adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 17:06
71
DÜNYA
A- A+

Erməni politoloq: Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın fəaliyyəti ilə bağlı Azərbaycanın istintaq orqanlarının da ciddi sualları ola bilər.

Adalet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında erməni politoloq Artur Ağacanov deyib.

O bildirib ki, avqustun 25-də səhər saatlarından Robert Köçəryanın və onun böyük oğlunun evində axtarışlar aparılıb, keçmiş prezident və oğlu saxlanılıb.

Politoloqun sözlərinə görə, sonradan Köçəryanın səhhətinin pisləşməsi və ürəyində yaranmış problemlərlə əlaqədar tibb mərkəzinə aparılması barədə məlumat yayılıb

“Hazırda bunun nə dərəcədə doğru olduğuna dair dəqiq məlumat yoxdur. Yəqin ki, sonradan bu məsələ ilə bağlı daha ətraflı məlumat veriləcək”, – Ağacanov bildirib.

Politoloq vurğulayıb ki, Köçəryanla yanaşı, daha altı nəfərin saxlanılması barədə məlumat var və istintaq çərçivəsində 2001–2019-cu illərdə Köçəryan və onun oğlunun adına həyata keçirildiyi bildirilən iri həcmli pul köçürmələri də araşdırılır.

“İstintaq 144 milyard dram həcmində pul köçürmələrinin hansı şəraitdə həyata keçirildiyini araşdırır. Eyni zamanda, iş üzrə fiqurantların və onların ailə üzvlərinin Ermənistan və xaricdə 30-dan çox əmlak obyekti əldə etməsinin halları araşdırılır. Söhbət iri müəssisələrdən, idman komplekslərindən və torpaq sahələrindən gedir. Bu əmlakların satılmasının və ya başqa şəxslərə ötürülməsinin qarşısının alınması məqsədilə onların üzərinə həbs qoyulması mümkündür”, – o qeyd edib.

Ağacanov xatırladıb ki, bundan bir gün əvvəl Ermənistan parlamentində Robert Köçəryanın oğlu Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında sərt sözlü mübahisə yaşanıb.

“Paşinyan Köçəryanın hakimiyyətdə olduğu 10 il ərzində necə milyonçu olması ilə bağlı sual qaldırdı. Daha sonra Baş nazir bildirdi ki, qanunsuz yolla əldə edilmiş əmlak geri qaytarılmalıdır və bu məsələ həm Köçəryan, həm də Sarkisyan çevrəsini əhatə etməlidir”, – politoloq deyib.

Artur Ağacanov hesab edir ki, Robert Köçəryan və onun ətrafı ilə bağlı araşdırmalar obyektiv aparılmalı və ittihamların hüquqi əsasları istintaq yolu ilə müəyyənləşdirilməlidir.

“Təqsirsizlik prezumpsiyası var və bunu unutmaq olmaz. Ona görə də əvvəlcədən hökm vermək düzgün deyil. Lakin irəli sürülən iddialar sübuta yetirilərsə və kifayət qədər sübut bazası formalaşarsa, Köçəryan onun hakimiyyəti dövründə törədildiyi iddia olunan iqtisadi cinayətlərə görə cavab verməli olacaq. Hesab edirəm ki, istintaq onun oğlu və ətrafındakı şəxslərlə bağlı da davam etdiriləcək”, – o vurğulayıb.

Politoloq məsələnin Azərbaycan üçün də ayrıca hüquqi və siyasi aspektlərinin olduğunu bildirib. Onun fikrincə, həm Robert Köçəryanın, həm də Serj Sarkisyanın Qarabağ münaqişəsindəki fəaliyyəti nəzərə alınmaqla, Azərbaycanın hüquq-mühafizə orqanlarının keçmiş prezidentlərlə bağlı suallarının olması mümkündür.

“Azərbaycanın istintaq orqanlarının da bu iki keçmiş prezidentə sualları ola bilər. Sovet İttifaqının dağıldığı və müstəqilliyin əldə edildiyi dövrdə onların Azərbaycan ərazisindəki fəaliyyəti ayrıca qiymətləndirilməlidir. Həm Köçəryan, həm Sarkisyan, həm də onların ətrafında olan şəxslərin fəaliyyəti Azərbaycana böyük siyasi və iqtisadi zərər vurub”, – Ağacanov bildirib.

Onun fikrincə, Robert Köçəryan və Serj Sarkisyanın siyasəti uzun illər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan əsas amillərdən biri olub.

“Onlar separatçı proseslərdə fəal iştirak ediblər. Azərbaycanla dialoq aparmaq, ərazilərin sülh yolu ilə qaytarılması barədə razılığa gəlmək və yeni müharibənin qarşısını almaq mümkün idi. Mən dəfələrlə demişəm ki, Köçəryan və Sarkisyan Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmalı və məsələni sülh yolu ilə həll etməli idilər. Lakin onlar bunu etmədilər. İllərlə davam edən qarşıdurma əvəzinə Azərbaycanla razılaşma əldə etmək mümkün idi. Buna görə də düşünürəm ki, Köçəryan və Sarkisyanın fəaliyyəti ilə bağlı yalnız Ermənistanın deyil, Azərbaycanın da ciddi sualları var”, – Ağacanov əlavə edib.

Politoloq Ermənistanda keçmiş hakimiyyət nümayəndələri ilə bağlı proseslərin ölkədaxili siyasi mübarizəni daha da gərginləşdirəcəyini də istisna etməyib.

“Ermənistan parlamentində vəziyyət gərgin olacaq. Siyasi mübarizə artıq təkcə parlamentdə deyil, dini müstəvidə də müşahidə edilir. Məncə, müxalifət ölkənin maraqları naminə daha məsuliyyətli davranmalı, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları nəzərə almalıdır”, – Ağacanov əlavə edib.

Onun fikrincə, Ermənistan üçün hazırkı mərhələdə əsas strateji məsələ qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasıdır.

“Ermənistanın Avropa İttifaqına, yaxud Avrasiya İqtisadi İttifaqına münasibətinin necə olacağından daha vacib məsələ ən yaxın qonşularla normal münasibətlərin qurulmasıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması regionun ehtiyac duyduğu kursdur. Ermənistan əvvəlki hakimiyyətlər dövründə buraxılmış səhvlərin nəticələrini aradan qaldırmalıdır”, – Artur Ağacanov fikrini yekunlaşdırıb.