SON DƏQİQƏ:

Ramiz Qusarçaylı: Yetim Segah...

  51439   |  
Şriftin ölçüsü  

“Bir təsnif də Ramizindi” silsiləsindən

 

 

Bəstənigar

 

Allah, Allah, nə nalədi,

Dağ oynadan şəlalədi,

Bu qəm mənə həvalədi

Altda ürək, üstdə nigar-

Bəstənigar.

 

Bənövşə şehdə naz səsi,

Kəpənək mehdə qız səsi,

Ay nağılı, ulduz səsi

Üzdə mələk, gözdə nigar,-

Bəstənigar.

 

Əs Şuşadan Xan avazı,

Suyu yansın xan Arazın,

Durnatelli xan Eyvazın

Həsrətindən xəstə Nigar

Bəstənigar.

 

Çin çıxmayan Laçın yuxum,

Xarı bülbül qara qoxum,

Görüş yeri varım, yoxum

Yaman durub qəsdə nigar

Bəstənigar.

 

Dərd dəstgahı dəstəyə bax,

Zalım zildə istəyə bax,

Qusarçayda bəstəyə bax

Ahı da Ramizdə nigar,-

Bəstənigar…

 

 

Zəminxarə

 

Bu gül deyil, xəzəlimdi,

Bu son deyil əzəlimdi,

Bu qəm mənim gözəlimdi

Gözəl dünya, qəmin xarə,

Zəminxarə.

 

Şah küləyi, dağ ahəngi,

Daşlar oynar cəngi-cəngi,

Dəşti rənği, Dügah rəngi,

Neyçün qaldı zəmin xarə

Zəminxarə.

 

Donan yaşdı laçın gözdə,

Əriyər də, əriməz də,

Bir yurd ağlar  Əriməzdə

Ağlar üzü həmin xarə

Zəminxarə.

 

Ah, təzə  dərdin boyatı,

Dilimdən qaçar  bayatı,

Qarabağ, Qacar-bayatı,-

Zülüm-zülüm dəmin xarə,

Zəminxarə.

 

Araz, Samur... a Sar çaylı,

Rast dərəli, Hisar çaylı,

O səs sənsən, Qusarçaylı

O çay sənsən, gəmin xarə,

Zəminxarə.

 

 

 

Şəddi Şahnaz

 

Bu naz Şurun  şah nazıdı,

Bir gözəlin ah nazıdı,

Gül nazıdı, şeh nazıdı

Pozma gülüm əhdi naz-naz,

Şəddi Şahnaz

 

Bir az Cabbar, bir az Xandı,

Naləsində eşq virandı,

Ey ruhumun muğam andı,

Ey muğamın cəddi Şahnaz,

Şəddi Şahnaz.

 

Zilxan bulud, şimşək səsim,

Cingənə sim, zirvə pəsim,

Ürək-ürək, əsim-əsim,

Bir ilahi mehdi Şahnaz

Şəddi Şahnaz.

 

Göy dağıla, Yer yeriyə,

Könül, uyma hər pəriyə,

Bax Arazdan Həkəriyə,

Aşdı min-min səddi Şahnaz

Şəddi Şahnaz.

 

Öt dilimdə qərib bəstəm,

Dərd divanəm, qəm şikəstəm,

Qoy oxunsun qəbrim üstə,

Yeddi səsdə yeddi Şahnaz

Şəddi Şahnaz.

 

 

Yetim Segah...

 

Qəm aparır gör haracan,

Qar güləcən, gül qaracan,

Dol Arazdan Qarqaracan

İnlə yetim-yetim, Segah,

Yetim Segah...

 

Zil zabuldu şah pərdəsi,

Mirzəsöyün səccadəsi...

Eşq tufanı, fəryad səsi

Öldür məni gedim, Segah,-

Yetim Segah...

 

Nərəm kükrər hər daşında,

Könlüm oynar bərdaşında,

Yondur məni Pir daşında

Ayağında bitim Segah...

Yetim Segah...

 

Sözüm-sovum Savalanım,

Ətəyində yuvalanım,

Vətən-vətən havalanım,

Qürbət-qürbət  itim Segah...

Yetim Segah...

 

Göy nigaran, Yer xəstədi,

İlahidən can istədi...

Ramiz,- “Kəsmə şikəstədi”,-

Bağrı didim-didim, “Segah...

Yetim Segah...

Yetim Segah...

 

 

Mahur hindi

 

Məni saldı yaman dərdə,

Əriyirəm pərdə-pərdə,

Bu Şuşasız pərdələrdə

Öləcəyəm...

yuxum çindi,

Mahur hindi...

 

“Rast” dəstgahı dərd ayəti,

“Əraq” əzmin “Vilayəti”,

Ruhum,öt  bu qiyaməti

Yer yarılar sussam indi

Mahur hindi...

 

Mizrab zildə dəm əhlidi,

Qərib avaz bəm əhlidi,

Can qürbətdə qəm əhlidi,

Qəmdən qəmə yollar mindi

Mahur hindi...

 

Məcnun könül biyabandı,

Leyli eşqin zülfü qandı,

Cabbar, Seyid, Zülfü, Xandı,

Naləsində daş da dindi

Mahur hindi...

 

Muğam Rəbbin səs rəngidi,

Səs də ruhun ahəngidi,

Ölüm ömrün son cəngidi,-

Bir təsnif də Ramizindi...

Mahur hindi...

Mahur hindi...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK