adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət Mədətoğlu: "Harda ayrılıq yoxdur?"

ƏBÜLFƏT MƏDƏTOĞLU
53145 | 2021-05-26 18:19

Şair Kəmaləddin Qədimin yeni kitabı

 

Oxucuların imzasını yaxşı tanıdığım, şeirlərini sevə-sevə oxuduğum və bugünkü ədəbi camiyədə özünəməxsus yeri olan qələm dostum, Şair Kəmaləddin Qədim oxucularının görüşünə gəlib. Özü də sual dolu bir kitabla. Kitabı vərəqlədikcə mənə elə gəldi ki, Kəmaləddin yenə mənimlə özünəməxsus şəkildə söhbət edir. Bir az şirin, bir az təbəssümlü, bir az da sözün yonulmayan tərəfi ilə danışır mənimlə. Və mən də elə məhz sözün həmin yonulmayan tərəfindən baxanda görürəm ki, şeirlər də Kəmaləddinin özünə oxşayır, özünə bənzəyir. Deməli, bir oxucu olaraq bəxti gətirib: Şeirlərdə müəllifin özünü görürəm.

Neçə illərdir oxuyuram Kəmaləddini, tanıyıram imzasını və hər dəfə oxuyanda da onun ovqat şeirləri mənim də ovqatıma bir çimdik qor atır. Elə bil ki, məni də öz ruhunda kökləyir və həmin o sarı simin üstündə gəzişmələr təbii ki, haldan-hala, məqamdan-məqama çəkib aparsa da, bir gerçəklik olduğu kimi qalır. Bu gerçəklik də Kəmaləddinin şeirdəki ruhu və səmimiyyətidir. Təbii ki, səmimiyyət oxucu üçün daha önəmlidir. Necə ki, bu şeirdə olduğu kimi.

 

Yarı sözdülərsə, yarı qandılar,

Qorxub, çəkindilər toxunmaq üçün.

Mənim şeirlərim darıxandılar,

Yaman tələsirlər oxunmaq üçün...

 

Zənnimcə, oxucu üçün tələsən şeir elə oxucu ilə görüşmək istəyən şairin özü qədər haqlı və inamlıdır. Əgər sözün içində şairin özüdürsə, şairin ruhunda isə ifadə etdiyi səmimi sevgi və digər duyğulardırsa, onu oxucu gözləyir. Bu gözlənti də yenə gəlib sonda şeirə çevrilir. Həmin şeir də yazı variantında ortaya çıxanda oxucu da görür ki, onun qarşısında bir Şair dayanıb. Bax, mənə görə Kəmaləddin də oxucu qarşısında dayanan həmin Şairlərdən biridir.

Qələm dostumun yeni kitabındakı şeirlərinin ruhu demək olar ki, bir-birini tamamlayır. Sanki bu şeirlər bir sapa düzülmüş mirvaridir. Onları dənələdikcə sən şeirdən-şeirə deyil, ovqatdan-ovqata, duyğudan-duyğuya keçib gedirsən. Çünki bu dünyada:

 

Bu meydan sulayan şərdir, bilirsən,

Şərin kəsəcəyi şərti bilirsən.

Kədəri bilirsən, dərdi bilirsən,

Çəkirəm, qurğuşun deyil, əfəndim...

 

Hər birimiz özümüzə, könlümüzə, mövqeyimizə və bütövlükdə çəkə biləcəyimiz səviyyədə, ölçüdə dərdi çəkirik, kədərə çiyin veririk. Bu, o deməkdir ki, Allah dərdi dağa, daşa yox, onu çəkə bilənə, xüsusən ruh adamlarına verir. Bu mənada mən hələ 1992-ci ildə yazmışdım ki:

 

Qayğıdı çəkdiyim, dərddi çəkdiyim,

Bu boyda Bakıda dərddi, çəkdiyim.

Mənim, azadlıqda şərti çəkdiyim –

Cəzanın adını çəkənlər bilər.

 

Bu bəndi Kəmaləddinin şeirləri ilə bağlı fikirlərimi ona görə əlavə etdim ki, dediyim məntiq öz təsdiqi tapsın. Yəni, məlum olsun ki, hər kəsin özü çəkəcəyi boyda dərdi var. Kəmaləddinin də dərdinin çəkisi müəyyən qədər yazdığı şeirlərin ruhuna, ovqatına hopubdur. Ona görə də onun şeirlərində özünü sözlə ovutmaq, fikirlə yola vermək istəkləri açıq-aydın görünür. Məsələn:

 

Az aşın duzumu, lələ, bu dünya,

Çalxanır, bulanır hələ bu dünya.

Yüz ildi, min ildi elə bu dünya,

Kora bir görünür, kara bir gəlir.

 

Özünüz də gördünüz ki, mən qənaətimdə yanılmamışam. Kora bir cür, kara bir cür görünən bu dünyanı xatırlatmaqla Şair özünə təsəlli verir. Deməli, bütün hallarda biz nədənsə, kimdənsə ümidlənib gözləyirik. Elə o gözləmək də bizi həm ayaqda saxlayır, həm də ruhun qulluğunda. Mən dostum, qardaşım Kəmaləddin Qədimin yeni kitabı barəsindəki bu üç-dörd cümləlik təəssüratımı onun öz misraları ilə bitirmək istəyirəm. Şair yazır ki:

 

Bilən varmı Adəmindən,

Həvvasından üzü bəri.

Nədən, nədən gözləyirik 

bizi atıb gedənləri?..

 

Bəli, Kəmaləddin, biz onları gözləyirik ki, bu cür şeirlər oxucu qapısını döysün. Bu cür kitablar ədəbi mühitin ovqatına ovqat qatsın. Mübarək olsun kitabın.

 

TƏQVİM / ARXİV