olacaq. Lakin mən bəlli bir zaman kəsiyini həqiqətən yaşamışam və bununla bağlı da «19 avqust» şeir də yazmışam...

Bəli, hər nəslin öz yaşam zamanı var və o nəsil o zamanın içərisində doğulur, ayağa qalxır, özünü təsdiq edir və təbii ki, onun baharı kimi qışı da qapısını döyür. Lakin təbiətdə olduğu kimi insan həyatında da dörd fəsil var. Bahar doğumdur, yay dirçəlişdir, payız yır-yığışdır, qış qürubdur... Bu mənada nəslin yarpaq tökümü qəribədi ki, heç də həmişə payızda baş vermir. Bax, insan ömründəki fəsillərin bir-birinin içərisində cərəyan etməsi təbiətdəki fəsillərdə özünü bu nöqtədə fərqləndirir. Təbiət öz dördlüyünü yaşayır, insan isə bəzən baharda da payızın acısını, yayda da payızın qovğasını, qışda da payızın yarpaq tökümünü özündə ifadə edir. Bu bizim istəyimizdən asılı olmadan baş verən prosesdir...

Mən nəslimin yarpaq tökümü ilə bağlı son illərdə yaman çox yazılar yazıram. Bu yarpaq tökümünün acısını mənə yaşadan qan qohumlarımla yanaşı, ruh doğmalarım da az deyil. Onların içərisində şair Vahid Əlif oğlu, maliyyəçi Dilavər Əliyev, Mirzə Səfərəliyev, akademik Hətəm Quliyev, hüquqşünas Şirxan Adıgözəlov, Ələsgər Bayramov və digərləri barəsində mən ürək sızıltısı ilə bu yarpaq tökümünə üsyan etmişəm. Amma mən kiməm ki Tanrı önündə? «Hökm onun hökmüdü, fərman onun fərmanıdı!» - deyən şair hər şeyi birmənalı şəkildə ifadə edir. Lakin bəzən insan bildiyini də, dərk etdiyini də, qanuni olanı da, qaçılmaz olanı da anlaya-anlaya onun üçün göz yaşı tökür, saç yolur, haray qoparır. Bəlkə də bu etiraz yox, özünün həmin o itki ilə barışması üçün atdığı son addım, etdiyi son cəhddi...

Onunla 1992-ci ildə şəxsən tanış oldum. Həmin ilin başlanğıcında «Ədalət» qəzetində işləməyə gəldim. O da «Ədalət»də işləyirdi. Bu komandaya məndən öncə qoşulmuşdu. Boy-buxunu, özünəməxsus danışıq tərzi, xüsusilə içdən gələn gülüşü dərhal diqqətimi çəkdi. Hiss etdim ki, o bu komandanın ən şən əməkdaşlarından biridir. Qayğını, kədəri hansısa gücün hesabına özündən uzaq tutmağı bacarır. Tam səmimi deyəcəm. Onun bu qabiliyyətinə hətta bir az həsəd apardım. Çünki mən Qarabağı, kəndimi, evimi itirmişdim. Bu itki mənə gülüşü də yadırğamışdı. Bu itki məndən ruhumu da, iç dünyamı da almışdı. Ona görə də içdən gülən adamları görəndə keçmişimi xatırlayırdım, dünənimə tərəf baxırdım. İllər ötdü, onun gülüşünün yüzə-yüz  içdən gəlmədiyini duydum, anladım. Əməlli-başlı dərk etdim ki, bu adam ovqat yaratmaq üçün, adamların əhvalını durultmaq üçün özünü bu gülüşə kökləyir. Otağına təkliyə çəkiləndə isə o gülüş ondan perikir, ondan uzaqlaşır. Bax, bəlkə də onun ömrünün payızını sürətləndirən, tezləşdirən bir səbəb də bu oldu.

Məhəmmədəli Mustafa ilə «Ədalət» qəzetindəki həmkarlığımız, yoldaşlığımız, sonda isə dostluğumuz çox sınaqlardan keçdi. Bəzən o kiminsə hansısa bir sözünə istinad edib məndən incidi. İki-üç gündən sonra məsələnin mahiyyətini biləndən sonra yenə həmin təbəssümlə «Ə, qağa, boş şeydi» - dedi. Və beləcə zaman-zaman mən onu  özünə aid olan dünyanın müəyyən vaxtlarına baş vura bildim. Yaşadığı ailə dramından tutmuş müəllim ömrünə qədər o tamam fərqli bir yolda idi. Elə jurnalist, publisist kimi də fərqlənirdi. Yazılarında aid olduğu bölgənin ruhunu aşkarca duymaq olurdu. Əsəbləşəndə də, sevinəndə də kimliyi ortaya çıxırdı. Bu da onun içi ilə çölünün bərabərliyindən xəbər verirdi...

Məhəmmədəli Mustafa yol-yoldaşlığına xüsusi diqqət yetirirdi. Onun həmkarımız Faiq Qismətoğlu və Lətif Süleymanlı ilə gözəl macəraları ayrıca bir söhbətin mövzusudur. Hər dəfə o, bu macəralardan birini danışıb bizi ürəkdən güldürməyə çalışırdı və hər dəfə də onun həmin «üçlük»dəki dünyasının nə qədər maraqlı olduğunu fəxarətlə yaşadığını şəxsən mən hiss edirdim. Əks halda o, yorulardı, bezərdi, uzaqlaşardı həmin o «üçlük»dən. Amma əksinə, Məhəmmədəli Mustafa bütün istək və arzularını, atacağı addımları həmin «üçlük»də müzakirə edib, xüsusilə Faiq Qismətoğlu ilə hər sözünü, sirrini bölüşürdü.   Onların baş-başa qaldığı anları kənardan izləmək özü bir mövzudur. Çünki Məhəmmədəlinin sakit, Faiqin ötkəm səsi adama kənardan elə təsir bağışlayır ki, sanki onlar indi əlbəyaxa olacaqlar. Lakin Məhəmmədəlinin halını pozmadan, fikrini sakit halda, asta-asta, tələsmədən təkrarlaması Faiqin, loru dildə desək, «havasını alır», onu da Məhəmmədəlinin sakit dünyasını qaytarırdı...

Günlərin bir günü Məhəmmədəli Mustafa mənə yaxınlaşdı. Həmin gün qəzetdə növbətçi idi. Dedi ki, ay qağa, ta yoruluram, Lənkəran, Sumqayıt, Bakı, «Ədalət» arasında gilinc qalmışam. İstəyirəm qəzetdən ayrılam, gedəm elmin dalınca. Bir anlıq fikrə getdim. Elə indi də həmin söhbəti xatırlayıb fikirləşirəm və...

Məhəmmədəli Mustafa AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi idi. Namizədliyinin müdafiəsinə hazırlaşırdı. Paralel olaraq  Lənkəran, Sumqayıt və Qərb Universitetlərində dərs deyirdi, müəllim kimi fəaliyyət göstərirdi. Bu da ona doktorluğunu müdafiə etməkdə vaxt baxımından çətinlik yaradırdı. Mən də Məhəmmədəlinin dediklərini içimdən keçirib doğru qərar qəbul etdiyini təsdiqlədim. Və elə növbəti həftədə o, qəzetin təsisçisi və baş redaktoru ilə razılaşıb «Ədalət»dən getdi. Özünün də dediyi kimi, gedən cismi oldu. Vaxtaşırı telefon zəngləri, elmi yazılar, darıxanda kollektivə baş çəkmək isə onun bu qəzetə sədaqətinin gerçək üzü idi. Biz tez-tez telefonla danışırdıq. Burda da tam səmimi deyim ki, «Ədalət»dən gedəndən sonra filologiya elmləri doktoru Məhəmmədəli Mustafanın mənə münasibəti çox dəyişmişdi. İndi o, məni həm də bir şair kimi oxuyub təhlil edirdi. Hətta yaradıcılığım barəsində böyük bir məqalə də yazmışdı. Son dəfə nəşriyyatda görüşdük. «Ədalət»də oturub söhbət etdik. Sonra nəşriyyatın bufetində çay içdik və bir də gördüm ki, Məhəmmədəli masadan durub nəşriyyatın bufetinə keçdi. Qayıdıb gələndə əlində üç qutu «Kent-4» siqareti var idi. Təəccüblə üzünə baxdım. Sanki soruşdum ki, çəkməyə başlamısan? Məhəmmədəli siqaretləri mənim qarşıma qoyub dedi: «Bu gün əmək haqqımı almışam. Bilirəm ki, sən də bu siqaretdən çəkirsən. Götür, bir neçə gün işinə yarayar» - dedi.

Onun bu diqqəti, bu səmimiyyəti məni əməlli-başlı təsirləndirdi. Və sonra Məhəmmədəli məndən xahiş etdi ki, Aqil Abbasa zəng edim. Soruşdum ki, niyə özün zəng vurmursan? Dedi ki, mobil telefonda nömrəni dəyişmişəm. Zəng vuraram, birdən açmaz, ona görə sən zəng vur. Mən onun istəyini yerinə yetirdim. Məhəmmədəli Aqil Abbasla telefonda bir xeyli danışdı və məlum oldu ki, yeni monoqrafiyasından danışır. İstəyir ki, yazıçı Aqil Abbasın yaradıcılığı barəsində işləməyə başladığı monoqrafiya ilə bağlı millət vəkili ilə görüşüb bəzi suallarına cavab alsın... Təəssüf... Onlar razılaşdılar. Amma qəfil yarpaq tökümü bu istəyi yarı yolda qoydu.

Mən bir həftə sonra  sosial şəbəkədə filologiya elmləri doktoru Məhəmmədəli Mustafanın vəfat etməsi xəbərini oxuyanda inanmadım. Faiq Qismətoğluna zəng vurdum. O, kövrək bir səslə «Getdi Məhəmmədəli» - dedi.

Bəli, bizim nəslin yarpaq tökümü yaman tez başladı. Bu nəslin haqqa qovuşan təmsilçilərinin adları bəlkə də bir kitaba sığmaz. Bu adların sırasına Məhəmmədəli Mustafa da yazıldı. Bizdən qabağa düşdü. O sıra bizi də gözləyir. Sadəcə qatardan harda düşəcəyimizi, necə düşəcəyimizi bilmədən biz o sıraya tərəf gedirik. Özdə təkcə biz getmirik, hər kəs bu yolun yolçusudu. Bu yol isə əbədiyyat yoludu. «Ədalət»in tarixində, yaddaşında ədəbiyyat elmimizin təmsilçilərinin və öyrənənlərin yadında , bir də dostlarının, doğmalarının ömründə yaşayacaq Məhəmmədəli Mustafa. Ruhu şad, məkanı cənnət olsun!

 

TƏQVİM / ARXİV