adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Bizi qorxudan təşəkkür - Emin Piri yazır

Emin Piri
73346 | 2021-07-05 11:58

Bu hadisə baş verib bizim kəndlərin birində. Məhərrəmlik vaxtı, məsciddə mərsiyələr, göz yaşları və.s. Hər zamankı kimi sonda əhali mollaya suallar ünvanlayır və bu suallarına cavab alır.

Gözünə döndüyüm biri sual verir:

-Molla, qadın pis yola düşəndə ərinə, kişiyə oğraş deyirlər.

-Hə, elədir, kişinin adını daşıyır, axı.

-Bəs, yaxşı şeyləri edəndə o yaxşı adı niyə demirlər? Arvadı Kərbəlaya göndərmişəm, mənə də Kərbəlayı desinlər də...

Indi bu sözün mətləbə nə qədər dəxli var, ya yoxdur, heç özüm də bilmirəm. Heç bu hadisə hardan yadıma düşdü, onu da bilmirəm.

Amma...

Bilmirəm, insan xislətindəndir, ya nə, yaxşı şeyləri həmişə fövqəltəbii qüvvələrin ayağına bağlayırıq. Pis hadisələri isə mütləq insan ayağına. Məsələn, birinin xəstəsini həkim ayağa qaldıranda deyirik Allah saxladı. Işdi, birdən xəstə həyatda qalmasa bütün günahları atırıq həkimin üstünə. Halbuki, bəzən həkimin bu işdə məsuliyyətsizliyi də olmur. Nə də səhvi. Həyatdı da, əcəl vaxtı çatıb. Təbii ki, burada həkim səhvləri, səhlənkarlığı ucbatından baş verən olaylardan bəhs etmirəm.

Söhbət əcəldə və.s-də də deyil, dediyim kimi yaxşı əməlləri görmədiyimiz qüvvələrin, pis əməlləri isə insan ayağına bağlamaqdadır. Elə bilməyin ki, ateistəm, ya da inanclılara sataşıram. Əsla.  Tam əksi. Mənə maraqlı olan yanaşmadır.

Biz-insanlar xislətimizə əmin olduğumuzdandır ki, yaxşı nəyinsə insanın etdiyə inanmırıq. Ya da paxıllıq hissi imkan vermir ki, hansısa yaxşı hadisəni, olayı bir insana yaraşdıraq.

Elə bir dövrə çatmışıq ki, təşəkkürü belə yaltaqlıq hesab edirik. İnsanlar yaxşı əməllərə görə təşəkkür etməyi, sayqı göstərməyi qıraqdan necə görünər deyə düşünməyə başlayıb. İçdən edilən, səmimi  təşəkkürlər belə artıq yaltaqlıq kimi görünür. Bəzənsə öz içimizə də o qurd düşür. Görəsən, bu yaxşı əmələ görə təşəkkür edərkən yaltaqlıq etmədimki?

Hətta elə dövrə çatmışıq ki, təşəkkür edilən şəxs də xoflanmağa başlayır.  Görəsən, o mənə minnətdarlq edərkən, təşəkkürünü bildirərkən yaltaqlanmadı? Doğrudan bunu içdən, səmimi dedi? Heç bir təmannası olmadan, başqa şeylərin məqsədini güdmədən insanlıq naminə?

Demirəm ki, yaltaqlıq edən yoxdur. Bunu öz peşəsi sayanlar, yeri oldu, olmadı çox iyrənc formada edənlər var.  Hətta “n” qədər...Təbii ki, biz yaltaqlardan deyil, normal insanların bir-birinə təşəkkür, qiymətləndirmək etikasından danışırıq.

İndi yazının başlanğıcında qeyd etdiyim ki, insanlara yalnız pis əməlləri yaraşdırırıq, gördüyü yaxşı əməlləri isə heç xatırlamırıq. Halbuki, iksinin də mahiyyəti  kişi əməli baxımdan müəyyən qədər eynidir.

İndi biz insanları şər əməllə tanıyıb adlar qoyuruq.  İnsnaların qiymətləndirilməsi, tanınlanması “şər”lədir. Xeyir Şərə tam məğlub oldu?!

TƏQVİM / ARXİV