adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 13:54
121
MƏDƏNİYYƏT
A- A+

“İnsan Ruhunun Boş Lövhədən Kamilliyə Doğru Səyahəti”

Fərabinin babasının adı Uzluk, atasının adı isə Tarxan olmuşdur. O, türklərin məskunlaşdığı bölgədə dünyaya gəlmişdir. Mənbələrdə ondan “əl-Fəyləsuf ət-Türki” kimi bəhs edilir. Mavəraünnəhr bölgəsində, Fərab vilayətinin Vesic kəndində H. 257 / M. 870-ci ildə doğulmuşdur. Bir müddət Mərv şəhərində təhsil almışdır. Daha sonra Bağdad, Harran və Şam şəhərlərində olmuş, fəlsəfi biliklərini Bağdadda inkişaf etdirmiş, burada Əbu Bişr Mətta b. Yunusdan dərs almışdır. Daha sonra Harranda Yuhanna b. Haylandan məntiq dərsi almışdır. Daha sonra Hələb və Şam bölgələrinin hökmdarı Seyf əd-Dövlənin dəvəti ilə Şama köçmüşdür. O, bir çox dildə danışmağı bacarırdı. Son dərəcə zəka sahibi və çalışqan bir insan idi. Fəlsəfə, məntiq, psixologiya, musiqi, riyaziyyat və tibb sahələrində böyük alim kimi tanınmışdır. H. 339 / M. 950-ci ildə səksən yaşında Şamda vəfat etmişdir. Onun ölümü Seyf əd-Dövləni çox kədərləndirmişdir.

Fərabi ardında çoxsaylı əsərlər qoyub getmişdir. Onun əsərləri arasında bunları qeyd edə bilərik: Məqalə fi Əğrad Mə Baʿdə’t-Təbiə, Kitab Ara Əhl al-Mədinət al-Fazilə, Kitab əs-Siyasət al-Mədəni, Kitab al-Musiqi al-Kəbir, İhsa al-Ulum, Təhqiq Gərad Aristotelis fi Kitab Ma Baʿdə’t-Təbiə, Uyûn al-Məsail, Kitab Təhsil əs-Səadə.

Fərabinin idarəçiliklə bağlı fikirləri diqqət çəkicidir. O, ümumi şəkildə cəmiyyəti iki yerə ayırmışdır, 1- Kamil cəmiyyət, 2- Əksik cəmiyyət. Kamilləşmiş cəmiyyət öz daxilində böyük, orta və kiçik olmaqla üç hissəyə bölünür. Əksik cəmiyyət isə kənd, məhəllə, küçə və ev olmaqla dörd qismə ayrılır. İnsanların xoşbəxt ola bilməsi üçün mütləq bir idarəetmə altında yaşamasının zəruriliyini vurğulayır. Çünki insan sosyal varlıqdır, yardımlaşmaya və həmrəyliyə ehtiyac duyur. Cəmiyyət müəyyən prinsiplərə və qanunlara malik olmadıqda qarışıqlıq yaranar, nizam pozular. Bu qarışıqlığı aradan qaldırmaq üçün hər kəsin riayət edəcəyi qanunlar vacibdir. Cəmiyyətin xoşbəxtliyi üçün düşünmək, prinsiplər müəyyənləşdirmək və varlığın hikmətini araşdırmaq gərəkdir. İnsan həyatında dinin mühüm yeri vardır, din insanı fəzilətli və xeyirli əməllərə yönəldir. Bu isə yalnız yardımlaşma və başqalarının ehtiyaclarını ödəməklə mümkündür.

Bir ölkəni hər kəs idarə edə bilməz, rəhbərliyə layiq olan şəxsin fitrətən istedadlı olması şərtdir. Bundan əlavə, təcrübə, dərin baxış və iradə baxımından da hazırlıqlı olmalıdır. Belə bir hazırlığa sahib olan insan nəfsi və ağılı ilə doğru əlaqə qurar. Bu əlaqə də müstəfəd ağıl vasitəsilə mümkün olmaqdadır. “Müstəfəd ağıl”, varlığa aid formaların maddi xüsusiyyətlərdən tamamilə ayrılaraq saf bilik halında tam şəkildə formalaşmış durumdur. Bu ağıl, insan varlığının çata biləcəyi varoluş mərtəbələrinin ən son və ən yüksək pilləsini təşkil edir.

Hər hansı bir ərazinin rəhbəri olan şəxs bilgiləri fəal olan ağıl vasitəsilə alır. Bu xəbərlər bir növ vəhyə bənzəyir. Bu bilgiləri həm yuxuda, həm də oyaq halda almaq mümkündür. Fəal ağıl sadəcə vasitəçi bir qüvvədir, çünki bu Allahdan gələn bir qabiliyyətdir. Deməli, Uca Allah bilgiləri fəal ağıl vasitəsilə rəhbər insana “vəhy edir”. Fəal ağıl Allahdan aldıqlarını müstəfəd ağıl yolu ilə münfail ağla ötürür. Münfail ağıl üzərinə yazı yazılmamış bir lövhə kimidir. Bu bilgilər rəhbər insanın müxəyyiləsinə keçir. Bu mərhələyə çatan şəxs öndər, filosof və ya fəzilətli bir insan olur. Əgər bu bilgilər insanın təsəvvür (mütəhayyilə) qabiliyyətinə axarsa, həmin şəxs peyğəmbər olur, möcüzə sahibi olar və gələcəkdən xəbər verər. Bu mərtəbəyə yüksələn insan xoşbəxtliyin və insani dərəcələrin ən yüksək zirvəsinə çatmış hesab edilir.

Beləliklə, Fərabi peyğəmbər, filosof və dövləti idarə edən rəhbər arasında fəlsəfi bir əlaqə qurmağa çalışmışdır. Əslində o, Təhsilü’s-Səadə adlı əsərində filosof, başçı, hökmdar, qanun qoyucu və rəhbərin mahiyyət etibarilə eyni məna daşıdığını irəli sürmüşdür.

Fərabi, bir rəhbərdə (öndərdə) olması zəruri olan xüsusiyyətlər barədə diqqətçəkən fikirlər irəli sürür. Bu xüsusiyyətlərin bir qismi fitrətən (yaradılışdan), bir qismi isə sonradan qazanılır. Rəhbərin fitrətən malik olması gərəkli özəllikləri beş qrupa ayırmışdır. Bunlar cismani, əqli, bəlağətli, elmi və əxlaqi özəlliklərdir. Rəhbərin sonradan qazanacağı xüsusiyyətlər gəlincə ilk öncə rəhbərin ruhi vəziyyəti kamil olmalı və fəal ağıl ilə əlaqə qurmağı bacarmalıdır. Rəhbər özündən əvvəlki şəxslərin qoyduğu qanun və üsulları bilməlidir. Sələflərinin təcrübə və qanunlarından yeni hökmlər çıxarmaq qabiliyyətinə malik olmalı, müqayisə etməyi bilməlidir. Bunları edərkən ölkənin mənafeyini nəzərə almalı, düzgün, isabetli qərarlar verməlidir.
Fərabi peyğəmbər, filosof və siyasi rəhbəri çox zaman eyni xüsusiyyətlərə sahib şəxslər kimi görsə də, möcüzə məsələsində peyğəmbərin xüsusi və seçkin qabiliyyətlərini hər zaman qəbul etmişdir. O, heç bir vaxt Peyğəmbərin haqq elçisi olduğunu inkar etməmişdir. Fərabi peyğəmbərlik fəlsəfəsini izah edərkən Qurana əsaslanmış, bununla yanaşı Əflatunun “Dövlət” (Cümhuriyyət) əsərindən də faydalanmış və dinlə fəlsəfəni uzlaşdırmağa çalışmışdır. 

Onun anlayışına görə peyğəmbər yüksək xoşbəxtlik mərtəbəsinə çatan rəhbərdir. Filosof isə ağıl və elmi araşdırma yolu ilə bu mərtəbəyə yüksələn və düşünən, ağlından istifadə edən, həqiqi xoşbəxtliyi axtaran insandır.

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar