SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: Yardımlıda toy

  83998   |  
Şriftin ölçüsü  

İstedadlı dizayner, Şamxal Şəbiyev subaylığın daşını atdı

 

...Biz çoxdan bu günü gözləyirdik. Gözləyirdik  ki, günlərin bir günü dostumuz və qardaşımız Şamxal subaylığın daşını atacaq.  Axır ki, iyulun 24-də bu toy baş tutdu. Şərtləşdiyimiz kimi, ayın 24-də səhər saat 08:30-da «Azərbaycan Nəşriyyatı»nın qarşısında görüşməli idik. Səhər saat 8-di. Günəşlidən taksi ilə nəşriyyatın qarşısına gəlirəm. Görürəm ki, əvvəllər bizdə işləmiş Vüsal nəşriyyatın qarşısında var-gəl edir. Çox keçmir ki, Rüstəm müəllim ilə (böyük Rüstəm) telefon əlaqəsi yaradıram. O da deyir ki, Faiq müəllim, sən tez gəlmisən. Saat 08:30-da orda olacağam.

O, 08:30-dan da tez gəlir. Avtomobili yolun kənarında saxlayır. Az keçmir balaca Rüstəm maşınla özünü görüş yerinə çatdırır. Əbülfət Mədətoğlu da qabaqda əyləşib. Düşünürük ki,iki avtomobillə Yardımlıya getməyə ehtiyac qalmır. Rüstəm müəllimin avtomobilini yolun kənarında qoyuruq. Oğlu Əşrəflə danışır ki, maşına ehtiyac olmadı, bir azdan gəlib apararsan...

...Balaca Rüstəm sükan arxasına keçir və avtomobili işə salır. Əbülfət müəllim qabaqda, Rüstəm müəllim, mən, Vüsal isə arxada əyləşirik. Balaca Rüstəm bu vaxt redaksiyamızda işləyərkən baş vermiş bir hadisəni danışır. Deyir ki, bir gün redaksiyaya zəng eləmişdilər, soruşurdular ki, Rüstəm lazımdır. Mən də dedim ki, Rüstəm mənəm. Dedilər biz Rüstəm Hacıyevi istəyirik. Dedim ay qardaş, elə mən Rüstəm Hacıyevəm. Dedilər yox ey, biz ağdamlı  Rüstəm Hacıyevi soruşuruq. Dedim elə mən də ağdamlı Rüstəm Hacıyevəm. Sonra məlum oldu ki, məni yox, böyük Rüstəm Hacıyevi axtarırlarmış. Elə ona görə də o vaxtdan redaksiyamızda Rüstəmi soruşanda, soruşurduq ki, hansını deyirsiz, böyüyü yoxsa balacanı?!

...Balaca Rüstəm avtomobili çox ustalıqla, səliqəli və ehtiyatla idarə edir. Az-çox yol hərəkəti qaydalarını bələd olduğuma görə deyirəm ki, ay Rüstəm, maşallah, maşını çox yaxşı ehtiyatla idarə edirsən. Böyük Rüstəm dillənir ki, bilmirsən, bir qəza olmuşdu, şükür Allaha, ondan balaca Rüstəm sağ salamat çıxmışdı. Bax, bu hadisədən sonra indi avtomobili ehtiyatla idarə edir...

...Bir-bir yaşayış yerləri, qəsəbələr və rayonlar arxada qalır. Salyanı keçib Biləsuvar istiqamətində Bakı-Astara yolu ilə üzü Yardımlıya doğru hərəkət edirik. Yollar, yerlər, rayonlar bir-birindən abaddır. Artıq saat 12-nin yarısıdır. Masallıya çatırıq. Masallıda bir-birindən gözəl istirahət məkanları, restoranlar, yeməkxanalar var. Hava o qədər də isti deyil. Amma  yenə görürsən ki, bir az bürkü var. Masallıdakı meşəlikləri keçdikcə dostum və qardaşım Əbülfət Mədətoğlu deyir ki, yaxşı bir yer olsa, əyləşib, bir stəkan çay içərdik, dincəlib, sonra yolumuza davam edərdik. Avtomobilin pəncərəsindən yolun kənarındakı istirahət yerlərinə baxırıq. Balaca Rüstəm deyir ki, ay Əbülfət müəllim, burda hər yer cənnətdir. Görmürsən, meşəliklər və onun içindəki istirahət yerləri adama gəl-gəl deyir və balaca Rüstəm belə gözəl yerlərin birində avtomobili saxlayır...

«Bax, bura lap cənnətdir. Bu yerlərdə əyləşib çay içmək də olar, hələ desəm yüz-yüz vurmaq da». Bunu Əbülfət Mədətoğlu deyir. Balaca Rüstəm avtomobili həmin yerdə saxlayır. Maşından düşüb yavaş-yavaş meşəliyin içində olan istirahət mərkəzinə doğru gedirik. Doğurdan da, bir-birinə bənzəməyən ağaclar, gözəlliklər bura bir sərinlik gətirir. Elə maşından düşən kimi xidmətçilər bizi qarşılayır. Talvarda yaxşı bir yer düzəldirlər, iki daşın arasında qəşəng süfrə açırlar. Oturduğumuz yerdən meşənin hər yeri çox gözəl görsənir. Bura hündür olduğu üçün aşağılar elə bil ki, ovcumuzun içindədi. Çox keçmir ki, süfrəyə çay gəlir. Amma  bir stəkan çay içəndən sonra Əbülfət müəllim dillənir ki, bununla iş açmır. Belə təmiz havada yüz-yüz  vurmamaq çox böyük günahdır. Rüstəm, böyük Rüstəm də onu dəstəkləyir və Vüsal da görürəm, yavaş-yavaş qımışır. Çünki  balaca Rüstəm sükan arxasında olduğu üçün araq içə bilməyəcək. Mən də ömrüm boyu dilimə spirtli içki vurmamışam. Lalın dilini anası bilən kimi bu dostların da dilini xidmətçi oğlan yaxşı bilir. Ağsu istehsalı olan gözəl bir arağı masanın üstünə qoyur.

...Bir azdan da təndir çörəyi, pendir, pomidor, xiyar və digər göy-göyərtiləri gətirir. Böyük Rüstəm araq şüşəsinin ağzını açır və hər üçünün badəsinə araq süzür. Əbülfət Mədətoğlunun da maşallah,  ürəyi doludur. Birinci sağlığı Aqil Abbasın və «Ədalət» qəzetinin şərəfinə qaldırırlar, ikinci, üçüncü sağlıq isə təzə bəy Şamxalın və onun valideynlərinin şərəfinə olur. Sonra isə ortaya elə bir dadlı bir yemək gətirilir ki, ləzzətindən doymaq olmur. Pomidor yumurtanı elə gözəl bişiriblər ki, hələ mən indiyə qədər heç yerdə belə ləzzətli bişirilmiş pomidor-yumurta yeməmişəm. Böyük Rüstəm də, balaca Rüstəm də, Əbülfət müəllim də, Vüsal da yeməyin çox dadlı olmasını deyir. Hətta yemək o qədər dadlıdır ki, ondan doymaq olmur...

...Süfrə arxasında bir-birindən gözəl lətifələr danışırıq. Əbülfət müəllimin isə  yumorlu, dadlı-duzlu söhbətlərindən doymaq olmur. Vaxtilə bizim qəzetdə işləmiş rəhmətlik Surxay Əlibəyli və Məhəmmədəli Mustafa ilə bağlı xatirələrimiz yada düşür. Hərəmiz onlarla olduğumuz anlarda yadda qalan xatirələri danışırıq. Çünki rəhmətlik Surxay da, rəhmətlik Məhəmmədəli də başdan-ayağa duzlu, yumorlu, koloritli insanlar idi. Onlar həm gözəl ziyalı idi, həm gözəl jurnalist idi, həm də gözəl insan idi. Adam var vəzifəsi olur, pulu başından aşır, amma rəhmətə gedəndən sonra bir adamın yadında qalmır. Surxay Əlibəyli və Məhəmmədəli Mustafa isə görün nə qədər gözəl insandır ki, hamımızın yaddaşında, ürəyində iz qoyub. Hələ də Məhəmmədəli müəllimin Gürcüstan ləhcəsində şirin danışığı qulağımdan getmir və elə bilirəm ki, Surxay Əlibəyli də, Məhəmmədəli Mustafa da indi gəlib bizim yanımızda əyləşəcək. Onlar gəlib bizim yanımızda əyləşirlər; öz şirinlikləri, öz xatirələri və öz ruhları ilə. Axı, deyirlər insan özü olmasa da, ruhu yaşayır. Əgər biz iki daşın arasında hər iki istedadlı və sədaqətli dostu yada salırıqsa, deməli onlar bizim aramızdadı...

...Artıq saat 1-in yarısıdı. Başımız yeyib-içməyə necə qarışıbsa, vaxtın qısa zaman kəsiyində belə tez keçdiyini hiss etməmişik. Çünki bu cür təmiz havada, gözəl məkanda adam heç vaxt zamanın necə ötdüyünü hiss eləyə bilməz. Şəhərdə bütün günü problemlərin, streslərin, gərginliyin içində oluruq. Bax, bu gözəl məkanda həmin gərginliyi, stresi içimizdən çıxarırıq, ruhumuz, qəlbimiz sakitləşir. Elə bil ki, dünyaya yenicə gəlmiş insanlarıq. Sonuncu badəni də Əbülfət müəllim dostların şərəfinə qaldırır və deyir ki, arxasını Yardımlıda davam etdirərik... …...Uşaqlardan biri dillənir ki, bir stəkan çay içsək, yaxşı olar. Xidmətçi oğlan bu fikrimizi o dəqiqə tutur, heç 5 dəqiqə keçmir ki, dəmlədiyi çayniki gətirib masanın üstünə qoyur. Çayniki götürüb boş stəkanlara süzür. Bu gözəl yeməyin üstündən bir stəkanla adama çay içirik. «Bax, indi getmək vaxtıdır» - deyə böyük Rüstəm bizi ayağa qaldırır. Balaca  Rüstəm isə heç birimizə imkan vermədən yeyib-içdiyimiz yeməyin pulunu ödəyir. Biz də hamımız bir ağızdan deyirik ki, Allah canını sağ eləsin, min əvəzini versin! O da deyir ki, bunlar hamısı xırda şeylərdir. Təki toy olsun, biz də pul xərcləyək...

...Yardımlıya çatıb toy yerini axtarırıq. Girəcəkdən rayon mərkəzinə doğru hərəkət edirik. Artıq rayon mərkəzindən çıxırıq. Sonra uşaqlardan biri Şamxalla telefonla danışır. Sən demə, toy yerindən bir qədər uzaqlaşmışıq. Amma balaca Rüstəm ayıq tərpənir və toy yerini dəqiqləşdirir. Rayonun qurtaracağından sağa dönüb meşəliyə doğru hərəkət edirik. Artıq meşəliyə çatırıq və burda da musiqi səsi eşidirik. Şəhidlərin xatirəsini uca tutduğuna görə canlı musiqi olmur. Şamxal deyir, bunu böyüklərimiz məsləhət bilib. Musiqi var, ancaq xüsusi cihazda səsləndirilir. Toy yerinə çatan kimi Şamxalın atası Şəmsəddin Şəbiyev bizi qarşılayır. Elə bil ki, doğma adamlarıyıq. Elə əslinə qalanda Şəmsəddin müəllim ilə biz doğmayıq. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini məndən 3 il əvvəl bitirib. Daha doğrusu, tanınmış şair Adil Cəmilin tələbə yoldaşıdır Şəmsəddin müəllim. Və Şəmsəddin müəllim mənim nəzərimdə çox ziyalı, çox savadlı, çox mədəni tələbə yoldaşı kimi qalıb. Və bu gün övladlarını da elə belə tərbiyə edib. Mən həmişə Şamxalın mədəniyyətinə, tərbiyəsinə, səmimiyyətinə məəttəl qalmışam. İnsan da bu qədər qanacaqlı və tərbiyəli olarmı? Hər halda, bütün bunlar insanın nəslindən, kökündən, qanından gəlir. Hamımız Şəmsəddin müəllimi qucaqlayıb təbrik edir və göz aydınlığı veririk. Elə həmin an Şamxal gəlir, onu da qucaqlayırıq. Sevincimizi bölüşürük və Allaha şükür edirik ki, bu gözəl günü bizə qismət edib...

...Süfrənin üstündə şükür Allaha hər şey var. Amma yolda möhkəm yediyimizə görə çox toxuq. Mal ətinin soyutması, daha çox şalapur diqqətimizi cəlb edir. Rüstəm müəllim deyir ki, bunun öz ləzzəti var. Dadına bax, gör necə ləzzətlidir? Əsl sənin yeməyindir. Hamımız yenidən o şalapura girişirik. Bir neçə dəqiqədən sonra əvvəllər bizim qəzetdə işləmiş, indi məşhur saytlarda birinin redaktoru olan İntiqam müəllim gəlir. Bir vaxtlar elə İntiqamın da toyunda hamılıqla iştirak etmişik. Onda Aqil Abbas və İradə xanım da o toyda idi. İndi məlum səbəb üzündən Aqil Abbas da toyda iştirak edə bilmir. Biz onun da təbrikini Şəmsəddin müəllimə çatdırırıq. Deyir ki, hər şeydən xəbərim var. Allah Gülxanım bacıya rəhmət eləsin. Elə siz gəlmisiniz, çox sağ olun! Deməli, Şamxalı, məni çox istəyib gəlmisiniz.

...Bir neçə dəqiqədən sonra bizim hamımızın çox istədiyi Gülər xanım da gəlib bizlə görüşür. O, toydan bir gün əvvəl anası və əmisi oğlu ilə Şamxalgilə gəlib. Şamxalla düz 17 il dostluq edib. Bacı-qardaşdan yaxın olublar. Gün o gün olsun ki, Gülərin də toyunda iştirak edək. Mən bu sözləri Gülərin anasına deyirəm. Çünki biz Güləri öz balamız, övladımız kimi çox istəyirik...

...Saat 16:00-da ayağa qalxırıq. Bir daha Şəmsəddin müəllimi və Şamxalı təbrik edirik. İntiqam deyir ki, mən təkəm. İcazə verin, Vüsal mənim maşınımda əyləşsin, yolda darıxmayım. Amma bir yerdə maşını saxlayıb bir stəkan çay içək. Yardımlı dolamaları ilə keçib Masallı istiqamətinə çatırıq. Gözəl istirahət məkanlarının birində yolun sağında maşını saxlayıb, həmin yerdə çay içmək istəyirik. Xidmətçi oğlan yenə talvar kimi bir yeri bizə göstərir və deyir ki, bura daha rahatdı. Hər üçümüz masanın arxasında əyləşirik. Xidmətçi kəklikotudan gözəl bir çay dəmləyir, yanında limonu, konfeti. Bir stəkan içirik, yorğunluğumuz canımızdan çıxır. 5-10 dəqiqədən sonra İntiqam dostumuz və Vüsal gəlir. Onlar da masanın arxasında əyləşir. Xidmətçi ikinci çayniki gətirir. Bu çaynikdən də kəklikotunun ətri ətrafı bürüyür. İntiqama ləzzət edir. Mən «kəkotu» deyirəm,  o da deyir ki, rəhmətlik Ulu Öndər Heydər Əliyev ona kəklikotu çay dəmləyib gətirənlərə demişdi ki, bu kəkotu deyil, kəklikotudur. Doğurdan da kəklikotudan dəmlənmiş çayın özgə bir ətri olur. O kəklikotulu çayı içib ayağa qalxırıq. İntiqamgil öz maşınında, biz də öz avtomobilimizdə əyləşirik...

...Balaca Rüstəm sükan arxasında əyləşib avtomobili idarə edir. İstirahət mərkəzindən bir xeyli gedəndən sonra yağış yağır. Düzdü, elə də möhkəm yağış deyil, amma maşının qabaq şüşəsini isladır. Balaca Rüstəm şüşəsiləni işə salır. Maşının qabaq şüşəsi tərtəmiz olur. Sanki bu yağış hər şeyi, tozu, torpağı yuyub təmizləyir. Və bu yağış həm də ürəyimizə, qəlbimizə, bu isti yay günündə bir təmizlik, bir rahatlıq gətirir. Sanki bu yağış  həm də bir sevinc, ruzi rəmzidir. Qoy yeni ailə qurmuş Şamxal Şəbiyevin bundan sonrakı həyatı bax belə nurlu, ruzili və yaddaqalan olsun. Yolda hamımızın ağzından bir söz çıxdı: Dedik ki, bu xoş gün bizim ömrümüzə, günümüzə qızıl hərflə yazıldı. Qoy Şamxalın da ömrünə bu gün yəni iyulun 24-ü qızıl hərflə yazılsın və gələn il bu vaxtı eşidək ki, Şəmsəddin müəllimin nəvəsi, Şamxalın övladı olub. Amin!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK