adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 May 2021 11:18
117805
MÜSAHİBƏ
A- A+

" Görünür, meydana gəlməyin vaxtıdır..."- MÜSAHİBƏ

Gənc şair Sevinc Məmməd Adalet.az saytına müsahibə verib.

- Sevinc xanım, imzanız ədəbi mühitdə tanınmır. Mətbuata verdiyiniz ilk müsahibədir. Sizi bu gündən belə niyə tanımalıyıq, niyə oxumalıyıq? Siz özünüzü necə tanıdardınız?

- Ədəbi mühitdən uzaq bir həyatım var, heç vaxt da marağım olmayıb. Yanlız qıraqdan izləyirəm, sosial şəbəkələrdən də nadir hallarda istifadə edirəm. Özümə qapanıq, assosial bir həyatım var. Oxuyuram, yazıram, yemək yeyirəm, gəzirəm, yenə oxuyuram, yenə eyni şeylər. Mənim monoton həyatım bundan ibarətdir. Ömrüm beləcə vərəq-vərəq, misra-misra var-gəl etməklə keçir. Özümü tanıtmaq isə istəməzdim. Belə bir istəyim olsa, onsuz da indiyə qədər tanınardım. Bu ölkədə və bu adamlar arasında tanınmağa nə var ki?!

- Onda belə çıxır ki, özünüz üçün yazırsınız ancaq?


- Xeyir, belə çıxmır, özünüzdən söz çıxartmayın.

- Axı, sizi heç kim tanımır, şeirləriniz yayımlanmayıb, heç kim oxumayıb...

- Siz müsahibə götürürsünüz də, elə burda da yayımlayın, tanısınlar.

- Hansı şeirinizi verə bilərəm məsələn?

- "Təkliyin simfoniyası"

Üzümü tutmuşam göylərə sarı
Quşlara baxıram, quşlar da təkdi
Buluda baxıram, bulud da təkdi
Günəş də təkdi göyün üzündə,
Ay da təkdi o göy üzündə

Allaha məxsusdur deyirlər təklik..

Bircə yağış tək deyil amma
Bərabər paylanmasa da,
Bərabər islanmaq olur...

Eybi yox,
Günəş də tək ola bilər
Ay da tək çıxar göyün üzündə
Bəlkə də islanmarıq yağış yağanda
Quşlar da təkliyə son verər tamam
Bəs Allah, o niyə təkdi?
Bizdən apardığı adamlar hanı?!

Atası yox, anası yox
Oğlu da, qızı da yoxdu.
- İsa?!
O da çarmıxda təkdi!

- Başqa hansı?

-Başqası qalsın başqa vaxta. Elə tək şeirlə də tanımaq olar. Həm də, yaradıcılıq gecəm deyil ki. Hələ məni insan kimi tanısınlar, sonra şair kimi tanıyarlar.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri izləyirsiniz, bəyənirsinizmi?

- Sosial şəbəkələrdə elə də çox yox, amma kitablarını alıb oxuyuram, açığı, əlim üzümdə qalır. Bu qədər mənasız şair-yazarlar nəyə lazımdır axı? Bəyəndiklərim çox azdı, həm də məni təəccübləndirmək çətin məsələdir. Bəyəndiklərimin adını da reklam olmasın deyə çəkmirəm indi. Çünki burda hələ məni tanımağa çalışırıq, Zaurun verilişi deyiləm ki, araya reklam kimi kimlərisə qatım.

- Bir şeir kitabınız var..

- Bir deyil, ikidir. Mən kitabları satış məqsədli çıxartmamışam deyə, tiraj da azdır. Daha çox şeirlərin itib batmamağı üçündür hələki. Amma görünür, meydana gəlməyin vaxtıdır. Kitabımın birinin adı "Şeirlandiya", birinin də " Təkliyin simfoniyasıdır"

..... Olar mən özümə sual verim?

- Necə yəni?

- Yəni, növbəti sualı mən verim, cavab verim həm də. Müsahibənin formatını dəyişək bir az.Adi müsahibələri oxuyanda çox sıxılıram. Heç olmasa, öz müsahibəmdə rahat olum...

- Aha, buyurun.

"- Sevinc, niyə müsahibə verirsən ki?

- Bilmirəm. Jurnalist israr etdi, o da şeir yazıb deyə vaxtı ilə razı oldum. Ömründə bir misra da yazmış adama ən azı bir bənd hörmətim var.

- Aha buyurun, davam edək. Bəsdi. Elə bunu demək istəyirdim. 

- Qəribədir, qəribəsiniz...

- Yox, əslində. Qəribə olan siz və sizlərsiniz ki, ən adi fərqliliyi qəribəlik hesab edirsiniz.

- Sevinc xanım, şablon bir sual verim. Ədəbiyyat, şeir sizin üçün nədir?

- Mən ədəbiyyat müəllimiyəm. İlk növbədə mənim üçün işdir. Ondan əvvəlki növbədə isə ədəbiyyat bir həyat tərzidir. Lap ondan əvvəlki növbədə isə bu suala cavab vermək mümkün deyil. Yəni, konkret olaraq desən ki, ədəbiyyat, şeir budur, deməli, saxtakarsan, özündən uydurursan. Kim bilə bilər ki, şeir nədir? Əgər şeirin nə olduğunu tərifini bilirsənsə, onu niyə yazırsan? Burda ancaq özünəxas nələrsə deyə bilərsən. Ədəbiyyat da, şeir də mən özüməm və.s kimi. Sıradan, şablon cavablar. Elə şablon suala da şablon cavablar verərlər.

- Təkcə şeirmi yazırsınız?

- Yox, hekayələr də yazıram. Yaxın zamanlarda çap edəcəyim və səs salacağını düşündüyüm romanım da var. Əlavə olaraq nağıllar yazıram. Həm böyüklər üçün, həm də uşaqlar üçün. Yavaş-yavaş hamısı üzə çıxacaq. Əslində, səs salacaq roman olduğunu desəm də, səs salmağın həqiqətən istəmirəm. Ümumiyyətlə, şair olaraq da, yazıçı olaraq da kütləviləşmək fikrim, istəyim yoxdur. Düşünürəm ki, belə olsa, çox sıxılaram, tükənərəm, nə bilim, birdən Allah eləməsin, yaza bilmərəm. Necə olacaq onda axırım? Mən yaza bilməsəm, ölmək nədi, gəbərərəm.

- Bizə son olaraq özünüzü ifadə edəcək nələrsə deyin?

- Özümü ifadə eləmək üçün deyə biləcəyim şeylər sizin də, başqalarının da nəbzini durdura bilər. İçimi bura töksəm, bərabər toplaya biləcəyim heç kim yoxdur. Amma ruh halımı ifadə edə biləcək bir cümlə deyə bilərəm;

- Bir gün baş qaldıracaq külqabımdakı boynu bükük siqaretlər,
Bir gün adamlar da geri qayıdacaq boynu bükük..

- Müsahibə üçün təşəkkür edirik.

- Elə mən də. Buyurun.

Söhbətləşdi; Orxan Saffari