adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Yaşadıqlarımın yuxulu mənzərəsi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
76083 | 2021-06-05 11:43

Onu Allah, Sən və Mən görürük

 

Elə bil dünən idi... Elə bil heç nə baş verməmişdi... Elə bil nə o var idi, nə də mən... Elə bil ki, o da, mən də eyni anda, eyni məkanda dünyaya gəldik... Gəldik ki, bir-birimizi görək, tanıyaq, bir-birimizə güvənək və...  Birimiz o birimizi sevək!..

Bütün bunlar mənim təxminim idi, mənim düşüncəm idi. Mənim içimdən gəlib keçənlər və mənim yaşadıqlarım idi... Yəni ikimizdən biri olan mən bu cür düşünmüşəm, bu cür qəbul etmişəm, bu cür də düşünürəm və bu cür də düşüncələrim içərisində qəbul etidiyimlə yol gedirəm. Bu yolun adını kimsə bilmir... Allahdan və səndən başqa! Allah da, sən də bu adı kimsəyə deməyəcəksiz. Çünki onu deməyin də, bəyan etməyin də heç bir önəmi yoxdur. Ən azından ona görə ki, bu yolu mən gedirəm, səninlə birgə. Deməli, onun adı da sənə və mənə məlumdur. Başqa kimsə üçün bunun nə mənası var, nə də önəmi. Baxmayaraq ki, biz də bu adamların içərisində, bu yerin üstündə, bu göyün altındayıq. Deyəsən bir az təmtəraqlı çıxdı. Bədii bir səhnəyə bənzədi. Amma yox, gerçəklik onsuz da özü-özlüyündə oynanılan tamaşadı. Senarisini Allah yazır, rolları bəndə ifa edir. Bax, elə yazının ilk cümləsində dediyim həmin o andan yazını indi diktə etldiyim ana qədər biz Allahın iradəsini, yəni senarisini gerçəkləşdiririk. Baxmayaraq ki, inancımız da, inamımız da, bəzən bir-biri ilə baş-başa gəlir, toqquşur. Amma bütün hallarda şəxsən mənim içimdən gəlib keçən səs bunu deyir. Yəni söyləyir ki, sevmək üçün yaşamaq lazımdır. Yaşamaq üçün sevmək yox. Doğrudur, bunu başqa bir formada aqillər deyib. Onlar söyləyiblər ki, «yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək» lazımdır. Deməli, mənim inancım da budur ki, mütləq mənada sevmək üçün yaşamalıyam. Bu sevginin çalarlarını, naxışlarını, hətta saç düzümündən tutmuş aldığı nəfəsə qədər hər bir halını ifadə etmək, özününküləşdirmək üçün yaşamalıyam. Bax, onda Məcnun mənim qarşıma çıxa bilməyəcək, Leyli də sənin. Çünki Şeyx Füzuli demişkən “Məcnunun yalnız adı” olacaq.

Hər bir addım, hər bir qərar başlanğıca söykənir. Bu mənada mən sevginin hardan, nədən başlandığını, nəyin üzərində pərvəriş tapdığını öyrənmək, onun bütün varlığına nəzər salmaq üçün demək olar ki, hər gün, hər an baş sındırıram. Amma öyrəndiklərim, hətta varlığıma hopanlar belə məni qane etmir. Görürəm ki, aclıq çəkirəm. Daha çox ehtiyac duyuram o sevginin çalarlarına... mahiyyətinə... mənasına... və hətta mənə verdiklərinə, bağışladıqlarına...

Bax, beləcə sevgidən doymadıqca daha çox sevmək, daha çox bu yolda hər zərbəyə, hər sərtliyə, hər laqeydliyə, hər təpkiyə dözmək haqqının ətəyindən, əlindən bərk-bərk tuturam...

Sizə bəlkə də qəribə gələcək... Bəlkə də kimsə dodaq büzəcək... Bəlkə də kimsə başını bulayıb «boş şeydir, şairlik eləyir!» deyəcək. Olsun, hər kəs öz məntiqində, öz baxışında haqlıdır. Mən kimisə mənim kimi düşünməyə, mənim kimi sevməyə məcbur edə bilmərəm. Ona görə ki, Allah o haqqı mənə verməyib. İkincisi, mənə o güc də bağışlanılmayıb. Deməli, qərar verən də, onu icra edən də özüməm. Elə demək istədiyim də budur. Qoy, heç kim məndən inciməsin. Mən öz yolumun yolçusu, öz sevgimin fədaisi və nəhayət öz duyğularımın şairiyəm. Və...

Ona görə də sığındığım küncdə dayanıb öz-özümə pıçıldayıram:

 

Dilimi sıxıb tuturam,

Sözü – demədən uduram...

Mən, hamını unuduram -

Allahdan və səndən başqa!..

 

Gözümü yola sancıram,

Dərd tapdağında qançıram.

Səssiz – hamıdan qaçıram –

Allahdan və səndən başqa!..

 

Sinəmi yara edirəm

Günümü qara edirəm...

Bilən yox, hara gedirəm? –

Allahdan və səndən başqa!...

 

Qəlbimdə çıraq – şam – adın

Başına dönən şamandım...

Heç kim üçün yaşamadım -
Allahdan və səndən başqa!...

 

***

Bəli, bəzən insan təklənmək, hamıdan qaçmaq, hətta heç nəyi düşünməmək istəyində bulunur və belə anda ən xoş söz də, ən şad xəbər də adamın tükünü tərpətmir. Çünki  təklənmək istəyin çəkilib uzaq bir nöqtədə, bir qaya dibində, bir kahada, bir ormanda, bir çay qırağında, lap elə bir ağac dibində oturmaq, susmaq, gözünü yumub içindəki dünyaya baxmaq, o dünyanı yenidən gəzmək mənə görə ən ali hissdi, ən gözəl duyğudu, ən xoş istirahətdi. Ona görəki, həmin o dediyim ovqatın içərisində adam özü və bir də özünün yarısı ilə üz-üzə dayanır. Səni bircə Allah görür, Allah dinləyir və sən də yalnız onu görüb, onunla danışırsan. İndi özün təsəvvür et. Bir ağac dibində Sən və O. Artıq kimsə yox, hətta ağacın budağına sərçə də qonmayıb. Çevrəndə kəpənək də uçmur. Olsa-olsa hərdən yarpaq xışıldayır. O da sənin pıçıltılarına nəqarət olur... Bu mənzərə ən kübar məclislərdən, ən zəngin mənzillərdən, imarətlərdən, ən gur insan çevrəsindən gözəl deyilmi? Yəni mənim xəyal etdyim də sonra söylədiklərimin arasındakı özəlliyi görə bildinizmi? Əgər görmədinizsə, incimirəm sizdən. Əvvəldə də demişəm və zaman-zaman vurğulamışam ki, mən öz baxış bucağım altındayam. Bu bucağın altında mənim və onun, bir də Allahın iradəsi hakimdi!..

Ömürdən ötüb gedən hər bir an özü ilə çox şeylər alıb aparır. Biz onu həmin an, həmin gün hiss etmirik və hətta bizə elə gəlir ki, heç nə baş vermir. Lakin dərindən düşünəndə ötən anın ömrünə ömür yüklədiyini və yaxud da ömründən ömür kəsdiyni fəhm edəndə onda... susursan. Susmaya da bilməzsən, çünki artıq o hökm icra olunur. Və sən onu geri oxutmaq gücündə deyilsən. Deməli, bu nöqtədə güc yalnız sumağa, bir də kipriklərini suvarmağa çatır... Nəysə...

Bir az pafoslu səslənsə də, mən daha çox duyğulara, hislərə üstünlük verdiyimdən, özüm də fərqinə varmadan həyatdan nəm çəkirəm. Su çəkən kağız kimiyəm, pambıq kimiyəm... Lap elə  suyu daha tez özünə çəkən torpaq kimiyəm. Bu bir qaydadır. Nəm çəkənin bir üzü də qəm çəkir. Ona görə də yazılarımın damarındakı qəm nəmdən qaynaqlanır. Axı dünyanın harasına getsəm, hansı səmtinə üz tutsam orada qəmin də, nəmin də qonşu olduğunu bəzən isə lap göz-gözə dayandığını dəqiq bilirəm. Bu dəqiqliyi yaşamışam da, yaşayıram da. Ona görə yazmışam ki:

 

Yaşayıram, yaşamaqsa əgər bu

Mən anlara bölə-bölə ömrümü...

Həsrətinlə savaşdayam, günlərə –

Paylayıram, ölə-ölə ömrümü...

 

Bilirəm ki, çox batmışam günaha,

Bürünübdü talehimdə gün aha!..

Sənin üçün, əl açaraq Allaha –

Nəzir dedim, gülə-gülə ömrümü!..

 

Bəlli anda, sən ən böyük sirrimsən,

Qibləgahım, güvənc yerim, pirimsən!

O da birdi, sən də mənim Birimsən –

Qurban etdim, bilə-bilə ömrümü.

 

Zaman atı yük götürmür tərkinə

Çəkilsəm də sınaqların bərkinə!

Sərf etmədim, bu dünyanın dərkinə –

Bir Qadına – verdim gülə, ömrümü.

 

***

Heç kimə sirr deyil ki, bütün yaşananlar bu və ya başqa bir formada insan həyatında iz buraxır. İllər ötüb keçir, həmin o iz isə yaddaşda da qalır, həyatın bəlli səhifəsində də, hələ üstəlik, bəzən dilə düşüb nağıla, dastana, şeirə, nəğməyə, bayatıya, ya da lətifəyə çevrilir. Ən arzuolunmazı təbii ki, lətifəyə çevrilməkdir. Çünki gülünc yeri olmaq, kimsəyə xoş təsir bağışlamır. Doğrudur, deyib-gülmək, zarafat, bu, həyatın elementlərindən biridir. Amma gülünc olmaq, gülüş hədəfinə çevrilmək, bu hər kəsin öz addımının, öz əməlinin bəhrəsidir. Mən yol verdiyim yalnışlıqla və yaxud da düşünülməmiş hərəkətimlə başqasında gülüş doğururamsa, mənə gülənin nə günahı var. Zənnimcə, bu məntiqim qəbul olunandır. Axı, insanı digər canlılardan fərqləndirən düşünmək, ağıllı, dərrakəli olmaq qabiliyyətidir. Bu fərq həm də o deməkdir ki, insan övladı özünü güzgüdə görməlidir, özü-özünə baxıb qiymət verməlidir. Çox təəssüf ki, çox vaxt biz bunun fərqinə varmırıq. Nəticədə də ya gülünc oluruq, ya da uğursuz...

İndi həmin o başlanğıc anı elə bil ki, dünən idi. Fikrimi yenidən həmsöhbətimə çevirirəm. Başlayıram dərdləşməyə. Bəzən deyirdər ki, adam dərdini danışanda yüngülləşir, guya dərdi bölüşəndə dərd kiçilir. Mənə görə bu içdən gələn bir təsəlli ucudur. Adamlar bir-birini ovutmaq, bir-birinə dayaq durmaq xatirinə bu fikri özlərindən uydurublar. Əgər danışmaqla, bölüşməklə dərd kiçilsəydi, onda adamlar bütün günü bir-birinə dərdini danışardı, başqa işlərini unudub dərd bölüşməklə məşğul olardılar. Lap elə mənim özüm... Dörd divarla, özümlə, sənlə, Allahımla etdiyim söhbətlər qalaq-qalaq kitabların mövzusudur. Sən də dinləyirsən, Allahım da dinləyir, bəzən dostlar, doğmalar da... Amma... Azalmaqdan daha çox boy artımı durur gözümün önündə. Görürəm, baxıram, sığallayıram dərdimin saçlarını, oxşayıram onu, əzizləyirəm. Hətta pıçıldayıram ki, «Dərdi dərd çəkənə verir Allah». Sonra da qəribə də olsa ağlıma şeir gəlir. Hansı ki, indiki anda onun yükü təkcə çiyinlərimdən deyil, həm də ömrümdən bir ağırlıq kimi gəlib keçir. Çünki o şeirdə mən səninlə bölüşmüşəm, həyatımı da, dərdimi də:
 

Susuram ölü dəniz tək,

Solub, ağarmış bəniz tək...

Sağ əlini üzünə çək –

Bəlkə, duandan oyanım...

 

Bu sükut gözəl, həm də tər,

Xatirələr səpilmiş zər...

Saçlarını üstümə sər –

Sən sübh duranda, oyanım...

 

Qoyma məni qəm təkləsin,

Demiyə şum tək ləkləsin...

Seçib ruhumun nəğməsin –

Oxu, Quranda oyanım.

 

Sözə söykəkdi qələm də,

Xoşdu yazdığım ələm də...

Adım dilinə gələndə –

Qəlbin, vuranda oyanım.

 

***

Bütün yazı boyu duyğuları çözməyə, daha doğrusu, duyğularımı sapa düzməyə çalışdım. Özü də məqsədli şəkildə. Çünki yaşadıqlarım, daha doğrusu, Allahın və sənin mənə yaşatdığını onsuz da özünüz bilirsiniz və mən də qəsdən sizin bildiyinizi yaddaşınıza mesaj kimi təkrar etdim. İstədim ki, bu yaşamı birlikdə təkrar edək. Və həmin təkrar da bizə məhz həmin günü yeni həyat səhifəsi kimi başlamaq gücü versin. Bilmirəm, bu istəyimi ifadə edə bilmişəm, ya yox. Amma bütün hallarda dilək diləmək hər kəsin haqqıdır. Və deməli mənim də içimdən gələn bu dilək heç vaxt yaddaşımdan,  həyatımdan, taleyimdən silinməyəcək, həmin o günün yenidən başlanması olacaqdır.  Axı, mən ancaq O! – deyərək əlimi açıram göy üzünə. Ardınca da pıçıldayıram. Bax, bu yazdığım misraları:

 

Hər gün dizi üstə dua edəcəm,

Hər gün, əl açacam onun önündə...

Onun dərgahına qalxıb yetəcəm,

Axır ki, ömrümün bəlli günündə!

 

Ovcumda gizlədib gözümün yaşın,

Səbəbin soracam çək! – dediyinin

Qaldıra bilmirəm ta yerdən daşın –

Mənə Allahımın tək, dediyinin...

 

Sərəcəm ortaya qabar ürəyi,

Ad bitən dilimə bax, söyləyəcəm...

Sən etdin sevgini ruhun çörəyi –

Bax, indi gör sənə, mən neyləyəcəm!..

 

Bütün duyğular bir not üstündədi, bütün simlər eyni havaya köklənib. Deməli, bütün yazı boyu yaşadığım an Allaha və sənə aiddi. Və mən də Allaha və sənə aid olanın qarşısında ümidlə dayanıb gözləyirəm. Bu da mənim haqqımdı...

 

TƏQVİM / ARXİV