Doğma torpaqda yeni həyat: Xocalı sakini Mürvət Məmmədovun qayıdış hekayəsi
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam edir. İllərdir doğma yurdunun həsrəti ilə yaşayan soydaşlarımızın öz evlərinə qayıtması mərhələli şəkildə həyata keçirilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, azad edilən bölgələrdə daimi məskunlaşan, işləyən və təhsil alan şəxslərin ümumi sayı 90 300 nəfərdən çoxdur. Bərpa və quruculuq işləri sürətlə davam etdirilir.
Onlardan biri də Xocalı sakini Mürvət Məmmədovun ailəsidir. Mürvət Məmmədovun ailəsi 32 ildən sonra doğma yurdlarına, Xocalıya qayıdıblar. Onu çoxları yaxşı tanıyır, Xocalı faciəsi zamanı 14 yaşlı Mürvət ailəsi ilə birlikdə əsir düşüb və 6 gün olmazın işgəncələrinə məruz qalıblar. İki qardaşını və atasını ermənilər aparıb erməni qəbirlarının üstündə başlarını kəsiblər. Təəssüf ki, bu gün də onlardan bir xəbər yoxdur. Mürvət artıq 34 ildir ki, Xocalı faciəsində özünün və digər insanların yaşadıqları işgəncələri ölkə və dünya mediasına danışır.
O, bu gün Xocalının Təzəbinə kəndinə qayıtdıqlarını deyib:
“Biz Xocalıya 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olundan sonra gəlmişdik. 1992-ci ilə qədər Xocalıda yaşadıq. Xocalı işğal olunandan sonra biz Qobustan rayonunda məskunlaşdıq. 34 il doğma rayonumuzun həsrəti ilə yaşadıq. 2023-cü ilin sentyabr ayında keçirilən lokal əməliyyat sayəsində Xocalı işğaldan azad olunanda çox sevindik. Bunu Cənab Prezident İlham Əliyev şəxsən özü elan etdi. Anam və bütün ailə üzvlərim sevincimizdən ağladıq. Ondan sonra dövlət qurumlarına müraciət etdik ki, bizim Xocalıya getməyimiz üçün şərait yaratsınlar. 2024-cü ildə bizim bu müraciətimiz nəzərə alındı və anamla birlikdə Xocalıya getdik. Ordan isə 6 gün əsirlikdə işgəncələrə məruz qaldığımız Əsgəran polis idarəsinin təcridxanasını ziyarət etdik. Anam əsir saxlandığımız otağı görəndə infarkt keçirdi. Ondan sonra təcili Bakıya qayıtdıq və anam Mərkəzi Klinikada ürəyindən əməliyyat keçirdi. Burda da bizə dövlətimiz çox dəstək oldu.
Nəhayət 2026-cı ilin may ayında öz istəyimizlə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunduq. Qardaşım Ruslanın ailəsi və anam ayrı, mən isə dörd nəfərlik ailə üzvümlə birlikdə ayrı mənzillə təmin olunduq. Buna görə, ölkə başçımız Cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz öz doğma torpaqlarımıza qayıtdıq”.
Mürvət Xocalıda da işlə təmin olunduğunu bildirib:
“Mən Qobustanda “Azəriqaz” İstehsalat Birliyində çalışırdım. Elə oldu ki, Xocalıya köçəndən sonra burda “Azəriqaz” tərəfindən işlə təmin olundum və rəhbərlikdən çox razıyam”.
Mürvətin anası Narxanım Məmmədovanın 83 yaşı var. O, bu gün doğma Xocalıya qayıtdığı üçün çox sevindiyini bildirib:
“Oğul həmişə deyirdim ki, torpaqlar işğaldan azad edilsin və doğma elimə-obama qayıdım. Həmişə narahat idim ki, birdən ömür vəfa etməz və bu günləri görmərəm. Amma Allaha çox şükür ki, o mənə iki şəhid oğlumun, həyat yoldaşımın ruhu gəzən torpaqlarda yaşamağa ömür verdi. Mən Əsgəran polis idarəsinin təcridxanasını ziyarət edəndə o günləri təzədən yaşadım. Gözlərim həyat yoldaşım Məmmədi, oğlanlarım Söhbət və Möhləti axtardı. Ona görə infarkt keçirdim. Buna ürək necə dözsün?! Bu gün Xocalıda və başqa rayonlarda şəhid olmuş insanlarımızın qalıqları tapılır. Bizdən də nümunələr götürülüb. Ümid edirəm ki, həyat yoldaşımın və oğlanlarımın da qalıqları tapılar, onları dəfn edərəm, ziyarət yerim olar.Şükür Allaha ki, bu gün evimdə-eşiyimdəyəm. Allah Prezidentimizi qorus un, şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin”
Mürvət anasının səhhətindəki problemləri nəzərə alıb onun Xocalı faciəsində yaşadıqlarını danışmağı məsləhət görmür. O, 25-dən 26-na keçən gecə Xocalıdakı faciəni özü bizə nəql edir:
“1992-ci ilin fevral ayında Xocalıda vəziyyət çox pis idi. Atam, qardaşlarım Möhlət və Söhbət özünümüdafiə batalyonlarına qoşulub döyüşürdü. Xocalı artıq blokadada idi, şəhərin hər tərəfindən giriş-çıxışı ermənilə bağlamışdılar. İnsanları şəhərdən çıxarmaq üçün helikopter göndərmişdilər, amma onu da ermənilər vurdular. Atam qardaşlarımla tələsik evə gəlib dedilər ki, çıxmalıyıq, ermənilər artıq şəhərdədir. Camaat artıq meşə yoluyla şəhəri tərk edirdilər, amma biz gecikmişdik, qaça bilmədik. Ona görə də ağır yaralanan qonuşumuz Vidadi dayını götürüb bir evə sığındıq. Qəfildən ermənilər biz olduğumuz evə əl qumbarası atdılar. Partlayışdan sonra hamımız yaralandıq və ermənilər bizi girov götürdülər. Əvvəl bizim hamımızı yandırmaq istəyirdilər. Həmin vaxt 3 yaşlı qardaşım Ruslan əllərini qaldırıb ağlayaraq yalvardı ki, əmi, qurban olum bizi öldürməyin”.
O, deyib ki, həmin vaxt anası Nurxanım Məmmədova, qardaşları və Müvət özü ayağından yaralanıb:
“Bizi bir rus zabiti xilas etdi. Amma o da evdə olan bütün qızıl-zinət əşyalarını yığıb apardı. Həmin gecə atamı, qardaşlarım Möhlət və Söhbəti isə ermənilər bizdən ayırıb naməlum istiqamətə apardılar. Biz sığındığımız evdən çölə çıxanda qonşumuz Sara xalanın və azyaşlı övladının meyitini də götürüb küçəyə tulladılar. Bunu görən Vidadi dayı özünü saxlaya bilmədi və ermənilərə atəş açdı. Aləm bir-birinə dəydi. Sonra isə bizi döyə-döyə təcili tibbi yardım maşınına mindirib Əsgəranda polis idarəsinin təcridxanasına apardılar”.
Mürvət Əsgərandakı təcridaxanada əsirlərə olmasın işgəncələrin verildiyini bildirib:
“Əsirlərə o qədər işgəncə vermişdilər ki, hərə bir tərəfdə zarıyırdı, salamat adam yox idi. Həmin gün həm də balaca qardaşım 11 yaşlı Əhmədin ad günü idi. Ermənilər silahı ona uzadıb soruşdular ki, bununla bizə atəş açarsan? Qardaşım da uşaq idi, nə anlayırdı ki, onlar nə demək istəyir. Ruslan dedi ki, bəli, ataram. Biz söz elə uşağın ağzında qaldı. Bütün əsirlərin gözünün önündə avtomatla uşağın ovucunun içindən atəş açdılar. Gülərək dedilər ki, bu da bizdən sənə ömürlük hədiyyə olsun. Hələ bu azmış kimi yaralı əlinin üstünə qaynar çayın dəmini tökdülər. Uşağın naləsi göylərə qalxdı. Amma çarəsiz idik, heç nə edə bilməzdik”.
M.Məmmədov bir həftə erməni əsirliyində ağır işgəncələrə məruz qaldıqdan sonra xilas edildiklərini deyib:
“Bizi Ağdamla Əsgəranın arasında bir əraziyə gətirdilər və hansı ki, orda əsirləri dəyişirdilər. Milli Qəhrəman Allahverdi Bağırov bir muzdlu qaradərilinin meyiti ilə bizimlə birlikdə 80 nəfər əsiri xilas etdi. Allah onu rəhmət eləsin. Xocalı faciəsi zamanı Allahverdi Bağırov min nəfərdən çox azərbaycanlının əsirlikdən xilas edilməsində rolu olub. Amma atam və qardaşlarım əsirlikdə qaldılar, uzun illər onların axtarışına çıxsaq da təəssüf ki, heç bir məlumat ala bilmədik. 2007-ci ildə öyrənə bildik ki, sən demə atamın və qardaşlarımın başlarını erməni qəbirlarinin üstündə qurban kimi kəsiblər və sonra elə bizim öz əsirlərimə xəndək qazdıraraq basdırıblar”.
M.Məmmədov Xocalıya qayıtdıqlarına görə, çox sevindiklərini bildirib:
“Uzun illər qaçqınçılıq yaşadıq, əziyyət çəkdik. Bu illər ərzində ermənilər Xocalı faciəsində törətdikləri vəhşilikləri bütün dünyada təbliğ etdik. Mehriban xanım Əliyevaya, Leyla xanım Əliyevaya “Xocalıya ədalət!” kampaniyalarına görə təşəkkür edirəm. Bu illər ərzində Xocalı faciəsinin tanıdılması üçün kifayət qədər işlər görüldü. Ali Baş Komandan İlham Əliyev bizim arzumuzu çin etdi, Allah onu qorusun”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

