adalet.az header logo
  • Bakı -°C
14 Dekabr 2025 10:45
97
SİYASƏT
A- A+

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi. Xalqımızın doğru seçimi nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı, dünya miqyasında müstəqil siyasət yürüdən dövlət kimi tanındı və beynəlxalq aləmdə layiqli mövqe qazandı. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidməti məhz dövlətçiliyimizi xilas etməsi idi. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı. Ölkəmizdə özbaşınalıq hökm sürürdü. AXC-Müsavat iqtidarı isə talanla məşğul idi. Azərbaycanın əzəli torpaqları işğal altına düşmüşdü. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində ümumxalq etimadını qazanaraq respublikaya rəhbərliyə başlayan dahi şəxsiyyət Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə arxalanaraq xalqın itirilən inamını özünə qaytardı.
Heydər Əliyev kimi dahilər öz əməlləri ilə mənsub olduqları xalqın, dövlətin tarixini yaradır, onun inkişaf salnaməsinin müəllifinə çevrilirlər. Tarixə nəzər saldıqda görürük ki, dövlətimizin çətin vaxtlarında Heydər Əliyev bir lider kimi bütün vəzifələri layiqincə, qətiyyətlə yerinə yetirib, Azərbaycanı tənəzzüldən inkişafa, sabitliyə aparıb. Sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib. Ulu Öndərin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövrü Azərbaycan tarixinə milli dirçəliş və intibah dövrü kimi yazılıb. 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda sağlam vətəndaş cəmiyyəti yaradıldi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının reallaşmasıdır. Məhz bu ideyalar nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirilib.
Azərbaycanın bu illər ərzində əsas hədəfi torpaqlarımızı işğaldan azad etmək idi.  Beş il əvvəl Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Bu qələbəyə aparan yolun əsasını illər öncə ulu öndər müəyyən etmişdi. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Ulu öndərin müəyyən etdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadi sferada sürətli yüksəliş yoluna qədəm qoydu, beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Azərbaycanın yüksəlişi isə nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasını uğurla təmin etdi. Bu, həm də Ulu Öndərin vaxtı ilə əsasını qoyduğu Ordu quruculuğu siyasətinin nəticəsi idi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Prezident İlham Əliyev isə Azərbaycanı sürətli inkişaf yoluna, dünyanın ən güclüləri sırasına çıxarıb. Bugünkü azad, suveren, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümumilli lider hər zaman deyirdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Həmin etibarlı əllər bugünkü inkişaf edən, Azərbaycanı qalib gücə çevirib.
Azərbaycan xalqı anım günündə Ulu Öndərin əziz xatirəsini dərin ehtiram hissi ilə yad edir. Ulu Öndərin ruhu şaddır, çünki məhz onun arzuladığı kimi, Azərbaycanın bu günü və gələcəyi etibarlı əllərdədir.